Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3441/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, onun vəkili X1, cavabdehlər Cavabdeh1 Razim oğlunun və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7256/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Razim oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə BDYP-də **-LL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 7256/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehlər Cavabdeh1 Razim oğlu və Cavabdeh2 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “X4 Prado” markalı **-LL-***, **- LL-***, **-LL-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero” markalı **-LL-***, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı mülkiyyətində olmuşdur. DİN-nin BDYPİ-də təsdiq olunmuş xx xxx 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinə əsasən satıcı İddiaçı “X4 Prado” markalı **-LL-***, **-LL-***, **-LL-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Pajero” markalı **-LL-***, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilləri müvafiq olaraq 20000, 20000, 20000, 18000, 18000 manat dəyərində alıcı Cavabdeh1 satmışdır. İddiaçı bildirir ki, o, Cavabdeh2 ilə 2013-cü il tarixdən tanışdır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onlar Cavabdeh2 təklifinə əsasən avtomobil alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişlər. Bunun üçün o, Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan 27000 manat ödəyərək 8 ədəd avtomobil almışdır. 3 ədəd avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ona bildirmişdir ki, digər avtomobillər üçün də alıcı tapmış və 5 ədəd avtomobilin 80000 manat dəyərində Cavabdeh1 satılması ilə bağlı razılaşmışdır. Avtomobilləri satmaq üçün razılaşdırdıqları günün axşamı onun qardaşı vəfat etmişdir. Bu səbəbdən iddiaçı şəxsən özü satışla məşğul ola bilməmişdir. Cavabdeh2 iki gün sonra iddiaçıya bildirmişdir ki, avtomobilləri alan şəxs, yəni digər Cavabdeh1 avtomobillərin pulunu vermiş, odur ki təcili gedib Dövlət Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğuna görə ona inanmış və xx xxx 2019-cu il tarixdə onunla Cavabdeh1 arasında mübahisəli avtomobillərə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, alqı-satqı müqavilələrinə əsasən satılmış avtomobillərin dəyəri cavabdehlər tərəfindən ona ödənilməmişdir. Həmin günün axşamı Cavabdeh2 haqq-hesab etmək üçün onu evinə dəvət etmiş, qardaşı ilə birlikdə onun evinə getmiş, evə çatanda digər Cavabdeh1 orada olduğunu görmüşdür. Cavabdeh2 ona borclarının olduğunu və buna görə avtomobilləri Cavabdeh1 adına keçirdiyini bildirərək, həmin borcu qaytarmaqları, əks təqdirdə avtomobilləri qaytarmayacağını bildirmişdir. Göstərilənlərə əsasən ona məlum olmuşdur ki, Cavabdeh2 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə onu aldadaraq, avtomobilləri qohumu olan digər cavabdehin adına keçirilməsinə nail olmuşdur. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, iddiaçını aldatmamış və iddia tələbində göstərilən avtomaşınlar formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Belə ki, həmin avtomaşınlar Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyindən onun və Cavabdeh1 pul vəsaitinə alınmış və bu zaman iddiaçı tərəfindən hər hansı bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Həmin avtomaşınların sonradan təmiri də onun tərəfindən verilmiş pul vəsaitləri hesabına həyata keçirilmişdir. Cavabdeh1 da iddiaya etiraz edir və bildirir ki, iddia tələbində göstərilən avtomaşınların dəyəri alqı-satqı müqavilələrindən öncə onun tərəfindən ödənilmişdir. O, Azərbaycan Respublikasında olmadığından avtomaşınlar Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyindən alındıqdan sonra formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Odur ki, o, Azərbaycana qayıtdıqdan sonra onunla iddiaçı arasında alqı-satqı müqavilələri bağlanaraq avtomaşınlar onun adına keçirilmişdir. Bundan əlavə iddiaçı 2019-cu ilin iyul ayında Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o zaman onun aldadılmasını və alqı-satqı müqavilələri bağlanarkən avtomaşınların dəyərinin ödənilməməsi barədə şikayət etməmişdir. Ümumiyyətlə, iddiaçının bu iddiasının verilməsinin əsas səbəbi cavabdehlər tərəfindən iddiaçıya qarşı pul tələbinə dair iddiaya maneçilik törətməkdir. Belə ki, hazırki iddia məhkəməyə verilməmişdən əvvəl iddiaçı Cavabdeh2 cavabdehlər Muradov Babək Sövdəyər oğlu və İddiaçı Sövdəyər oğluna qarşı hazırki iş üzrə mübahisələndirilən avtomobillərə görə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 339-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfı əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfın iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Lakin kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı istinad etdiyi halların, yəni mübahisələndirilən alqı-satqı müqavilələrinin məhz aldadılma nəticəsində bağlanıldığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi şahidlər Muradov Babək Sövdəyar oğlu və Muradov Sövdəyar Yusif oğlunun ifadələri isə həmin halı, yəni alqı-satqı müqavilələrinin aldadılma nəticəsində bağlanılmasını deyil, məhz alqı-satqı müqavilələri üzrə pulun ona verilməməsini təsdiq etmək üçün təqdim edilmişdir. İddiaçı da hazırda alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, yalnız bir hala, yəni alqı-satqı müqavilələri üzrə pul vəsaitinin ona verilmədiyinə istinad etmişdir. Kollegiya qeyd edir ki, həmin hal alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməz. Çünki bu hal Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarına aid deyildir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin dəlil alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. Lakin iddiaçı tərəfindən həmin tələblər irəli sürülməmişdir. Cavabdehlərin istinad etdiyi, yəni mübahisəli avtomobillərin formal olaraq iddiaçının adına rəsmilişdirilməsi və sonradan iddiaçıya pul ödənilmədən cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı hallar da hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki bu hallar mübahisələndirilən müqavilələrin aldadılmaqla bağlanıldığını deyil, uydurma əqd olduğunu təsdiq edir. Lakin iddiaçı bu halları təsdiq etmir, mübahisəli avtomobillərin məhz onun mülkiyyətində olduğunu və müqavilələrin də aldadılmaqla bağlanıldığına istinad edir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işdə həmin iddia tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyil. İddiaçı tərəfindən irəli sürülmüş avtomobillərin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, Lakin hazırkı işdə birinci şərt mövcud deyildir. Belə ki, hazırda mübahisəli avtomobillər iddiaçının deyil, Cavabdeh1 Razim oğlunun mülkiyyətindədir. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7256/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3441/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3441/2020
18.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver