Məhkəmə qərarları › İş №2(103)-3423/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3423/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3423/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı2 vəkili X5, digər iddiaçı “X4” ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və “X4” ASC-nin cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh1 ASC-yə (X6 Palatası, Milli Depozit Mərkəzi üçüncü şəxs, Maraqlı şəxs ASC maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “borcun silinməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və “X4” ASC, Cavabdeh1 ASC-nin Yasamal filialı ilə “X2” ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 76 saylı təminatlı kredit müqaviləsi üzrə borcun olmaması barədə bankın ləğvedicisi ƏSF tərəfindən arayışın verilməsi, bank əməliyyat sistemində həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq qeydlərin aparılması öhdəliyinin ləğvedici ƏSF-yə həvalə edilməsi, müqavilə üzrə öhdəliklərin icra edilmiş hesab edilməsi və öhdəliyin olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi, müqavilə üzrə öhdəliklərin xx.xx.2018-ci il tarixindən etibarən tam icra olunması barədə “X2” ASC-nin kredit tarixçəsinə Maraqlı şəxs ASC tərəfindən müvafiq məlumatların daxil edilməsi, həmin müqavilənin təminatı kimi girovqoyan İddiaçı2 ilə xx.xx.2007-ci il tarixli, AA 00001634 saylı qiymətli kağız sertifikatına əsasən ona məxsus “X2” ASC-nin nominal dəyəri 2 manat olan 166.024 ədəd adi adlı səhmlərinin ipotekasına (girovuna) xitam verilməsi və həmin qiymətli kağızların sözügedən kredit öhdəlikləri ilə bağlı öhdəliklərdən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən qiymətli kağız sahiblərinin reyestrində müvafiq qeydlərin aparılması və həmin səhmlərin ləğvedici ƏSF tərəfindən iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh1 ASC-nin Yasamal filialı ilə “X2” ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 76 saylı təminatlı kredit müqaviləsi üzrə “X2” ASC-nin öhdəliklərinin icra edilmiş hesab edilməsi, həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə iddiaçılara arayışın verilməsi, bank əməliyyatı sistemində kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq qeydlərin aparılması və müqavilə üzrə öhdəliyin olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi öhdəliyinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-yə həvalə edilməsi, kredit müqaviləsinin təminatı kimi girovqoyan İddiaçı2 ilə xx.xx.2007-ci il tarixli, AA 00001634 saylı qiymətli kağız sertifikatına əsasən ona məxsus olan “X2” ASCnin nominal dəyəri 2 manat olan 166.024 ədəd adi adlı səhmlərinin ipotekasına (girovuna) xitam verilməsi və həmin səhmlərin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF tərəfindən iddiaçılara qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh LPO Cavabdeh1 ASC, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı “X2” ASC xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə banka 1.457.850 manat əsas, 110.307,99 manat faiz olmaqla, cəmi 1.568.178,99 manat borcu qalmışdır. Həmin qətnamənin qəbul olunmasından 6 ildən çox müddətin keçməsinə baxmayaraq, ödənişlər vaxtında icra olunmadığından bank həmin vəsaitlərdən faydalana bilməmiş, müvafiq vəsaitlər bankın büdcəsində kəsrə səbəb olmuş və bu cür hallar onun iflasına rəvac vermiş, ləğv prosesi müddətində isə kreditorların borcunu vaxtında qaytara bilməmiş, bu da banka zərər dəyməsi ilə nəticələnmişdir. Banka olan borcun ödənilməməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi gələcəkdə mənfi məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır. Bu hal məhkəmə qətnamələrinin gələcəkdə vaxtında icra olunmayacağına, onlara dırnağarası baxılacağına, zərərçəkmiş şəxslərin hüquqlarına toxunacağına və onların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Xətai Rayon Məhkəməsi isə, iddiaçının banka hələ də borcunun mövcud olmasını göstərən və digər öhdəlik üzrə borcunun yerinə tam yetirilməməsini göstərən qətnaməyə məhəl qoymamış və qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə qanunvericilikdə ipotekaya xitam verilməsinin əsası kimi göstərilən halların heç birini müəyyən etmədən, ipotekaya xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili və digər iddiaçı “X4” ASC-nin nümayəndəsi və vəkili ayrı-ayrılıqda şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə, Cavabdeh1” ASC-nin “X2” ASC-yə və İddiaçı2 qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və onun açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilərək, “X2” ASC-dən 1.457.850 manat əsas, 110.307,99 manat faiz borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.568.178,99 manat tutularaq, Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş İddiaçı2 məxsus 166.024 ədəd səhmlərə yönəldilməsi, həmin səhmlərin hərracda satılması, bankın kredit tələbinin satılmış səhmlər hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəmkəsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi tutulan məbləğ hissəsində dəyişdirilmiş, 998.848,29 manat əsas, 87.079,59 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi tutulan pul məbləği 1.085.947,88 manat müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin ərizəsi təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli icra sənədinin icra üsulu dəyişdirilmiş, həmin icra sənədi üzrə müəyyən olnmuş cəmi 1.085.948 manat borcun “xxxx” ASC-yə məxsus ünvan 1 ünvanında yüksək mərtəbəli mansardlı yaşayış binasının 3-cü blok, 2-ci mərtəbə, ümumi sahəsi 96,6 kv.m. olan 153 saylı; 3-cü blok, 2-ci mərtəbə, ümumi sahəsi 136,5 kv.m. olan 154 saylı; 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 80,3 kv.m. olan 157 saylı; 3-cü blok, 3cü mərtəbə, ümumi sahəsi 57,6 kv.m. olan 161 saylı; 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 81,5 kv.m. olan 162 saylı; 3-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 57,6 kv.m. olan 167 saylı mənzillərə, habelə, “xxxx” MTK-ya məxsus ünvan 2 ünvanında yüksək mərtəbəli mansardlı yaşayış binasının 3-cü blok, 2-ci mərtəbə, ümumi sahəsi 156,51 kv.m. olan 98 saylı, 4 otaqlı; 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 156,51 kv.m. olan 104 saylı 4 otaqlı; 3-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 140,36 kv.m. olan 109 saylı 3 otaqlı; 3-cü blok, 8-ci mərtəbə, ümumi sahəsi 140,36 kv.m. olan 133 saylı, 3 otaqlı; 3-cü blok 13-cü mərtəbə, ümumi sahəsi 63,93 kv.m. olan 165 saylı, 1 otaqlı mənzillərə yönəldilməsi, həmin mənzillərin sözügedən icra sənədi üzrə borc müqabilində tələbkara təqdim olunmaqla LPO Cavabdeh1 ASC-nin adına sənədləşdirilməsi, sənədləşmədən sonra mənzillər üzərində sərəncam hüququnun Cavabdeh1 ASC-yə (onun ləğvedicisi ƏSF-yə) keçməsi, mənzillər LPO Cavabdeh1 ASC-nin adına sənədləşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə “X2” ASC-nin Cavabdeh1 ASC-yə olan 1.085.948 manat borcunun silinməsi, yəni borcun tam olaraq ödənilmiş hesab olunması qərara alınmışdır. Bundan sonra, LPO “Cavabdeh1" ASC-nin ləğvedicisi ƏSF, icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin sözügedən icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, “xxxx” ASC-nin xx.xx.2007-ci il tarixli, 76 saylı təminatlı kredit müqaviləsi üzrə Cavabdeh1 ASC qarşısında öhdəliyinə (əsas və əlavə) məhz tələbkarın ərizəsi əsasında qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verilmişdir. Odur ki, bu hal tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Cavabdeh LPO Cavabdeh1 ASC isə, apellyasiya şikayətində borcun tam ödənilmədiyini bildirsə də, nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016-cı il tarixli qərarları). Belə olan halda, LPO Cavabdeh1 ASC qarşısında borc öhdəliyinə (eyni zamanda girov öhdəliyinə) icra səbəbilə xitam verilməsinə baxmayaraq, “xxxx” ASC-dən tutumalı olan həmin borcun silinməsindən, bu barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilməsindən və bankın xeyrinə yüklü edilmiş İddiaçı2 məxsus səhmlərin yüklülükdən azad edilərək, geri qaytarılmasından cavabdehin imtinası iddiaçıların hüquqlarını əsassız şəkildə məhdudlaşdıran hüquqdan sui-istifadədir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu, yaxud qorunmağa layiq əsaslı mənafeyi olmadığı halda hüququnu həyata keçirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz. Hazırkı işdə LPO Cavabdeh1 ASC qarşısında öhdəliyinə xitam verilməsinə baxmayaraq, “xxxx” ASC adına hesablanmış borcun silinməsindən və girov predmetini geri qaytarmaqdan imtina etməkdə qorunmağa layiq haqlı mənafeyi yoxdur. Başqa sözlə, cavabdehin bu hərkətsizliyi qanunla qadağan edilməklə yolverilməz sayılır. Məhkəmə, hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.3-cü maddələrinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və ya müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Qeyd olunanları nəzərə alan Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsi, qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Kollegiya bu qənaətə gələrkən onu da vurğulayır ki, şikayətin “xxxx” ASC öhdəliyi vaxtında icra etmədiyindən Bankın həmin vəsaitlərdən faydalana bilməməsi, bunun nəticəsində də banka zərər dəyməsi barədə dəlilləri hazırkı məhkəmə baxışının predmetini təşkil etmir və cavabdehin nəzərinə çatdırılır ki, onun həmin hallarla bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin2(011)-6091/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ləğv prosesində olan Cavabdeh1 ASC-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar