Məhkəmə qərarları › İş №2(103)-3433/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3433/2022

21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3433/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)- 99/2022 saylı qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1818 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1848 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İbnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5012,02 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat mələğində dövlət rüsumunun, ümumilikdə 5042,02 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli, 2(001)-99/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə cavabdehdən qazdan istifadə ilə bağlı 210,34 manat məbləğində borcun tutulması hissəsində iddia tələbinin baxılmamış saxlanması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.02.2022-ci il tarixli, 2(001)-99/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə 4855,68 manat, əvvəlki tarixə olan borca görə 92,2 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.02.2022-ci il tarixli, 2(001)- 99/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin məbləği içərisində 03/2020- 11/2021-ci il tarixləri üçün sayğac göstəricisi üzrə yaranan borc məbləği 114,90+95,44=210,34 manat təşkil etmişdir. İddiaçı Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarın 5.2-ci bəndi tərəfindən hər ay 02/2020 tarixdən etibarən mexaniki sayğacın göstəriciləri götürülmüş və hesab mütləq qaydada istehlakçıya təqdim edilmişdir. Saldoya nəzər salınsa hər ay üçün göstəricinin götürüldüyü, saldoya daxil edildiyi aydın görsənməkdədir. Lakin məhkəmə bu bəndi tətbiq etməmiş, yalnız cavabdehin borc məbləği barədə xəbərinin olmaması barədə özünümüdafiə xarakterli fikrini əsas tutmuşdur. Qeyd edilən Qərarın 5.5-ci bəndi tətbiq edilməmişdir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Lakin saldodan da göründüyü kimi, sərfiyyat borcu cüzi hissədə, aylarla fasilələrdən sonra ödənilmişdir. «Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı- satqısı barədə” 29.03.2020-ci il tarixli 07/316 saylı müqavilənin 2.1.12-ci maddəsi düzgün tətbiq edilməyib (qərardadın 2-ci səhifəsi, 7-ci abzası) Bu bənddə istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərmək vəzifəsi öz əksini tapmışdır. Göründüyü kimi, bu bənddə debitor borcun ödənilməsi qaydası deyil, qazın verilməsinin dayandırılacağı barədə bildirişin göndərilməsi vəzifəsi öz əksini tapmışdır. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Lakin iş üzrə 210.34 manat sayğac göstəricinin ödənilməsi tələbi ilə sayğacın zədələnməsi arasında heç bir əlaqə mövcud deyildir. «Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə ”29.03.2020-ci il tarixli 07/316 saylı müqavilənin 2.2.2. bəndi tətbiq edilməyib. Paylayıcı istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququnu həyata keçirilməsi üçün həmin məbləğin məhkəmə qaydasında məcburi tutulmasnı xahiş etmişdir. Lakin məhkəmə yenidən məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Halbuki, bu borc məbləği mübahisə olunmayan məbləğdir və istehlakçı aldığı qazın haqqını mütləq ödəməlidir. Alğı-satqı müqaviləsi bağlayan istehlakçı istifadə etdiyi qazın məbləğini ödəmək vəzifəsinin olduğunu heç şübhəsiz ki, bilir. Lakin bu vəzifəsinin icrasından müxtəlif qeyri-qanuni üsullarla yayınmışdır. İstehlakçının ona bildiriş verilməməsi barədə, hesabından çıxarış verilməsi barədə heç bir müraciəti olmamışdır. İddiaçı tərəfindən verilən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə cavabdehə də təqdim edildiyi üçün onun sərfiyyat borcu barədə məlumatı mütləq qaydada olmuşdur, iddianın bu hissəsinə qarşı etiraz və ya sübut təqdim etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan 29.03.2020-ci il tarixli 07/316 saylı “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesabat təqdim etmək barədə istehlakçı qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” nın 3.1.5-ci bəndində qeyd edilmişdir ki, Qazdan səmərəli istifadə, qaza qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hazırda tələb edilən borc məbləği məhkəmə icraatı dövründə yaranmışdır və cavabdehə borcla bağlı xəbərdarlıq edilməmişdir, tərəflər arasında borca dair mübahisə mövcud deyildir. İstehlakçının ona bildiriş verilməməsi barədə, hesabından çıxarış verilməsi barədə müraciət etmək vəzifəsi yoxdur, bu birbaşa qaz paylayıcının vəzifəsidir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə cavabdehdən qazdan istifadə ilə bağlı 210,34 manat məbləğində borcun tutulması hissəsində iddia tələbinin baxılmamış saxlanması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinijn 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli, 2(001)-99/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar