Məhkəmə qərarları › İş №2(103)-3424/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3424/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3424/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-474/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehə aid olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında (abonent kodu: **********00002) təbii qazdan sayğacdankənar istifadə nəticəsində vurulmuş zərər (itirilmiş qazın dəyəri) kimi 1.088,64 manat və qazdan sayğac üzrə istifadəyə görə debitor borc kimi 237,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 181,44 manat, debitor borc kimi 237,80 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Qətnamə debitor borc kimi 237,80 manat və zərərin əvəzi kimi 181,44 manatın tutulmasına aid hissədə mübahisələndirilməyib, zərərin əvəzi kimi 907,2 manat (1.088,64 manat – 181,44 manat = 907,2 manat) tutulması tələbinin rədd olunmasına aid hissədə mübahisələndirilib. Mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, zərərin əvəzi kimi tələb olunan 1.088,64 manat xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsaslanıb. Aktda qeyd olunub ki, evdə təbii qazdan sayğacdankənar istifadə aşkarlandı. Birinci instansiya məhkəməsi müəyyən edib ki, sayğacdankənar istifadə edilən qazın həcmi şişirdilib, əslində 181,44 manat dəyərində qaz istifadə edilib. Birinci instansiya məhkəməsi işin bu halını düzgün müəyyən edib və qətnamədə lazımi qaydada əsaslandırıb. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-474/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar