Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3435/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: Kredit müqaviləsiə xitam verilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsiə xitam verilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-108/2010 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC (“Nikoyl” X2) ilə Cavabdeh arasında 05 sentyabr 2007-ci il tarixdə RBB(A) 54 nömrəli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən iddiaçı illik 24% olmaqla 24 ay müddətinə cavabdehə 10500 ABŞ dolları məbləğində kredit verməyi öhdsinə götürmüş və bu məbləği cavabdehə vermişdir.
2. Kreditin təyinatı Mercedes-C230 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması olmuşdur. Kredit müqaviləsi üzrə öhdliklrin təminatı olaraq tərəflər arasında 05 sentyabr 2007-ci il tarixdə RBB(A) 54 nömrəli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflərin razılığı ilə 15000 ABŞ dolları məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Mercedes-C230 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka olaraq Banka təqdim edilmişdir.
3. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 555 ABŞ dolları, ümumilikdə isə 13324 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Buna müvafiq olaraq tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əsasən kreditin və kredi faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC (“Nikoyl” X2) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nikoyl” X2 ilə cavabdeh arasında bağlanmış 05 sentyabr 2007-ci il tarixdə RBB(A) 54 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4551,94 ABŞ dolları əsas borc, 722 ABŞ dolları faiz borcu, gecikdirməyə görə 02 dekabr 2009-cu il tarixinədək hesablanmış 1032 ABŞ dolları cərimə və iddia qaldırılması üçün ödənilmiş 20 manat rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan 1997-ci il buraxılışı, Mercedes-C230 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı, WDBHA23E6VF591165 ban nömrəli, gümüşü metalik rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğ borcun ödənilməsi üçün kiyafət etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən iddiaçənın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında borcu yaranmışdır.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2010-cu il tarixli, 2(011)-108/2010 nömrəli qətnaməsi ilə (hakim Əliyev Toğrul) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4551 ABŞ dolları 94 sent əsas borc, 722 ABŞ dolları faiz borcu, gecikdirməyə görə 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 5773 ABŞ dolları 94 sent ödəniş gününə məzənnə ilə manatla iddiaçıya ödənilməsi, tələbin girov qoyulmuş 1997-ci il buraxılışlı, Mercedes-C230 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı, WDBHA23E6VF591165 ban nömrəli, gümüşü metalik rəngli avtomobilə yönəldilməsi, 1997-ci il buraxılışlı, Mercedes-C230 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı, WDBHA23E6VF591165 ban nömrəli, gümüşü metalik rəngli avtomobilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun iddiaçıya ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, o, bankın nümayəndəsinin yazılı surətdə verdiyi razılıq məktubuna əsasən notariuasa gedərək X4 5 illik etibarnamə verdim. Həmçinin o,1997-ci il buraxılışlı, Mercedes-C230 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı, WDBHA23E6VF591165 ban nömrəli, gümüşü metalik rəngli avtomobili X4 bankın nümayəndəsinin yanında təhvil vermişdir. Bir ildən sonra bank məhkəmyə müraciət etmişdir. O, məhkəməyə cağırılmamış və sözügedən qətnamədən məlumatı olmamışdır. 12 ildə sonra xx.xx.2022-ci il tarixində onun iş yerinə icra göndərilmişdir. Məhkəmə iddiaçının verdiyi sübutları mötəbər sayaraq, iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, onun bankla bağlı hər hansı öhdəliyi qalmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, bankla onun arasında hər hansı bir öhdəlik qalmadığından iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
13. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 14.Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
15. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 21.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
“ İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
24. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. .
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya tərəfindən müəyyən edillmişdir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə işin müəyyən edilmiş hallarına mülki qanunvericiliyin yuxarıda qeyd edilən müvafiq normalarını tətbiq etməklə belə qənaətə gəlir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan tələb olunan məbləğdə əsas, faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh bank qarşısında olan öhdəliyinin başqa şəxsə keçməsinə istinad etsə də, öhdəliyin başqa şəxsə ötürülməsi barədə ər hansı bir sübut yoxdur. Müqavilədə cərimə hesablanması da nəzərədə tutulmaqla məhkəmə qətnaməsinə əsasən müəyyən edilən məbləğdə cərimə borcunun da tutulması qanunu və əsaslı olmuşdur. Eyni zamanda onun ipoteka predmeti olan avtomobilə dair başa şəxsə etibarnamə verməsi cavabdehi bank qarşısında öhdəliyinin icrasından azad etmir.
34. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-108/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.