Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3424/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayon nümayəndəliyinin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/36-cı məhəllə ünvanında yerləşən yataqxananın 7-ci mərtəbəsində bir otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alimentin ödənilməməsinə görə mübahisə vardır, iddiaçı 9845 manat məbləğində alimenti ödəməmişdir. Bununla əlaqədar Ədliyyə Nazirliyi İstintaq Baş İdarəsində araşdırma aparılır və cavabdeh zərərçəkmiş şəxsdir. İddiaçının köçürülməsini iddia etdiyi mənzilin sahəsi cəmi 18 kv.metr olmaqla, yalnız 1 oatqdan ibarətdir və yataqxana tipli binada yerləşir. Hazırkı vəziyyətdə iki uşaqla birlikdə cavabdehin ciddi mübahisəli vəziyyətdə olduqları iddiaçı ilə kiçik bir evdə yaşamaları qeyri-mümkündür. İddiaçı bir neçə dəfə, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə cavabdehi döymüş, sağlamlığına xəsarət yetirmişdir. Bu faktla bağlı 29-cu Polis idarəsində araşdırma aparılır. Belə bir vəziyyətdə onların kiçik bir evdə-otaqda birlikdə yaşamaları qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin, bildirmişdir ki, iddiaçı ilə ailə quraraq mübahisəli mənzilə gəlin köçmüşdür. Onlar 2017-ci il tarixdə boşanmış və bundan sonra iddiaçı birlikdə yaşadıqları həmin mənzildən çıxıb getmişdir. Hazırda isə aralarındakı münasibətlər kəskinləşmişdir, buna görə də, onun uşaqları ilə birlikdə cavabdehlə eyni mənzildə yaşaması onların həyat və sağlamlığı üçün təhlükəli olduğundan qeyri-mümkündür. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmasını xahiş edir. İddiaçı isə, şikayətə etiraz edərək, həmçinin, bildirmişdir ki, o və ailəsi 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/36-cı məhəllə ünvanında yerləşən yataqxananda məskunlaşmışlar. Sonra o, həmin yataqxananın 7-ci mərtəbəsində bir otaqlı mənzil satın almışdır. Cavabdeh isə ailəsi ilə birlikdə həmin yataqxanada mübahisəli mənzillə üzbəüzdə olan mənzildə yaşamış, sonradan cavabdehin atası həmin mənzili satmışdır. Onunla evləndikdən sonra isə cavabdeh mübahisəli mənzilə köçmüş və hazıra kimi orada yaşayır. Lakin aralarındakı nikah pozulduqdan sonra, cavabdeh onun mənzildə yaşamasına maneçilik yaratmış, onu həmin mənzilə buraxmamışdır. Buna görə də, yaşamağa başqa yeri olmadığından hazırda mənzildə yaşamaq ehtiyacını qarşılaya bilmir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/36cı məhəllə ünvanında yerləşən yaşayış sahəsi yataqxanadır və həmin yataqxananın 7-ci mərtəbəsində yerləşən bir otaqlı mənzildə İddiaçı məcburi köçkün kimi məskunlaşmışlar. Tərəflər nikaha daxil olduqdan sonra, cavabdeh iddiaçının məcburi köçkün kimi məskunlaşdığı həmin mənzilə gəlin köçərək orada yaşamış və xx.xx.2007-ci tarixdə Nuridə Salahova və xx.xx.2010-cu il təvəllüdlü Fərid Salahov adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pisləşmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra iddiaçı, tərəflər arasında baş vermiş mübahisə nəticəsində məcburi köçkün kimi məskunlaşdığı həmin mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilə köçmək istəsə də, cavabdeh onu həmin mənzilə buraxmır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan və Komitənin Yasamal rayonu üzrə sektoru tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçı və cavabdeh Ağdam rayonundan məcburi köçkün kimi Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən inzibati binanın 7-ci mərtəbəsində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışlar. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı, məcburi köçkün kimi məskunlaşdığı mübahisə predmeti olan mənzilə köüçürülməsini tələb edir. Cavabdeh isə, sözügedən mənzil bir otaqlı olduğuna və iddiaçı ilə münasibətləri olduqca pis olduğuna görə, birlikdə yaşmalarının qeyri-mümkün olduğunu bildirərək, iddiaya etiraz edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, aşağıdakılara əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/36-cı məhəllə ünvanında yerləşən yataqxananın 7-ci mərtəbəsində bir otaqlı mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş həyat yoldaşı onu yaşadığı evdən məhrum edib. Bunlar işin mübahisələndirilməyən hallarıdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəli mənzil üzərində hüquqları olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, o, yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, hər hansı sahədə məskunlaşmış şəxsə qanunsuzluqlar etməyə (həmin sahədə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçının köçürülməsini tələb etdiyi sahənin yataqxana olması da Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq, onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə, yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə deyil, subyektiv amillə, yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq müəyyən olunmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzilin yataqxana olmasına əsaslanmaqla onun bu tələbindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-5538/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3424/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3424/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver