Məhkəmə qərarları › İş №2(103)-3429/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3429/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3429/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı “xxxx” İKB ASC-nin (İddiaçı ASC) nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 2001/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı “xxxx” ASC (“xxxx” İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015 il tarixli kredit müqaviləsi üzrə banka 5596,37 manat əsas borc, 3178,66 manat faiz borcu, cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazlə hesablanmış 369,2 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 9144,23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2001/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5596,37 manat əsas borc, 3178,66 manat faiz borcu, 369,2 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9144,23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı “xxxx” ASC (“xxxx” İKB ASC) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, Bakı şəhəri Nizami Rayon Məhkəməsi MM-in müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə AR MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” İKB ASC-nin (İddiaçı ASC) nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, borcverən “xxxx” İKB ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 19-M-6- 0-408-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsindən və ona əlavələrdən görünür ki, təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Zamin Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 19-M-6-0-408-15 saylı, xx.xx.2015-ci il tarixli kredit və 19-M-6-0- 408-15 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinə əlavə barədə xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin 1.6-cı bəndində göstərilmiş “24 ay” sözləri “42 ay 0 gün” sözləri ilə ilə əvəz edilmiş və kreditin müddəti “42 ay 0 gün” hesab edilmişdir, müqavilənin 1.8-ci bəndində göstərilmiş “xx.xx.2017” sözləri “xx.xx.2019” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2019” hesab edilmişdir, zaminlik müqaviləsinin 1.3.3-cü bəndində göstərilmiş “24 ay” sözləri “42 ay 0 gün” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “42 ay 0 gün” hesab edilmişdir, zaminlik müqaviləsinin 1.3.8-ci bəndində göstərilmiş “xx.xx.2017” sözləri “xx.xx.2019” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2019” hesab edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zamin tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı zaminə qarşı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, zaminliyin müddəti keçdiyinə görə zaminliyə xitam verilmiş, zamin öhdəliyinin icra edilməməsinə görə məsuliyyət daşımır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan bank hesabı, kredit və zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: 1) təqvim tarixi ilə müəyyənləşdirmə; 2) illər, aylar, həftələr, günlər və ya saatlar ilə müəyyənləşdirmə; 3) hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirmə. Baxılan iş üzrə zaminlik müqaviləsində 1-ci və 2-ci formadan istifadə olunmayıb, bu mübahisəsizdir. Əgər bank hesab edirsə ki, müddət 3-cü formadan istifadə edilməklə, yəni hökmən baş verməli olan hadisə göstərilməklə müəyyənləşdirilib, hökmən baş verməli hadisə kimi isə kredit müqaviləsindən əmələ gələn öhdəliklərin tam icra edilməsi nəzərdə tutulub, bu mövqe yanlışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki öhdəlik müxtəlif əsaslarla xitam oluna bilər (Mülki Məcəllə, 27-ci fəsil). “Hökmən” ifadəsi nəzərə alınmaqla qeyd olunmalıdır ki, hökmən baş verməli olan hadisə deyiləndə elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyil, mütləq baş verəcək. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı başa çatmış, hazırkı iddia isə bu tarixdən xeyli müddət sonra irəli sürülmüşdür. Zaminliyə xitam verildiyindən zamin hazırki vəziyyətdə Bank qarşısında məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi zaminə qarşı yönəlmiş tələbi təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etdiyindən qətnamə zaminə aid olan hissədə əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının şəxsi mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı “xxxx” ASC-yə (“xxxx” İKB ASC) münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin (“xxxx” İKB ASC) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2001/2020 nömrəli qətnaməsi iddiaçı “xxxx” ASC-yə (“xxxx” İKB ASC) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar