Məhkəmə qərarları › İş №2(103)-3437/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3437/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3437/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh X4 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X5, cavabdeh X3 iştirakları ilə, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh X4 qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-803/2024 saylı, 8 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx" BOKT MMC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən BOKT borcluya 12 ay müddətinə, 12.000 manat məbləğində mebel almaq məqsədilə kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/123-23 nömrəli kredit müqaviəsinin 2.5-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini ödəniş qrafikinə (əlavə N1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə N1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 (iki) gündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğin 1%-i həcmində dəbbə (cərimə) pulu ödəyir.

3. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 9.000 manat əsas borc və 2.480 manat cərimə borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" BOKT MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 əsas borc üzrə 9.000 (doqquz min manat) manat, cərimə borcu üzrə isə 2.480 (iki min dörd yüz səksən ) manat olmaqla ümumilikdə 11.480 (on min dörd yüz səksən ) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş ) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra "xxxx" BOKT MMC məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində ümumi məbləğ hərflərlə yazılan zaman mexaniki olaraq səhfə yol verilərək “on bir min dörd yüz səksən” manat əvəzinə “on min dörd yüz səksən ” manat kimi qeyd olunduğunu bildirmiş və həmin məbləğin “on bir min dörd yüz səksən” manat kimi qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 17 aprel 2023-cü il tarixdə "xxxx" BOKT MMC ilə cavabdeh X6 arasında 04/123-23 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh X6 iddiaçı tərəfindən mebelin alınmaslı üçün 12000 (on iki min) manat məbləğində kredit ayrılmışdır. O, 12 ( on iki ) ay müddətində kreditin əsas məbləği kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Bundan əlavə kredit müqaviəsinin 2.5 maddəsinə əsasən ödəniş qrafikində (əlavə N1) nəzərdə tutulmuş tarixlərdə ödənilmədikdə 2 (iki) gündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğin 1%-i həcmində dəbbə pulu hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini X4 ödəmişdir. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş və ödəniş etməkdən bilərəkdən yayınmışdır. Onun xx.xx.2023-cü il tarixə iddiaçıya əsas borc üzrə 9.000 (doqquz min manat) manat, cərimə borcu üzrə isə 2.480 (iki min dörd yüz səksən) manat olmaqla ümumilikdə 11.480 (on min dörd yüz səksən ) manat məbləğində borcu yaranmışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-803/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X2 9.000 (doqquz min) manat məbləğində əsas, 450 (dörd yüz əlli) manat məbləğində cərimə borcu və 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 9.575 (doqquz min beş yüz yetmiş beş) manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Bu baxımdan iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

9. Həmçinin məhkəmə qeyd etmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli, 04/123-23 nömrəli kredit müqaviləsi üzrə 9000 manat əsas borca münasibətdə cavabdehdən 2.480 manat dəbbə (cərimə) pulu borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği xx.xx.2023-cü il tarixli, 04/123- 23 nömrəli kredit müqaviləsi üzrə 450 manat müəyyən edilməlidir

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 472 və 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. Cavabdeh X6 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-803/2024 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 465.1ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, cərimənin minimum məbləğini qeyd etməsinə baxmayaraq bu hala əməl etməmişdir. İddia tələbini təmin etsə də bu hissədə artıq hesablama aparılmışıdr. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan iddiaçı tərəfindən irəli sürülən yeganə sübut kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/123-23 nömrəli kredit müqaviləsini əsas götürmüşdür.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasınn iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, keçən il aprel ayında Binəqədidə yerləşən Layla mebel mağazasından mebel aldı. Onlar daxili krediti də reklam edirdilər. O, heç vaxt o banka müştəri kimi müraciət etməmişdir. Aldığı mebel 15.800 manat məbləğində idi. Həmin vəsaitin 3.800 manatını orda ödədi. Yerdə qalan vəsaiti özləri kreditə saldı. Mebeli aldıqdan bir ay sonra mebeldə aşkar şəkildə qüsürlar yarandı. Xarab olmağa başladı. Onlar ilk aydan mebelin xarab olduğunu bildirdilər. Həmin vaxtlarda bankın öz nümayəndəsinə də yaxınlaşdılar. Mebelin xarab olduğunu ona da bildirdi və mebelin dəyişilməsini və yə onlar tərəfdən geri qayratılmasını xahiş etdi. Müraciət etdiyi müddət ərzində 3 aylıq məbləği ödədi. Dördüncü ay ödəniş etməyi dayandırmaq məcburiyyətində qaldı. Cərimə borcu əsassız yerə ondan tutulub. 1000 manat məbləğində ödəniş etmişdir. Cərimə borcunun silinməsini xahiş edir. 15.Məhkəmə kollegiyasınn iclasında iştirak edən iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildimişdir ki, cavabdehin lazimi qurumlara etdiyi şikayət cavablandırılıb. Faiz borcu qeyd edilməmişdir. 9 aydan çoxdur ki, ödəniş etmədiyi üçün cərimə borcunun tutulmasını xahiş ediblər. Gecikmələri silmək mümkün deyildir. Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddiann təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 24.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 27.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

28.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 29.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 30.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildiyi kimi "xxxx" BOKT MMC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən BOKT borcluya 12 ay müddətinə, 12.000 manat məbləğində mebel almaq məqsədilə kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 9.000 manat əsas borc və 2.480 manat cərimə borcu yaranmışdır. 33.Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, vaxtında icra etməmişdir. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.Belə olan halda iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 35.Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə yaranmış əsas borcu iddia ərizəsində göstərilən və mövcud vəziyyətdə olan məbləğdə tutmuş, tələb olunan dəbbə pulunun tənаsübsüz surətdə yüksək olduğunu qeyd edərək аzаldılmalı olması barədə qənaətə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermiş, işdə olan sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun formada qiymətləndirmişdir. 36.Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənlərlə əlaqədar qeyd etməyi zəruri sayır ki, cavabdehdən əsas borcdan başqa tutulması tələb olunan pul müqavilə müddəti üçün yaranmış faiz borcu deyil, mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) olaraq müəyyən edilən, qanun və ya müqavilə şərtlərinə əsasən yaranan, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödənilməsi mümkün sayılan pul məbləğidir. İşin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi mümkündür. 37.Göründüyü kimi kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti də ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötmür. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 38.Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, yəni tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Bu zaman borclu şəxsin maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Belə ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. 39.Hazırki işdən də göründüyü kimi tərəflər müqavilədə cərimə tətbiqini nəzərdə tutmaqla, cəriməni əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. 40.Birinci instansiya məhkəməsi borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı BOKT-un məruz qaldığı maddi itkiləri, həmçinin cavabehin maddi maraqlarını nəzərə almış, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 450 manat həddində müəyyənləşdirilməsini daha ağlabatan və ədalətli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası də bu məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. 41.X6 apelyasiya şikayətində həm də, aldığı mebelin keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğuna istinad etmiş və öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etməklə, əşya üçün ödədiyi pul məbləğini ödəməkdən imtina etməkdə haqlı olduğunu bildirmişdir. Cavabdehin istinad etdiyi bu dəlil ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olan əşyanın qüsurları üçün iddiaçı cavabdehlik daşımır və hazırda iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin təqsirli pozulması üçün cavabdehin daşıdığı məsuliyyət həmin halların ehtimal edilən mövcudluğu ilə istisna edilə bilməz. 42.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-803/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar