Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3431/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK qarşı “maddi zərərin ödənilməsi” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün 66.489,5 manat maddi zərərin və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzilin hər 1 kv.metr üçün 707 manat, cəmi 138.643 manat pulu payçı kimi Cavabdeh MTK-ya 6 ay müddətində ödəməyi, Cavabdeh MTK isə həmin mənzili tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirməklə, binanın bütün dəmirbeton və hörgü suvaq işlərini, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanı fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyalarının quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması, ərazinin abadlaşdırılmasını üzərinə götürmüşdür. Müqavilə üzrə tərəfindən ödənilmiş 138.643 manat pul vəsaiti Cavabdeh MTK-nın kassasına mədaxil edilmiş və bu barədə ona 192 saylı, xx.xx.2012-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyinə baxmayaraq Cavabdeh MTK ötən 6 ildən artıq müddət ərzində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2-ci bəndində göstərilən, yuxarıda qeyd edilən işləri görməmiş, binada yaşayış üçün zəruri olan şəraiti yaratmamış, mənzili ona təhvil verməmiş, mənzilin təmir işlərinə başlamağa icazə verməmişdir. Bununla bağlı iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: N.A.Bağırov 2(009)-2707/2018) iddia qismən təmin edilmişdir. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri yəni, ‘'Podratçı" aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmirbeton və hörgü, suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmiş, iddiaçı “Mars-A" Mənzil Tikinti Kooperativinin iddiaçıya qarşı «müqavilənin ləğvi, ödənilmiş məbləğin qaytarılması» barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn: 2(103)- 4474/2019) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Mars-A" MTK-nın apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzillə bağlı bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72ayX3000manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72ayX1000manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmişdir. İddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 2012-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqli iddiası təmin edilmiş, İddiaçı ilə "Mars-A” MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, "xxxx" MTK-dan İddiaçı xeyrinə 108.643 manat (yüz səkkiz min yüz qırx üç ) manat məbləğində pulun tutulması qət edilmişdir. Bu qərar Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli. 2(102)- 5691/2019 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Məhkəmə araşdırmaları ilə sübuta yetirilmişdir ki, cavabdeh 26 aprel 2012-ci il tarixdən 108.643 manat vəsaiti özündə saxlamaqla ona zərər vurmuşdur. 2012-ci ildən sonra manat bir neçə dəfə devalvasiyaya uğramış, dəyərdən düşmüşdür, qiymətlər bir neçə dəfə artmışdır. Cavabdeh isə bu vəsaiti hələ də qaytarmamış, məhkəmə qərarını da icra etməmişdir.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 21402,67 (iyirmi bir min dörd yüz iki manat altmış yeddi qəpik) manat maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qərara alınmış, qalan hissədə iddia təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 449-cu maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, 108643 manat pul 26 aprel 2012-ci il tarixdən cavabdehin istifadəsində qalmışdır. Lakin hesablama bu zamandan olmamışdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən hal hazıra İddiaçı Cavabdeh MTK-dan alacağı maddi zərəri aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə - 108643,00 (AZN) + 19.7 % = 21.402,67 manat; xx.xx.2012-ci ildən xx.xx.2021-ci il tarixə - 108643,00 (AZN) + 57,8 % = 62.795,65 manat. Buna baxmayaraq məhkəmə buradakı aşağı məbləği əsas götürərək qətnamə qəbul etmişdir. Birinci apellyasiya icraatı:
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5364/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.
6. Apellyasiya məhkəməsi birinci instansiyanın mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş ekspertizanın rəyində hesablanmış məbləğin aşağı həddini tutması barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin dəlil əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin qeyd edilən tələblərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5691/2019 saylı qərarının qəbul edildiyi tarixdən başlanaraq 108.643 manat pul vəsaitinə görə faizin hesablanması qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 449.1.-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir. Kassasiya icraatı:
7. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-539/2023 nömrəli, xx.xx.2023-cü il qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5364/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Abduləzimov apellyasiya şikayətin etiraz edərək təmin edilməməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, eyni zamanda bildirdi ki, iddiaçı əslində MTK-dan ev almamış, 100.000 manat məbləğində faizlə borc pul vermiş, ona faiz kimi 25 min bir və 10 min manat bir olmaqla pul ödənilmiş, həmçinin əsas məbləğ olan 108 min manat pul xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Sübutların tədqiqi:
11. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (009)-2707/2018 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri, yəni «Podratçı» aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmir-beton və hörgü-suvaq işləri, binanın daxili diva rvə arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzin quraşdırılması, binanın fasadındakı pəncərə aə euvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnmiş, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4474/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTKnın apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunması, İddiaçı Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196.1 kv.metr olan mənzillə bağlı bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72ay x 3000 manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72ay x 1000 manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilməsi, idddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 20212-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsinin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 108.643 manat məbləğində pulun tutulması qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5691/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən hal hazıra İddiaçı Cavabdeh MTK-dan alacağı maddi zərəri aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə - 108.643,00 (AZN)+19.7%=21.402,67 manat; xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə - 108.643,00 (AZN)+57,8%=62.795,65 manat.
15. İddiaçının təqdim etdiyi hesabatdan çıxarışdan görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı 108,643 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə ödənilmişdir.
16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 9/4959 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh MTK-dan tutulan 108.643 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən vaxtında ödənilməməsinə görə olan dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan faiz borc 51.152,75 manat; xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan faiz borcu 54,155,52 manat təşkil edir. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
22. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
28. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
36. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
37. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
38. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
39. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
41. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Ali məhkəmənin qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
43. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmə (102)-539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xeyrinə tutulan 108.643 manat pulun cavabdeh tərəfindən vaxtında ödənilməməsinə görə xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün 66.489,5 manat maddi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutan 449-cu maddəsinə istinad etmişdir.
45. İşə mahiyyəti üzrə baxmış məhkəmələr qətnamələrində həmin normanı qeyd etsələr də, cavabdehin ödəməli olduğu pul məbləğini tələb edilən dövr üzrə bank uçot dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirilmiş istehlak qiymətləri indeksi faizlərinə əsasən müəyyən etmişlər. Bundan əlavə, gecikdirmənin tarixini iddiaçının tələb etdiyi xx.xx.2012-ci il tarixdən deyil, xx.xx.2019-cu ildən hesablamışlar.
46. Kollegiya əvvəlcə onu qeyd edir ki, məhkəmələr pul məbləğinin faizini istehlak qiymətləri indeksinə əsasən müəyyən olunmasını hər hansı maddi hüquq norması ilə əsaslandırmamışlar.
47. Məlum olduğu kimi, ödənilməli pul məbləğlərinin indeksasiyası Mülki Məcəllə ilə deyil, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
48. Göründüyü kimi, ödənilməli pul məbləğlərinin indeksasiyası ayrıca iddia tələbi üzrə məhkəmə qətnaməsi ilə deyil, məhkəmə aktının icrası zamanı tərəfin ərizəsi üzrə qərardadla həll edilir. Odur ki, məhkəmələr hazırkı iddia tələbi üzrə pul məbləğinin faizini istehlak qiymətləri indeksinə əsasən hesablamaqda haqlı olmamışlar. Belə ki, iddiaçı, 108.643 manat pulun geri qaytarılması öhdəliyinin cavabdeh tərəfindən vaxtında icra edilməməsinə görə qeyd olunan məbləğin bank uçot dərəcəsi ilə faizinin tutulmasını istəyir.
49. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Nəzərə alınmalıdır ki, gecikdirmə dövrü dedikdə, pulun ödənilməsinə dair təkcə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən sonrakı müddət deyil, vəsaitin borcluda qanunsuz şəkildə saxlanıldığı bütün müddət nəzərdə tutulur. Buna baxmayaraq məhkəmələr iddiaya bu normanın tətbiqini də müzakirə etməmişlər (bənd: 50,51).
50. Məhkəmə kollegiyası Ali Məhkəmənin həmin qərarındakı göstərişlərlə razılaşaraq qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
51. İddiaçının təqdim etdiyi hesabatdan çıxarışdan görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı 108,643 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə ödənilmişdir (i/v 157).
52. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
53. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 9/4959 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh MTK-dan tutulan 108.643 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən vaxtında ödənilməməsinə görə olan dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan faiz borc 51.152,75 manat; xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan faiz borcu 54,155,52 manat təşkil edir.
54. Beləliklə də müəyyən olunur ki, cavabdeh 26 aprel 2012-ci il tarixdən iddiaçıya məxsus 108643 manat pulu qanunsuz olaraq özündə saxlamış, həmin məbləği xx.xx.2022-ci il tarixdə iddiaçıya ödəmişdir (i/v 157).
55. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 9/4959 nömrəli ekspert rəyinə əsasən, İddiaçı xeyrinə Cavabdeh MTK-dan tutulan 108.643 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən vaxtında ödənilməməsinə görə olan dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan 54,155,52 manat təşkil edir.
56. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
57. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi Mülki Məcəllənin dizpozisiyasının tələblərinə uyğun gəlir. İddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsi ilə bağlı sübut təqdim etməmişdir.
58. Belə olan halda İddiaçı xeyrinə Cavabdeh MTK-dan tutulan 108.643 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən vaxtında ödənilməməsinə görə olan dövr üçün illik 5 faiz dərəcəsi ekspert rəyi ilə 54,155,52 manat olduğu müəyyən edildiyindən, iddia tələbi qismən təmin edilməlidir, cavabdehdən 54,155,52 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
59. Məhkəmə kollegiyası cavabdehin məhkəmə kollegiyasının iclasında iddiaçının mənzil almaması, faizə borc pul verməsi barədə bildirdiyinə münasibətdə qeyd edir ki, qüvvədə olan məhkəmə aktları ilə həmin məsələyə qiymət verilmişdir.
60. Kollegiya cavabdehin həmin pula görə iddiaçıya 25 min bir və 10 min bir, ümumilikdə 35 min manat faiz məbləğlərini ödəməsi barədə qeyd etdiklərinə əsasən bildirir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (MPM, maddə 77.1).
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
62. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən 54,155,52 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
64. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (30+150=180) cavabdehdən iddiçının xeyrinə və ekpertiza tədqiqatlarının dəyəri (100+100=200) cəmi 200 (iki yüz) manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə vurulmuş maddi zərər kimi 54,155,52 manat (əlli dörd min yüz əlli beş manat əlli iki) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (30+150=180) (bir yüz səksən) manat Cavabdeh MTK-dan iddiçı İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov