Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3437/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, cavabdeh X2 nümayəndəsi və vəkili X3, iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi barədə iddia tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(001)-3599/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 28 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4340,93 ABŞ dolları məbləğində əsas, 4797,38 ABŞ dolları məbləğində faiz, 400 ABŞ dolları məbləğində cərimə, habelə 895,1 ABŞ dolları gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 10433,41 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi qət edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Yelo Bank” (əvvəlki adı "xxxx" İKB) ASC ilə Əliyeva Xanım Bahadur qızı arasında bağlanmış 28 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 28 faiz dərəcəsi hesablanmaqla 24 ay müddətinə ödəmək şərti ilə 9450 ABŞ dolları məbləğində kredit vermişdir. Bununla bağlı həmin tarixdə Əliyeva Sənubət Qılman qızı və Rüstəmova Təranə Saleh qızı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin, kredit müqaviləsindən irəli gələn öhdəliklər Cavabdeh1 Bahadur qızı tərəfindən icra edilmədiyindən bank tərəfindən məhkəməyə təqdim olunmuş 14 may 2020-ci il tarixli maliyyə arayışına əsasən, onun banka 4340,93 ABŞ dolları məbləğində əsas, 4797,38 ABŞ dolları məbləğində faiz, 1955,16 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 28 iyul 2017-ci il tarixdən 14 may 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 895,1 ABŞ dolları məbləğində pul əldən çıxmış fayda olmaqla ümumilikdə 11988,57 ABŞ dolları məbləğində borcu yaranmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun, habelə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin 895.1 ABŞ dolları gecikdirlimış faiz borcu hissəsində ləğv edilməsinini, 400 ABŞ dolları məbləğində cərimə azaldılaraq 100 ABŞ dollarına endirilməsini, əsas borc 4340.93 ABŞ dolları və iki il müddətinə hesablanmış 2430.92 ABŞ dolları faiz borcunun cavabdehlərdən tutulmasına və qətnamənin cavabdeh (zamin) Cavabdeh2 qarşı olan münasibətdə xitam edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin müddəti 28.07.2017 - ci il tarixə qədər olsada faiz borcu məhkəməyə iddia ərizəsi təqdim edilən günə qədər yəni 5 il hesablanmış və şişirdilmişdir. Bu halda faizlərin və əsas borcun hesablanması xüsusi bilik tələb edən iş olduğu üçün hesab edirəm ki, məlikəmə öz təşəbbüsü ilə mühasibatlıq ekspertizasının keçirilməsinə dair qərar qəbul etməli idi. Qətnamə qəbul edilərkən eyni vaxtda 895.1 ABŞ dolları əldən çıxmış fayda kimi qiymətləndirilərək cavabdehlərdən tutulmuşdur. Halbuki aramızda bağlanmış kredit müqaviləsinin 7.2-ci bəndinin borc öhdəliyinin vaxtında icra edilməməsi və həmin müqavilənin 8.a) bəndinə əsasən əldən çıxmış faydaya nümayəndəyə, vəkilə çəkilən xərclər və dövlət rüsumunun əvəzinin tutulması nəzərdə tutur. Mülki iş materiallarına diqqət yetirdikdə isə orada dövlət rüsumunun qəbzindən əlavə hər hansı bir sübutun və əldən çıxmış faydaya dair digər sübutun olmadığı nəzərə çarpır. Öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maliyyə arayışına diqqət yetirdikdə sonuncu ödənişin 2 il bundan qabaq 05.06.2018 -ci il tarixdə edildiyi aydın olur. Bankın göndərdiyi xəbərdarlıq məktubu isə 15.05.2020-ci il tarixdə göndərilmişdir. Bu halda hesab edirəm ki, iddia müddəti ötrüldüyü üçün Cavabdeh2 zaminliyinə xitam verilməli və qətnamə ona qarşı olan hissədə ləğv edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş lazımi qaydada məlumat verilmiş iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, cavabdeh X2 nümayəndəsi və vəkili X3 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, kredit müqaviləsi üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə ləğv edilərək onlara münasibətdə iddia rədd edilməli, qətnamə faiz borcunun və bununla əlaqədar olaraq ümumi borcun məbləğinin müyyən edilməsi hissəsində dəyişdirilərək faiz borcu ekspert rəyinə əsasən müəyyən olunmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, 28 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 9450 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 28 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin zaminliyə xitam verilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa sxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul eməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Odur ki, Kollegiya hesab edir ki, kreditor zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən (hal-hazırki halda 28.07.2017-ci il) bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən, birinci instansiya məhkəməsi zaminlərə qarşı iddianı təmin etməklə əsassız nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, qətnamə zaminlərə münasibətdə ləğv edilməli, onlara münasibətdə iddia rədd edilməlidir. Bundan başqa, işin hallarından görünür ki, Cavabdeh1 apellyasiya şikayətində banka olan borcunun məbləğini də mübahsiələndirmiş, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilmədiyini bildrimişdir. Apellyasiya baxışı zamanı Kollegiyanın qərardadına əsasən təyin edilərək keçirilmiş 24.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 28.07.2015-ci il tarixli kredit müqaviləsinin bitmə tarixindək, yəni 28.07.2017-ci il tarixdə Cavabdeh1 əsas borcu 7904, 99 USD (ABŞ dolları), faiz borcu üzrə 3781,19 USD, cəmi 11686, 18 ABŞ dolları təşkil edir. İddia tələbində isə əsas borc 4340,93 ABŞ dolları, faiz borcu isə 4797,38 ABŞ dolları göstərilmişdir. Odur ki, Kollegiya hesab edir ki, faiz borcu ekspert rəyinə uyğun olaraq 3781,19 ABŞ dolları məbləğində müəyyən olunmalı, qətnamə həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən zaminlərə münasibətdə və faiz borcunun məbləğinə münasibətdə işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş üzrə ekspertiza tədiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(001)-3599/2020 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsinə aid hissədə ləğv edilsin. İddia tələbləri cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd edilsin. Qətnamə 28 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavadeh Cavabdeh1 tutulmuş faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilərək faiz borcu 3781,19 ABŞ dolları müəyyən edilsin və bununla əlaqədar olaraq ümumi borc (4340,93 ABŞ dolları əsas borc + 3781,19 ABŞ dolları faiz + 400 ABŞ dolları cərimə + 895,1 ABŞ gecikdirilmiş faiz borcu = isə 9417,22 ABŞ dolları) cəmi 9417,22 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3437/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3437/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver