Məhkəmə qərarları › İş №2(103)-3443/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3443/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3443/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1049/2025 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İki kredit müqaviləsi bağlanıb. 2.Birinci kredit müqaviləsinə, yəni xx.xx.2022-ci il tarixli 005A********** nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı QSC (kredit verən) Cavabdeh2 (kredit alana) 48 ay müddətinə, illik faiz dərəcəsi 20 faiz olmaqla 20.000 manat kredit verib (iş v. 8). Kredit zaminliklə təmin olunub. Belə ki, xx.xx.2022-ci il tarixli 005G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh Naibə Hüsynova zamin kimi üzərinə məsuliyyət götürüb ki, Cavabdeh2 həmin kredit müqavilsi üzrə öz öhdəliyini icra edəcək (iş v. 43). İddiaçının verdiyi maliyyə arayışına görə, bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə kredit alanın əsas borc kimi 15.390,15 manat, faiz borcu kimi 1.603,60 manat, cərimə kimi 366,28 manat, cəmi 17.360,03 manat məbləğində icra edilməmiş pul öhdəliyi var (iş v. 6). 3.İkinci kredit müqaviləsinə, yəni xx.xx.2022-ci il tarixli 005KK**********01 nömrəli kart kredit müqaviləsinə əsasən, İddiaçı QSC-nin Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla 500 manat kredit verib (iş v. 46). İddiaçının verdiyi maliyyə arayaşına görə, xx.xx.2024-cü il tarixinə kredit alanın əsas borc kimi 479,06 manat, faiz borcu kimi 80,59 manat, cərimə kimi 52,89 manat, cəmi 612,54 manat məbləğində icra edilməmiş pul öhdəliyi var (iş v. 45). Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub: 1) xx.xx.2022-ci il tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 15.390,15 manat, faiz borcu kimi 1.603,60 manat, cərimə kimi 366,28 manat, cəmi 17.360,03 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulsun; 2) xx.xx.2022-ci il tarixli 005KK**********01 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 479,06 manat, faiz borcu kimi 80,59 manat, cərimə kimi 52,89 manat, cəmi 612,54 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. 5.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilib və göstərilənlər qət olunub: 1) xx.xx.2022-ci il tarixli 005A********** nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 15.390,15 manat, faiz borcu kimi 1.603,60 manat, cərimə kimi 366,28 manat, cəmi 17.360,03 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulsun; 2) xx.xx.2022-ci il tarixli 005KK**********01 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 479,06 manat, faiz borcu kimi 80,59 manat, cərimə kimi 52,89 manat, cəmi 612,54 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Bundan başqa, qətnamədə qət olunub ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 143,92 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Qətnamədən kredit alan apellyasiya şikayəti verdiyindən qətnamənin əsaslılığı yalnız ona aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 10.İddiaçının təqdim etdiyi sübutlara görə, cavabdehin (kredit alanın) iki kredit müqaviləsi üzrə yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi var. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddiaya etiraz bildirməyib, sübut təqdim etməyib, o cümlədən məhkəmə iclasına gəlməyib, bunun səbəbinin üzrlü olduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq iddianı təmin edib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. 12.İddia təmin olunduqdan sonra cavabdeh apellyasiya şikayəti verib və şikayətə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət əlavə edib. Məhkəmə hesab edir ki, ekspertiza təyin edilməsi üçün əsas yoxdur. Birinci, ekspert rəyi sübutetmə vasitəsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh ekspertiza təyin edilməsi barədə vəsatəti özündən asılı olmayan səbəblərə görə birinci instansiya məhkəməsində verməsinin mümkün olmadığını əsaslandırmayıb. Cavabdeh apellyasiya şikayətində bildirib ki, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında iştirakını təmin etmədiyinə görə həmin vəsatəti verə bilməyib. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılıb, o, məhkəməyə teleqram göndərərək xahiş edib ki, müalicə aldığına görə məhkəmə iclası müəyyən müddətə təxirə salınsın. Lakin cavabdeh məhkəməyə müalicə alması barədə sübut təqdim etməyib. Bundan başqa, cavabdeh ekspertiza təyin olunması barədə vəsatəti məhkəmə iclasına gəlmədən də məhkəməyə göndərə bilərdi. İkinci, cavabdeh borcun məbləği ilə nəyə görə razılaşmadığını əsaslandırmayıb, iddiaçıya etdiyi ödənişlər barədə sübut və ya iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyini təkzib edən sübut təqdim etməyib. Bütün bunlar isə onu təsdiq edir ki, həm apellyasya şikayətinin verilməsində, həm də ekspertiza təyin edilməsi barədə vəsatət verilməsində cavabdehin məqsədi iş üzrə icraatın yekunlaşmasını yubatmaqdır. 13.Beləlilklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun kredit alandan tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Digər cavabdeh – zamin apellyasiya şikayəti vermədiyindən qətnamənin ona aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1049/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar