Məhkəmə qərarları › İş №2(103)-3441/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3441/2023

02.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3441/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 4.400 manat ödənilsin. Səbail RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər qonşudur. Bundan əvvəl tərəflərin arasında məhkəmə mübahisəsi olub. Cavabdeh iddiası əsasında Səbail RM tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli 2(009)-720/2021 nömrəli qətnamə ilə qət olunub ki, İddiaçı aid olan, Səbail rayonu, M.Mansur küçəsi, ev № 94-də yerləşən 9A №-li mənzildə özbaşına tikilmiş sanitar qovşaq sökülsün və kommunal xətlər ləğv edilsin. Bundan sonra İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. O, iddianı belə əsaslandırıb ki, sökülməsi qət olunan sanitar qovşaqdan başqa fəaliyyətdə olan sanitar qovşaq yoxdur, yeni sanitar qovşağın düzəldilməsi üçün 4.400 manat vəsait lazımdır, hesab edir ki, ona həmin məbləğdə zərər vurulub, zərərin əvəzini Cavabdeh ödəməlidir. İddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, zərərin əsasını hüququn pozulması təşkil edir. Cavabdeh İddiaçı hüququnu pozmayıb. İddiaçı aid olan, özbaşına tikilmiş sanitar qovşağın sökülməsi məhkəmə tərəfindən qət olunub. Bu hal İddiaçı hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar