Məhkəmə qərarları › İş №2(103)-3430/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3430/2024

30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3430/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-5984/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən 81 saylı ev Cavabdeh (bundan sonra cavabdeh) istifadə və sahibliyindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), 01 ədəd izolə edilmiş və açıq hava şəraitində qoyulmuş su qızdırıcı kalonkalar/ qeyri-standart (1/1), qızdırıcı radiator peçi (1/1) istifadə edilir. xx.xx.2017-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən həmin sayğacda gözlə görünən dəlik aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 6.739 m3 həcmində ziyanın vurulması əsası ilə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 1.347,80 manat məbləğində maddi zərərin cavabdehdən tutulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən akt iddiaçının nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin nümayəndəsinin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1.344,50 manat məbləğində zərərin və 33,45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1.377,95 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 04/4964 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 1.347,80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən 3,30 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 1.344,50 manat təşkil etməkdədir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5984/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X5)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Azərqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan məlum olur ki, **********00000 nömrəli abonentə yazılmış cərimə sayğac ilə əlaqədar olmuşdur. Məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin oluna bilməz.

6. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia 33,45 manat məbləğində dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilə bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixində birliyə ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1.347,80 manat məbləğində dəymiş ziyan məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra isə cavabdeh həmin məbləğdən ödəniş də etmişdir. Göründüyü kimi, istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğaca müdaxilə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və İbirliyə böyük məbləğdə ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu sübut edir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (borcun qəbul edilməsinə dair cavabdehin ərizəsi, abonent saldosu, rəy və s.) birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda İddiaçı İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsinə dair sübutların olmasına baxmayaraq, məhkəmə iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə proseslərində iştirak etməmiş, iddiaya dair etiraz təqdim etməmiş, borcun etirafına dair ərizəni mübahisələndirməmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas olmadan cavabdehin borcun etirafına dair ərizəsinə düzgün hüquqi qiymət verməmiş və həmin ərizəni sübut kimi qiymətləndirməmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qaz sayğacına müdaxilə edilməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. iddia tələbinin təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğaca qərəzli şəkildə müdaxilə edilməsi faktı öz-özlüyündə sayğacla təbii qaz sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazdan sayğaca müdaxilə etməklə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə (əvvəlki redaksiyada) əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə (əvvəlki redaksiyada) əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən vurğulayır ki, iddiaçının nümayəndələri tərəfindən cavabdehin ünvanı üzrə quraşdırılmış qaz sayğacında gözlə görünən dəlilin aşkarlanması əsası ilə xx.xx.2017-ci il tarixdə akt tərtib edilmişdir. Lakin həmin sayğacın laboratoriya şəraitində müayinə edildiyi və nəticələrinə dair aktın tərtib edildiyi müəyyən edilmir. Belə ki, iddiaçı bu barədə hər hansı sübut təqdim etməmişdir. Nəticədə həmin dəliyin sərfiyyata hansı qaydada təsir göstərilməsi, o cümlədən zərər məbləğinin yaranması üçün əsas olub-olmaması məsələsinə aydınlıq gətirilməmişdir.

23. Nəzərə alınmalıdır ki, həmin sayğac evin daxilində deyil, xaricində yerləşir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz cavabdeh daşıyır. Zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması iddiaçının vəsaiti hesabına həyata keçirilir. Lakin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi halları istisna təşkil edir. Belə ki, bu halda qeyd edilən işlər yenə də iddiaçı tərəfindən, lakin artıq istehlakçının vəsaiti hesabına yerinə yetirilir. Buna baxmayaraq, xx.xx.2018-ci il tarixdə quraşdırılmış sayğacın dəyərinin cavabdehdən alındığı müəyyən edilmir. Halbuki, həmin vaxt qanunsuz qoşulmanın aşkar edilməsi barədə akt və zərər məbləğinin hesablanması barədə qərar artıq mövcud idi.

24. Qaz sayğacının cavabdehin təqsiri üzündən zədələnməsini sübut etmək məhz bu halı müəyyən edən və hadisəni rəsmiləşdirən iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən hadisə ilə bağlı hər hansı videogörüntü təqdim edilmir. Təqdim edilmiş bir ədəd fotoşəkildə əks olunmuş sayğac üzərində isə həqiqətəndə gözlə görünən dəlik mövcuddur. Lakin bu fotoşəkildə olan sayğacın məhz cavabdehin evində olan sayğac olub-olmadığını müəyyən etmək mümkün olmur.

25. Digər tərəfdən aktda sayğac üzərində dəliyin olduğu göstərilir, lakin cavabdehin sayğacdan kənar və qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyi barədə hər hansı qeyd aparılmır. Hər bir halda, iddiaçı təkcə sayğacda qüsurların aşkar edilməsi deyil, aşkar edilmiş qüsurların sərf edilmiş qazın həcminin düzgün göstərməsinə təsir etməsi və nəticədə sərfin düzgün qeydə alınmaması mövqeyindən çıxış edir. Belə olan halda, ilk növbədə bu qüsurların sərf edilmiş qazın həcminin düzgün qeyd edilməsinə təsir etməsi sübuta yetirilməlidir. Belə ki, sayğacın üzərində dəliyin olması sərfin məhz cavabdehin maddi maraqlarına uyğun düzgün göstərməməsinə səbəb olmalıdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilmir.

26. Məhkəmə kollegiyası qanunsuz qoşulma halını təsdiq edən xx.xx.2017-ci il tarixli aktın və onun əsasında qəbul edilmiş eyni tarixli qərarların özünə də müstəqil şəkildə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonentin saldosunda cavabdehə məxsus evdə təbii qazla işləyən 3 cihazın göstərildiyi halda, həmin aktlarda və qərarlarda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 4 cihaz üzrə hesablanmışdır. Lakin abonent saldosunda göstərilməyən cihazların həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi aydın deyil.

27. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin təbii qazdan sayğacdan kənar, yəni sayğacı zədələmə və qanunsuz qoşulma yolu ilə istifadə etməsi öz təsdiqini tapmır. Bu səbəbdən iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli akt və onun əsasında qəbul edilmiş eyni tarixli qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və cavabdehə məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə cavabdehdən tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində cavabdehin abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.

28. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1.347,80 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürməsi də bu məbləğin ondan tutulması üçün əsas ola bilməz. Belə ki, xx.xx.2023-cü il tarixdə ərizə ilə yanaşı, həmçinin tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə də bağlanmışdır. Həmin müqavilədə də belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən ərizə həmin müqavilənin tərkib hissəsi kimi də qəbul edilə bilməz.

29. Cavabdehin məqsədi və iradəsi müqavilə bağlayıb, əldə edilmiş abonent kodu üzrə qanuni əsaslarla təbii qazdan istifadə etməyə yönəlmişdir. Belə olan halda, qeyd edilən məzmunda ərizənin onun tərəfindən imzalanması və bununla da 2017-ci il tarixli akt üzrə hesablanmış zərər məbləğinin 6 ildən sonra etiraf etməsi yalnız vacib əhəmiyyətli yanılmanın təsirinin nəticəsi ola bilər ki, bu da həmin ərizənin əhəmiyyətsiz olmasına və hər hansı hüquqi nəticə yaratmamasına dəlalət edir. Bu ərizənin məhz həmin vaxt cavabdehə imzalatdırmaqla İddiaçı özünün əlverişli vəziyyətindən və hüquqdan suiistifadə etmişdir. Digər tərəfdən ərizədə göstərilən zərər məbləğinin hesablanmasına əsas olmuş aktın və qərarın özünün etibarsız olduğu artıq öz təsdiqini tapmışdır. Bu da öz növbəsində bu ərizədə göstərilən məbləğin ondan tələb edilməsini istisna edir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5984/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar