Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3429/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı İddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: “pul, öhdəliyin icrası müddəti, öhdəliyin vaxtından əvvəl icrası”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil3 və birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı və Cavabdeh arasında 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilə və 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi olmaqla 3 ayrı müqavilə bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xidmət müqaviləsi üzrə vurulmuş ziyana görə 70.155 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiada göstərilib ki, o, Cavabdeh ilə həm əmək müqaviləsi, həm də xidmət göstərilməsinə dair müqavilə bağlayaraq işlətdiyi salona stilist kimi işə götürmüşdür. İşə qəbul edərkən o, cavabdehə 80.000 manat pul vermişdir. Həmin pulu verərkən onlar arasında 17 fevral 2021-ci il tarixdə notariat qaydada borc müqaviləsi də bağlamışdır. O, xidmət müqaviləsində də həmin ödənişlə bağlı şərtlərini bildirmiş və cavabdeh də, bu müqavilə ilə razılaşmışdır. Belə ki, xidmət müqaviləsinə əsasən Cavabdeh ona işlədiyi ilk 3 ayda verdiyi puldan hər ay 4.000 manat, qalan aylarda isə 5.000 manat ödəməli idi. Qalan aylarda 5.000 manata çatdırmadığı halda isə ona dəyən ziyanın ödənilməsi məqsədi ilə 5.000 manata qədər cərimə tələb etmək hüququna malikdir. Müqaviləyə görə icraçı müqaviləyə birtərəfli xitam vermək istədikdə sifarişçi, yəni o, müqavilə bağlanarkən ödədiyi 80.000 manatın geri ödənilməsini tələb edə bilər. Həmçinin o, ilkin ödənişdən əlavə olaraq ona dəyən ziyan kimi əlavə olaraq 40.000 manatı da tələb etməyə haqlıdır. Hazırda, cavabdeh ona pul ödəmək istəmir və onun işlədiyi salonda deyil, başqa salonda işləyir. Bu səbəbdən də, xidmət müqaviləsinin şərtlərinə imza edərək qəbul etdiyi kimi onun tərəfindən verilən 80.000 manat pulu, 40.000 manat ona dəyən ziyanı və 5.000 manat cəriməni ödəməsini cavabdehdən tələb etsə də, cavabdeh bundan imtina edir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərib ki, onunla cavabdeh İddiaçı arasında 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1.4-cü bəndində qeyd edilir ki, sifarişçi İddiaçı vəzifələri bölməsində icraçıya - yəni ona, müqavilə dəyəri olaraq 80.000 manat ödənilməsi qeyd edilməsinə baxmayaraq, bu günədək sifarişçi tərəfindən icraçıya bununla bağlı hər hansı ödəniş olunmamışdır. İddiaçı həmçinin onunla əmək müqaviləsi bağlayaraq, işçi kimi işə götürmüşdür. 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə ki, cavabdeh ilə aralarında olan əmək münasibətləri əmək müqaviləsi ilə tənzimləndiyi üçün hesab edir ki, xidməti müqavilə etibarsızdır. Belə ki, xidməti müqavilənin predmeti onun cavabdehə məxsus obyektdə stilist vəzifəsinin (saç kəsimi, boyanması və s.) icra etməsi ilə bağlıdır. İddiaçı fəaliyyət növü qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən: 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Digər tərəfdən, 01 aprel 2021-ci il tarixdə cavabdehlə aralarında xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.1.4-cü bəndində qeyd edilmişdir ki, icraçıya müqavilə dəyəri olaraq, müqavilə bağlandığı andan 80.000 manat ödəmişdir. Lakin müqavilə 01 aprel 2021-ci il tarixdə bağlanmasına baxmayaraq, bu günə kimi müqavilə öhdəlikləri üzrə ona hər hansı ödəniş olunmamışdır. Onun tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə tələb olunan bildiriş cavabdeh tərəfin həm faktiki yaşadığı ünvana, həm də qeydiyyatda olduğu ünvana göndərilmişdir. Mülki Məcəllənin 421, 423, 424-cü maddələrinə istinadən hesab edir ki, qarşılıqlı iddiası təmin edilməlidir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1011/2023 saylı, 27 fevrl 2023cü il tarixli qərardadı ilə yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) ilkin iddianın təmin edilməməsi; qarşılıqlı iddianın təmin edilərək tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilənin ləğv edilməsi, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 340 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, tərəflər arasında 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə və 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Birinci iddia üzrə İddiaçı xidmət göstərilməsinə dair müqavilə üzrə cavabdehdən 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci iddia üzrə İddiaçı xidmət göstərilməsi barədə müqavilə üzrə Cavabdeh 80.000 manat pul verməsinə dair məhkəməyə mötəbər sübutlar (kassa məxaric orderi, bank çeki, qəbz, sadə yazılı formada pulun alınmasına dair qeyd və s.) təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmuşdur və buna müvafiq olaraq onlar arasında əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsi mövcud ola-ola xidmət göstərilməsi barədə müqavilənin bağlanması əmək qanunvericiliyinə uyğun deyildir. Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməli, onlar arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilməlidir. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası da rədd edilməlidir. Məhkəmə İddiaçı iddiasını rədd etmək qərarına gələrkən, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilənin qanunun tələblərinə zidd olaraq bağlandığını, həmçinin həmin müqavilə üzrə Cavabdeh real olaraq ödəniş edilməməsini nəzərə alır. Tərəflər arasında 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin icra müddəti 17 fevral 2026-cı il müəyyən edilmişdir. Məhkəmədə müəyyən edildi ki, həmin kredit müqaviləsinin tərəflər arasında bağlanmış xidmət və əmək müqaviləsi ilə əlaqəsi yoxdur.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
9. Qətnamədən ilkin iddia üzrə İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-708/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat:
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1249/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarı ilə 3-cü şəxsin Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınn 2(103)-708/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş həmin apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə İddiaçı əsas fəaliyyət sahəsinə (gözəllik salonu) aid xidmətlərin stilist Cavabdeh tərəfindən yerinə yetirilməsi ilə bağlı yaranmışdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarına və Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinə, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığına istinad edərək tərəflər arasındakı münasibətləri əmək münasibətləri hesab etmiş və mübahisəyə baxılmasının ümumi məhkəməyə aid olduğu qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. İlkin iddia üzrə İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddianın tam təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissənin müddəalarına istinad edərək qeyd etmişdir ki, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: – 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; – 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Halbuki, 02 aprel 2021-ci il tarixdə Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr əlavə edilmişdir. Yəni Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3 və 2-4-cü hissələrinin müddəaları iş üzrə tərəflər arasında mübahisələndirilən 01 aprel 2021-ci il tarixli xidməti müqavilə bağlandıqdan sonra – 02 aprel 2021-ci il tarixdə qəbul edilmiş və müvafiq dəyişikliklər 08 may 2021-ci il tarixdə dərc edildiyindən 08 may 2021-ci il tarixdə qüvvəyə minmişdir. Bununla tam aydın şəkildə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında xidməti müqaviləsi üzrə mübahisəli hüquq münasibətləri 01 aprel 2021-ci il tarixdə yarandığı zaman, Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3 və 2-4-cü hissələrinin müddəaları qüvvədə deyildi və Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3 və 2-4-cü hissələrinin müddəaları 01 aprel 2021-ci il tarixli xidməti müqaviləsinə şamil edilə bilməz. Həmin norma 01 aprel 2021-ci il tarixədək qüvvədə olmuş olsaydı belə, 01 aprel 2021-ci il tarixli xidməti müqaviləyə münasibətdə yanlış olaraq tətbiq edilmişdir. Çünki sözügedən müqavilənin məzmunundan göründüyü kimi, Cavabdeh ilə iddiaçı arasında 01 aprel 2021-ci il tarixdə real olaraq əməkdaşlıq münasibətləri yaranmış və müqavilənin 4.2ci bəndinin şərtlərinə əsasən, tərəflərin birgə fəaliyyəti dövründə tərəflər arasında olan dövriyyənin 50 (əlli) faiz hissəsi sifarişçi (İddiaçı), 50 (əlli) faizisə icraçıya (Cavabdeh) olmaqla bölünür. Sözügedən müqavilənin, o cümlədən 4.2-ci bəndindən də göründüyü kimi, gözəllik salonunun fəaliyyəti təkcə iddiaçının əsas fəaliyyət sahəsi olmamış, eyni zamanda Cavabdeh da əsas fəaliyyət sahəsi olmuş və sonuncu əmək haqqının almasında yox, birgə fəaliyyət nəticəsində əldə olunacaq gəlirlərin 50 faizini əldə etməkdə maraq güdürdü. Bu hal işəgötürən və işçi münasibətlərinə oxşar deyil, ona görə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin müddəalarının təsiri altında düşmür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqaviləsinin 2.1.4-cü maddəsinin müddəalarına əsasən, sifarişçi (İddiaçı) icraçıya (Cavabdeh) müqavilə dəyəri olaraq müqavilə bağlandığı andan etibarən 80.000 (səksən min) manat ödəmişdir. Yəni, müqavilənin elə 2.1.4-cü bəndindən müəyyən olunur ki, həmin müqavilə bağlanıldığı gün – 01 aprel 2021-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh 80.000 manat artıq ödənilmişdir və Cavabdeh nəinki müqavilənin sonunda – bütün səhifələrində, o cümlədən 2.1.4-cü bəndini əks etdirən səhifəni də şəxsən imzalayaraq 80.000 manat məbləğində pul vəsaitinin müqavilə bağlandığı günü ona artıq ödənildiyini imzası ilə təsdiq etməklə faktiki etiraf etmişdir. Belə olan halda, Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçı 80.000 manat məbləğində pul vəsaitinin məhz 01 aprel 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən 01 aprel 2021-ci il tarixdə ödənilməsini sübut etməkdən azaddır, bunun əksini sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hətta şərti olaraq fərz etsə ki, 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi etibarsız hesab oluna bilər, bu halda da belə Cavabdeh iddiaçı tərəfindən ona ödənilmiş pul vəsaitini tam həcmdə iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 428.4-cü maddəsinin müddəalarına əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin «Öhdəliklərin icrası zamanı vicdanlılıq» adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 428.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1.(xx.xx.2023-cü ilədək qüvvədə olan)Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, birinci iddianın təmin, ikinci iddianın isə rədd edilməsi üçün əsasdır.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Birinci iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, ikinci iddianın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə S.Mehdiyevanın iddiasının faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından onun iddiası haqlı sayılır. Lakin Cavabdeh iddiasının faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından onun iddiası haqlı sayılmır.
25. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
26. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, birinci iddia ərizəsinin, iddia tələbinin həcminin azaldılması barədə ərizənin nəticə hissəsində... xidmət müqaviləsinə görə cavabdehin ona vurduğu ziyana görə 70155 manat pul tələb etdiyini, kredit müqaviləsi üzrə tələb hissəsində tələbinin isə baxılmasını istəmədiyini göstərməsi,.. ikinci iddia ərizəsinin nəticə hissəsində isə... 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi.. qeyd olunması iddia ərizələrində yalnız bu cür göstərildiyinə görə birinci iddianın rədd, ikinci iddianın isə təmin olunması üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də hər iki iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətlərinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ancaq birinci instansiya məhkəməsi 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi üzrə qarşı tərəfə pul ödənilməsinə dair hər hansı bir sübut olmadığına görə birinci iddianı rədd, tərəflər arasındakı münasibətlərin əmək münasibətləri olduğundan xidmət müqaviləsinin bağlanmasının əmək qanunvericiliyinin tələblərinə zidd olduğuna görə isə ikinci iddianı təmin etmişdir.
27. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddia edənin üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
29. Beləliklə, İddiaçı və Cavabdeh arasında aşağıdakı 3 müqavilə bağlanmışdır: 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi, 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi.
30. İddiaçı ilk iddia ərizəsində Cavabdeh xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyi üçün həm kredit, həm də xidmət müqaviləsinə əsaslanaraq tələbini irəli sürmüşdür. Düzdü, iddia tələbinin azaldılması barədə ərizəsində(bax.cild 1.i.v.90-91) xidmət müqaviləsinə görə cavabdehin ona vurduğu ziyana görə 70155 manat pul tələb etdiyini, kredit müqaviləsi üzrə tələb hissəsində tələbinin isə baxılmasını istəmədiyini göstərməsi isə, o demək deyil ki, o, hər bir müqavilə üzrə Cavabdeh ayrıca pul tələb etmək niyyətindədir. Çünki apellyasiya baxışı zamanı da birinci iddiaçı tərəf həm kredit, həm də xidmət göstərilməsinə dair müqavilədə nəzərdə tutulan məbləğlərin eyni olduğunu təsdiqlədi. Başqa sözlə, hər iki müqavilədə göstərilən 80000(səksən min) manat eyni olduğundan Cavabdeh də yalnız 80000(səksən min) manat verilmişdir. 31.Cavabdeh də Şəfayət Mürsəlovadan yalnız 80000(səksən min) manat aldığını, lakin kredit müqaviləsi üzrə aldığını etiraf və qəbul edir. Buna görə də bir tərəfdən düşünür ki, Şəfayət Mürsəlova tərəfindən 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi üzrə ona bu günə kimi hər hansı bir vəsait ödənilmədiyindən, bununla da Mülki Məcəllənin 421-ci maddənin tələbinə əsasən, yəni digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə ləğv edilməlidir, digər tərəfdən isə həmin müqavilənin qanunvericiliyin tələbinə zidd olaraq bağlandığını, çünki qarşı tərəflə arasında olan münasibətlərin əmək müqaviləsi ilə tənzimləndiyi üçün etibarsız hesab edir. Apellyasiya baxışı zamanı da nümayəndəsi və vəkili əslində 01 aprel 2021-ci il tarixli müqavilənin etibarsız olduğu üçün əslində onun ləğvini deyil, etibarsızlığını tələb(təsbit) etmək niyyətində olduğunu bildirdi.
32. Məhkəmə tərkibi qeyd edir ki, tərəflər arasında bağlanmış hər üç müqavilənin tarixindən də bəlli olur ki, onlar arasında kredit və xidmət müqavilələri əmək müqaviləsindən əvvəl bağlanmışdır. Demək ki, onlar arasında rəsmi əmək münasibətləri yarananadək birinci iki müqavilədə göstərilən məbləğ artıq Cavabdeh ödənilmişdir. 01 aprel 2021-ci il tarixli müqavilənin 2.1.4-cü bəndində də 80000(səksən min) manatın ödəniləcəyi deyil, artıq...80000(səksən min) manat ödəmişdir məzmunlu şərt göstərilmişdir. Cavabdeh də artıq kredit müqaviləsi üzrə həmin məbləğ ona ödənildiyi üçün xidmət müqaviləsinin bütün şərtləri, o cümlədən 80000(səksən min) manatın ona artıq ödənilməsi ilə bağlı şərti ilə razılaşaraq müqaviləni imzalamışdır. Düzdü, Cavabdeh düşünə yaxud ehtimal edə bilər ki, Şəfayət Mürsəlova gələcəkdə, yəni kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin başlanacağı 2026-cı ildə ona qarşı kredit müqaviləsi üzrə yeni iddia irəli sürə bilər. Ancaq onun yalnız bu cür düşünməsinə və ehtimalına görə hazırki birinci iddia rədd oluna bilməzdi. Çünki apellyasiya baxışı zamanı birinci iddia tərəfinin nümayəndəsi və vəkili də bir daha təsdiq etdi ki, kredit müqaviləsi və xidmət müqaviləsində göstərilən məbləğlər eynidir, kredit müqaviləsinin əvvəldən bağlanması tərəflər arasında xidməti müqaviləsi üzrə yaranacaq münasibətlərin və öbhdəliklərin təminatı kimi çıxış edib. Ona görə də birinci instansiya məhkəməsinin kredit müqaviləsinin tərəflər arasında bağlanmış xidmət və əmək müqaviləsi ilə əlaqəsinin olmamağı barədə qənaəti də yanlış olmuşdur.
33. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün borc (kredit) müqavilələri yaxud mövcud borcun etirafı və ya xidmət göstərilməsinə dair müqavilə adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri yazılı formada bağlanmış müqaviləyə yaxud borcun etirafını təsdiq edən digər yazılı sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi 01 aprel 2021ci il tarixli müqavilə üzrə pul almadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən xx.xx.2021-ci il tarixli borc(kredit) müqaviləsi bağlansada və həmin müqavilə əsasında Cavabdeh 80000(səksən min) manat ödənilsə də o, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilə üzrə Şəfayət Mürsəlovadan 80000(səksən min) manat almadığını əsas gətirərək iddianı etiraf etmir. Buna baxmayaraq 01 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmir və bunu icra etdiyini də israr etmir. Demək ki, 01 aprel 2021-ci il tarixli müqavilə üzrə həm üzərinə götürdüyü işləri yerinə yetirməkdən, üstəlik həmin işlərin görülməsinə görə ona əvvəlcədən ödənilmiş məbləği də qaytarmaqdan imtina edir, əsas kimi də, müqavilənin etibarlı olmadığına istinad edir. Əlbətdə ki, bu hüquqdan açıq-aşkar suiistifadəyə dəlalət edən hal sayılır.
35. Tutaq ki, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilə üzrə 80000(səksən min) manat ödənilməmiş, onda həmin məbləğdə vəsaitin ona ödənildiyini nə üçün etiraf edirdi. Əlbətdə ki, bu ritorik sual olsa da, Cavabdeh bunlara cavab verməyə hazır olmalı idi. Çünki həm müqavilənin bağlanması, həm Şəfayət Mürsəlovadan həmin məbləği almasını yazılı sənəddə etiraf etməsi formal ola bilməzdi. Yəni, bu cür vəziyyət həyatda həmişə baş verən hallara uyğun gəlmir. Ən azından Cavabdeh gətirdiyi arqumentlər inandırıcı və ağlabatan olmalı idi. Hətta bir anlığa təsəvvür edilsə ki, xidmət müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur, ancaq kredit müqaviləsi üzrə borcunu etiraf edərkən, eləcə də 2021-2022-ci illərdə müqavilə üzrə öhdəliklərini qismən də olsa icra etməklə Cavabdeh həmin müqaviləni bəyənmiş və təsdiq etmiş olur. Demək əhəmiyyətiz əqd olsa belə onu bəyəndiyi və təsdiq etdiyi üçün onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir(MM.m.351).
36. Bununla yanaşı, borcun etirafı institutu da tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Cavabdeh 01 aprel 2021-ci il tarixli müqaviləni öz imzası ilə təsdiq edərək 80000(səksən min) manatı almasını etiraf etməsi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirildikdə də yenədə birinci iddia əsaslı idi və buna görə də məhkəmənin birinci iddianı rədd etməsi əsassız olmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birinci iddianın təmin, ikinci iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
38. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 70.155 manat pul tutularaq İddiaçı ödənilməli; iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv(etibarsız hesab) edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 70.155 (yetmiş min, yüz əlli beş) manat alınaraq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv (etibarsız hesab) edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 450.69 manat məbləğində dövlət rüsumu əvəzi Cavabdeh alınaraq ona ödənilsin, Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu isə özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.