Məhkəmə qərarları › İş №2(103)-3430/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3430/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3430/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: borcun tutulması X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-685/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən imzalanmış xx.xx.2022-ci tarixli akta əsasən cavabdeh iddiaçıdan borc aldığı 22.600 manat pulu 10 ay ərzində hər ay iddiaçının adına açılmış kart hesabına 500 manat göndərməklə qaytarmağı, 10 aydan sonra isə qalan 17.600 manat pulu 11-ci ay tam şəkildə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli “Borc tələbi barədə” bildirişə əsasən iddiaçı xx.xx.2022ci il tarixli razılaşmaya istinadən ona ödənilməli olan borc məbləğinin qaytarılmadığını, bununla da ona maddi və mənəvi ziyanın vurulduğunu bildirmiş və 10 gün müddətində borcun qaytarılmasını cavabdehdən tələb etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17.000 manat pulun və ödənilmiş 158 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini xx.xx.2022-ci il tarixli akta istinad edərək onunla əsaslandırmışdır ki, razılaşmaya əsasən cavabdeh 10 ay müddətində hər ay kart hesabına 500 manat ödəməklə borcun 5.000 manatını hissə-hissə, qalan 17.600 manat hissəsini isə 11-ci ay tam şəkildə ödəməli idi. Lakin o, dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh borcu qaytarmamışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-685/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 17.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 158 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. (hakim: X4)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixli əqddən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 22.600 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, 17.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

6. Məhkəmə ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 158 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1ci, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsi iclasında iştirak edən zaman sədrlik edən hakimə ödənişlərin tam ödədiyini bildirmiş, məhkəmə müvafiq sübutları təqdim etmək üçün iclası təxirə salmışdır. O, hüquq müfahizə sistemində işlədiyindən və ona xidməti zərurət ilə əlaqədar vacib əhəmiyyət kəbs edən tapşırıq verildiyindən üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Bununla bağlı məhkəməyə rəsmi olaraq teleqramla müraciət edərək, müvafiq sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə müvafiq teleqramı nəzərə almadan iddia tələbinin təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul etmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Ondan faizlə aldığı pulu faizi ilə birlikdə qaytarmışdır. O, pulu 10 % ilə almışdır. Hər ay aldığı pulun 10 %-ni ödəmişdir. Ödədikcədə yenidən hissə-hissə borca pul almışdır. 2022-ci ildə o, iddiaçıya artıq 70.000 manata yaxın pul ödədiyini bildirmiş və hansı səbəbdən faizlərin bitmədiyini soruşmuşdur. İddiaçı isə etiraz edərək, yenə də onun borcunun qaldığını və ödəmədiyi təqdirdə onu işi ilə hədələməyə başlayacağını bildirmişdir. İddiaçı ona aralarında akt tərtib edilməsini, faizlə deyil, sadəcə həmin aktda onun 22.600 manat borcunun olduğunun, ayda 500 manat ödəyəcəyinin göstərilməsini təklif etmişdir. O, ilk öncə razılaşmasa da, sonra iddiaçı iş yerinə şikayətə gəlmiş, 4 dəfə xahiş edərək geri qaytarmış, bir dəfə də 102 xidmətinə məlumat vermişdir. İşində problem olmasın, kollektiv arasında biabir olmasın deyə məcburən razılaşdı və akta imza etdi. Hər ay 500 manat ödəyirdi. Ödənişin 7-ci ayında iddiaçı ondan xəbərsiz işlədiyi orqanın rəhbərliyinə şikayət etdi. Barəsində xidməti araşdırılma başlanıldı. Xidməti araşdırmanın nəticəsində məlum oldu ki, onun iddiaçıya borcu yoxdur. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə işə çəkişmə prinsipi əsasında onu məhkəmə prosesinə cəlb etmədən baxmışdır. Nəticə yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlar əsasında qətnamə qəbul edilmişdir. Belə ki, pulun verilib-verilməməsi məsələsi, verilmişdirsə, hansı formada necə və s. bu kimi sual doğuran hallar ədalətli şəkildə araşdırılmaması onun hüquqlarını pozmuşdur. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, onun məhkəmə prosesinə cəlb olunmasını təmin etmədən, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, razılaşmaya əsasən cavabdeh 10 ay müddətində hər ay kart hesabına 500 manat ödəməklə borcun 5.000 manatını hissə-hissə, qalan 17.600 manatını isə 11-ci ayda tam şəkildə ödəməli olsa da, umumi borcdan 5.600 manat ödədikdən sonra məhkəmə mübahisəsinə kimi qalan məbləği ödəməkdən yayınmışdır. Beləliklə cavabdehin qeyd olunan həcmdə borc alması və məhkəmə mübahisəsinə qədər 5.600 manat qaytarması işin mübahisəsiz haldır. Cavabdehin borcu tam ödəməsi ilə bağlı apellyasiya şikayətində qeyd etdikləri və birinci instansiya məhkəməsinin ona sübutlarını təqdim etmək üçün şərait yaratmaması tamamilə yalandır. İş materiallarında olan audio və video yazılardan da göründüyü kimi, birinci instansiya məhkəməsi dəfələrlə məhkəmə iclasını təxirə salaraq tərəflərə sübutların təqdim edilməsi üçün şərait yaratsa da, cavabdeh heç bir əsas olmadan dəfələrlə məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Özünün iştirak etdiyi iclasda isə borcunun olduğunu etiraf etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qaldırılarkən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş, xx.xx.2022-ci il tarixdə tərəflər arasında mövcud borcun etirafı müqaviləsinin bağlanmasına baxmayaraq, həmin tarixdə onların arasında borc müqaviləsinin bağlanması qənaətinə gəlməklə və Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməklə səhv buraxmışdır. Eyni zamanda, dövlət rüsumunun əvəzi kimi tutulmalı məbləğ də düzgün hesablanmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və mülki işin materiallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci tarixli akta əsasən cavabdeh iddiaçıdan borc aldığı 22.600 manat pulu 10 ay ərzində hər ay iddiaçının adına açılmış kart hesabına 500 manat göndərməklə qaytarmağı, 10 aydan sonra isə qalan 17.600 manat pulu 11-ci ay tam şəkildə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.

21. Həm bu aktın məzmunundan, həm cavabdehin birinci və apellyasiya instansiya məhkəməsindəki izahatından və apellyasiya şikayətinin məzmunundan (2020-ci ildən hissə-hissə olmaqla 22.600 manat borca pul almışdır), həm də iddiaçı tərəfin bu məsələyə münasibətindən (apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iddiaçının vəkili iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğdə borc verdiyini, lakin sonradan onun borcu qaytarmadığını görüb, borcun mövcudluğunun yazılı şəkildə rəsmilşdiriməsini tələb etdiyini bildirmişdir) xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə borcun verilmədiyi, cavabdehin bu tarixdən əvvəl iddiaçı ilə aralarında yaranmış borc münasibətləri üzrə iddiaçıya 22.600 manat borcunun olmasını etiraf etdiyi və etirafa uyğun olaraq həmin məbləğin ödəniş qaydasının razlaşdırıldığı müəyyən edilir. Bununla belə, akt adlandırılmasına baxmayaraq, hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixdə tərəflər arasında borc müqaviləsi deyil, mövcud borcun etirafı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdeh bu tarixə iddiaçıya 22.600 manat məbləğində borcunun olduğunu etiraf edərək, onun hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.

22. Hazırda iddiaçı həmin borc məbləğinin yalnız 5.600 manat hissəsinin qaytarıldığını, qalan məbləğin isə bu günədək ödənilmədiyini bildirir. Cavabdeh iddiaçıdan 2020-ci ildən hissə-hissə olmaqla 22.600 manat məbləğində pulu borc aldığını etiraf edir, lakin sonradan həmin borcun qaytarıldığını bildirir.

23. Lakin iddiaçı öz mövqeyinin təsdiqi olaraq xx.xx.2022-ci il tarixdə onunla cavabdeh arasında bağlanmış mövcud borcun etirafı müqaviləsini təqdim etsə də, cavabdeh öz mövqeyinə uyğun olaraq həmin müqavilədə göstərilən borcun ödənilməsini sübuta yetirə bilmir. Cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya 40.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən çeklərin (ödəniş qəbzlərinin) olduğunu, apellyasiya şikayətində iddiaçının müraciəti əsasında barəsində başlanmış xidməti araşdırma nəticəsində borcunun olmadığının məlum olduğunu, bunun təsdiqi olaraq müvafiq whatsapp yazışmalarının və sübutların əlavə edildiyini bildirsə də, onun apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzlərinin əksəriyyəti xx.xx.2022-ci il tarixdən əvvəlki dövrə aid ödənişləri əks etdirir. Bu tarixdən sonraya aid ödəniş qəbzləri isə iddiaçının etiraf etdiyi 5.600 manatdan xeyli azdır. Bununla belə, iddiaçının etirafı olmadığı halda, məbləğ etibarı ilə 5.600 manat pulun ödənilməsi ilə bağlı cavabdehin hər hansı sübutu mövcud deyil.

24. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləni bağlamağa iddiaçı tərəfindən məcbur edildiyini (hədələmə, o cümlədən iş yerinə şikayətlərin edilməsi) bildirsə də, bu halı, o cümlədən iddiaçının müraciəti əsasında bu məsələ ilə bağlı barəsində xidməti araşdımanın aparılmasını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlər, o cümlədən ötən dövr ərzində həmin müqavilə üzrə 5.600 manat məbləğində pulun ödənilməsi onun həm bu, həm də pulun verilib-verilməməsi, verilmişdirsə, hansı formada və necə verilməsi kimi məsələlərin araşdırılmaması barədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Belə ki, sübutların olmaması, habelə ötən dövr ərzində ödənişlərin edilməsi səbəbindən qeyd edilən istiqamətdə araşdırmanın aparılmasına, o cümlədən müqavilə tarixindən əvvəl hansı məbləğdə pulun ödənilməsinin müəyyən edilməsinə hər hansı zərurət qalmır.

25. Digər tərəfdən ödənilmiş pulun məbləği ilə də bağlı cavabdeh ziddiyyətli fikirlər söyləyir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında 40.000 manat, apellyasiya şikayətində isə 70.000 manat pulun cavabdehə ödənildiyini bildirir. Nəticədə ümumi borcdan da artıq məbləğdə fərq yaranır.

26. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş audioyazıya münasibətdə ilk növbədə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş və bu audioyazını həmin icraat zamanı təqdim etməmiş, buna manə olan hallar barədə də hər hansı məlumat verməmişdir. Hazırki mərhələdə audioyazının təqdim edilməsi ilə bağlı isə hər hansı üzrlü hal müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində bu audioyazının sübut kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən o hal da nəzərə alınmalıdır ki, həmin audioyazı sübut kimi qiymətləndirildiyi təqdirdə belə, onun məzmunu heç bir halda cavabdehin hazırda iddiaçıya 17.000 manat məbləğində borcunun olmaması qənaətinə gəlmək üçün hər hansı əsas yaratmır.

27. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hüquqi nəticə etibarı ilə tərəflər arasında xx.xx.2022-ci il tarixdə mövcud borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 22.600 manat məbləğində borcunun olduğunu etiraf etmiş və bu məbləği 10 ay ərzində hər ay iddiaçının adına açılmış kart hesabına 500 manat göndərməklə qaytarmağı, 10 aydan sonra isə qalan 17.600 manat pulu 11-ci ay tam şəkildə ödəməyi barədə üzərinə öhdəlik götürmüş, lakin ötən dövr ərzində borc məbləğindən ümumilikdə 5.600 manat ödəniş etmişdir. Bununla da həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, onun şərtlərini pozmuşdur. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, hazırda həmin müqavilə üzrə qalıq qalmış (22.600 manat – 5.600 manat = 17.000 manat) 17.000 manat məbləğində borcu iddiaçıya ödəməlidir.

28. Eyni zamanda, məhkəmə kollegiyası tutulmalı olan borcun ümumi məbləğinin 17.000 manat olmasını nəzərə alıb belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan, yəni (120 manat + 7.000 x 0,3 faiz = 141) 141 manat məbləğində hissəsinin əvəzi tutulmalı, qalan (158 -141 = 17) 17 manat hissəsi iddiaçıya aid edilməlidir.

29. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməli, Cavabdeh 17.000 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 141 manat hissəsinin əvəzi tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-685/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 141 (bir yüz qırx bir) manat hissəsinin əvəzi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar