Məhkəmə qərarları › İş №2(103)-3428/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3428/2022

21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3428/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadından Cavabdeh Şıxəli qızının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şıxəli qızına qarşı iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh Şıxəli qızından İddiaçı xeyrinə 6834,50 (altı min səkkiz yüz otuz dörd manat əlli qəpik) manatın tutulması qət olunmuşdur. 17 yanvar 2022-ci il tarixdə Cavabdeh nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti, eyni zamanda şikayət vermə müddətinin bərpasına dair ərizə ünvanlayaraq göstərmişdir ki, qətnamə 19 saylı hüquq bürosuna göndərilsə də ona bu barədə məlumat verilməmiş, yalnız dekabr ayının sonlarında qətnaməni 19 saylı vəkil bürosundan götürmüşdür. Birinci instansiya məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, şikayət mövzusu olan qərardad ləğv edilərək Cavabdeh qətnamədən şikayət vermə müddətinin bərpasına dair onun nümayəndəsinin ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, qətnamə 25.10.2021-ci il tarixdə tərəflərə göndərilmiş, Cavabdeh Şıxəli qızının ünvanının düzgün olmaması əsası ilə qətnamənin ona çatdırılması mümkün olmasa da, nümayəndəsi (vəkili) tərəfindən 29.10.2021-ci il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmiş, buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Məhkəmə icra işinin materiallarına istinadla həmçinin qeyd etmişdir ki, Cavabdeh Şıxəli qızı 14.12.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı, tələbin könüllü icrası haqqında bildirişi 25.01.2022-ci il tarixdə almış və icra şöbəsində izahat verərək icra sənədindən xəbərdar olduğunu, qərarla razı olmadığını və icra sənədi üzrə ödəniş etməyəcəyini bildirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizədə irəli sürülən halları hərtərəfli araşdırmamış, Cavabdeh nümayəndəsinin (vəkilinin) qətnaməni 29.10.2021-ci il tarixdə almış olması nəticəsinə gəlməklə səhvə yol vermişdir – çünkü iş materiallarındakı müvafiq poçt xəbərnaməsindən görünür ki, Cavabdeh nümayəndəsinin (vəkilinin) fəaliyyət göstərdiyi 19 saylı Vəkil Bürosuna göndərilən korrespondensiyanı “Kərimova” soyadlı şəxs qəbul etmiş və ərizəçinin irəli sürdüyü hala görə qətnaməni ona 21.12.2021-ci il tarixdə çatdırmışdır. Göründüyü kimi, qətnamənin Cavabdeh nümayəndəsinə (vəkilinə) məhz 29.10.2021-ci il tarixdə çatdırılmış olduğu nəticəsinə əminliklə gəlmək mümkün deyildir və bu qeyri-müəyyənliyin Cavabdeh ziyanına şərh olunması onun məhkəmə müdafiəsi hüququna xələl gətirə bilər. Buna görə də kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə ərizəçinin irəli sürdüyü halı araşdıraraq ərizəyə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin ediləsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Cavabdeh nümayəndəsinin (vəkilinin) qətnamədən apellyasiya şikayəti verməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar