Məhkəmə qərarları › İş №2(103)-3444/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3444/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3444/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun vəkili X4, Cavabdeh2 nümayəndələri Qanuni nümayəndə və Vəkil (vəkil) iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 93000 manat, gecikdirilmiş vaxt üçün 9300 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 102330 manat pulun onun xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən evə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova, iş № 2(001)-7239/2017) iddia qismən təmin edilərək, Cavabdeh2 40000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 manatın iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən ilkin olaraq İddiaçı apellyasiya şikayəti vermiş və o, qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Sarıyev və A.Hüseynov, iş № 2(103)-278/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermiş və qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə Cavabdeh2 53000 ABŞ dolları borc verib. Bu barədə cavabdehin tanışı Cavabdeh1 ilə 40000 manat borc verilməsinə dair borc müqaviləsi bağlanıb. 53000 ABŞ dolları borc versə də, manatın məzənnəsinə uyğun borc müqaviləsində 40000 manat göstərilib. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus ev girov qoyulub. Borc xx.xx.2014-cü ilədək qaytarılmalı idi. Məhkəmə qərarları ilə ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Hazırda dolların məzənnəsi 1,76 manat olduğundan 53000 ABŞ dolları 93000 manat edir. Hesab edir ki, həmin məbləğ ona qaytarılmalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən məlumatlı olmamış, məhkəmə iclasları barədə ona bildiriş göndərilməmiş, mübahisəli ev hərraca çıxarıldıqdan sonra qətnamənin mövcudluğundan xəbərdar olmuşdur. X2 alqı-satqı müqaviləsi ilə onun mülkiyyətində olan evin 20000 manat dəyərində qiymətləndirildiyi halda notariusa "xxxx" ASC tərəfindən təqdim olunmuş arayışa əsasən guya bankın hesabında oturan 20000 manat pulu almadığını, həmin evin qardaşı Cavabdeh2 borcu əvəzinə ödənildiyini təsdiq edə bilər. İddiaçının qanunsuz təzyiqləri nəticəsində oğlu Umudvar Rüstəmovun faktiki olaraq mülkiyyətində olan avtomaşın xx.xx.2015-ci ildə 4600 manata qiymətləndirilərək borcun qaytarılması öhdəliyinin təminatına görə etibarnamə ilə iddiaçıya verilmişdir. Gecikdirilmiş vaxt üçün pul tələbini rədd edərkən məhkəmə cavabdehin borcun gecikdirilməməsi qənaətinə gəlməsinə səbəb borc pulun hissəvi qaytarılması ilə bağlı olsa da, 40000 manat borcdan iddiaçıya 24600 manat pulun qaytarılmasını nəzərə almayıb. 2016-cı ildə keçirilən məhkəmə çəkişməsi zamanı cavabdeh şəxsən iclasda iştirak etmiş, evin və avtomaşının borc əvəzinə verilməsini təsdiq etmişdir. İddiaçının hədələrindən ehtiyat edərək cavabdeh ölkəni tərk etmişdir. Orada olarkən cavabdeh borcunu hissəhissə qaytarmaqda davam etmiş, ümumilikdə əlavə olaraq qardaşı Tapdıqəli Alışovun vasitəsilə 6400 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Borcun qaytarılması üçün Qanuni nümayəndə 2022-ci ilin fevral və mart ayının əvvəllərində iddiaçıya 2000 manat pul vermişdir. İddiaçıya hazırda 2830 manat borcu qalıb və həmin pulu birdəfəyə ödəməyə razıdır. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh ondan 53000 ABŞ dolları borc almışdır. Kredit müqaviləsində həmin dövrün məzənnəsinə uyğun olaraq borc məbləği 40000 manat göstərilmişdir. İddia qaldırılan vaxt isə 53000 ABŞ dollarının məzənnə üzrə dəyəri 90000 manata bərabər olmuşdur. Lakin məhkəmə cavabdehdən onun xeyrinə yalnız müqavilədə göstərilən məbləğin, yəni 40000 manatın tutulması barədə qətnamə çıxarmışdır. Cavabdeh2 2015-ci ildə borcun əvəzi kimi ona “BMW” markalı avtomobil vermişdir. Həmin avtomobil 6000 ABŞ dollarına qiymətləndirilmiş, lakin sonradan o, avtomobilin ipoteka ilə yüklü olduğunu və banka borc qaldığını öyrənərək avtomobilin ipotekadan azad olunması üçün həmin məbləğdən 3000 ABŞ dollarını "xxxx" ASC-yə ödəmişdir. Bundan başqa, Cavabdeh2 Rusiyada olduğu dövrdə qardaşı Tapdıqəli vasitəsilə ona cəmi 6400 ABŞ dolları göndərmişdir. Cavabdehin arvadı Qanuni nümayəndə isə Nizaminin adından ona nəqd şəkildə hər dəfə 1000 manat olmaqla, cəmi 2000 manat, bir dəfə oğluna, bir dəfə özünə ödəyib. Rayondakı evin alqı-satqısına dair qardaşı Əzim Qəniyevin bağladığı alqı-satqı müqaviləsinin hazırkı iş üzrə borca aidiyyəti yoxdur. O, alqı-satqıda iştirak etməyib. Həmin alqı-satqı real olub, evin dəyəri 20000 manat idi, pul ödənilib, ev alınıb. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Nəzərə alınmalıdır ki, hazırkı apellyasiya baxışını qətnamənin iddianın təmin olunmuş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçının şikayəti əsasında iddianın təmin olunmamış hissəsinə apellyasiya qaydasında baxılmış, həmin hissəyə Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Hazırda isə Cavabdeh2 qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehə xx.xx.2013-cü ildə 40000 manat borc vermiş, borc müqaviləsi həmin tarixdə digər Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Müqavilədə borcun qaytarılması müddəti 1 il müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ev girov qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2013-cü ildə bağlanmış kredit və ipoteka müqavilələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həmin qətnamə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq ipoteka müqaviləsi Cavabdeh1 borcunun qaytarılması öhdəliyinin təminatı olaraq bağlanmasına münasibətdə etibarsız hesab olunmuş və ipoteka müqaviləsinin Cavabdeh2la İddiaçı xx.xx.2013-cü ildə şifahi bağladığı borc müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyin təminatı olaraq bağlandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 448.1, 445 və digər maddələrini mübahisəyə tətbiq edərək belə qənaətə gəlmişdir ki, işdə olan sübutlarla borc məbləğinin qismən qaytarıldığı öz təsdiqini tapmır. Ona görə də məhkəmə 40000 manat borcun tutulması hissəsində iddianı əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Baxılan iş üzrə iddiaçı cavabdehə borc verdiyi 53000 ABŞ dolları borcun hazırkı dövrə manata məzənnəsi nəzərə alınmaqla 93000 manat pulun, 9300 manat cərimənin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini yalnız qətnamənin cavabdehdən iddiaçının xeyrinə 40000 manat pul tutulması hissəsi təşkil edir. Cavabdeh2 40000 manat pul aldığını etiraf etmişdir. Bu baxımdan qeyd olunan məbləğin qaytarılmasını sübut etmək yükü həmin tərəfin üzərinə düşür. Cavabdeh2 apellyasiya şikayətində iddiaya etiraz edərək iddiaçıya ev, avtomobil verməklə və nəqd pul şəklində borcunu ödədiyini, qalıq borcunun 2830 manat olduğunu və həmin pulu birdəfəyə ödəməyə razı olduğunu bildirmişdir. İddiaçı apellyasiya baxışında verdiyi izahatında cavabdehin ona borcun əvəzi kimi 6000 ABŞ dollarına qiymətləndirilmiş avtomobil, 6400 ABŞ dolları və 2000 manat nəqd pul verdiyini etiraf etmişdir. Lakin o, bu ödəmələrin 40000 manat borca görə yox, 53000 ABŞ dolları, yaxud 90000 manat borca görə aparıldığını bildirmişdir. Cəlilabad rayonunun Abazallı kəndində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair bağlanmış xx.xx.2014cü il tarixli alqı-satqı müqaviləsinə gəldikdə isə iddiaçı həmin alqı-satqının hazırkı iş üzrə borca heç bir aidiyyəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası ilk növbədə ödəmələrin 40000 manat borca görə yox, 53000 ABŞ dolları, yaxud 90000 manat borca görə aparılması ilə bağlı iddiaçının dəlilini əsassız sayır və qeyd edir ki, tərəflər arasında yalnız 40000 manat borc verilməsinə dair müqavilə bağlandığı müəyyən edilmiş, məhkəmə qətnaməsi ilə yalnız həmin 40000 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmiş, iddiaçı borc məbləğinin 40000 manat deyil, daha çox olduğunu bildirərək qətnaməni həmin hissədə apellyasiya qaydasında mübahisələndirsə də Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının dəlilləri əsassız sayılmış və qətnamə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə qardaşı Tapdıqəli Alışovun mülkiyyətində olan Cəlilabad rayonunun Abazallı kəndində yerləşən fərdi yaşayış evinin 40000 manat borcun 20000 manat hissəsinə görə iddiaçının mülkiyyətinə verdiyini göstərsə də, bu fakt iddiaçı tərəfindən etiraf olunmamış və qəbul edilməmişdir. İddiaçı həmin alqı-satqı müqaviləsinin hazırkı iş üzrə borc məbləğinə hər hansı aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə kollegiyası sorğu göndərməklə notariat işini əldə etmiş və notariat işini öyrənərkən müəyyən etmişdir ki, Cəlilabad rayonunun Abazallı kəndində 0,38 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 157,9 kvm olan fərdi yaşayış evi Tapdıqəli Alışovun və ailə üzvlərinin mülkiyyətində olmuş və ev xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə 20000 manata X1. Müqavilə məbləğini təşkil edən 20000 manat pul vəsaiti xx.xx.2014-cü il tarixdə notariat kontorunun Bankda olan depozit hesabına ödənilmişdir. Həmin məbləğin satıcı tərəfindən depozit hesabdan götürülüb-götürülməməsinə dair notariat işində hər hansı məlumat yoxdur. Məhkəmə kollegiyası bu məsələnin hazırkı icraat çərçivəsində araşdırılmasına lüzum görmür. Məhkəmə kollegiyası hesab edir ki, alıcı üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilə məbləğini təşkil edən 20000 manatı notariusun depozit hesabı vasitəsilə satıcıya ödədiyindən, hazırkı iş üzrə nə iddiaçı, nə də cavabdeh həmin müqavilədə tərəf olmadıqlarından və iddiaçı evin borcun əvəzi kimi ona verilməsini etiraf etmədiyindən cavabdehin alqı-satqı müqaviləsi bağlanmaqla borcun 20000 manat hissəsinin ödənilməsi (əvəzləşdirilməsi) ilə bağlı dəlili əsaslı sayıla bilməz və qəbul edilməməlidir. Göründüyü kimi, apellyator qeyd edilən əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilən borcun bir hissəsinin ödənilməsi (əvəzləşdirilməsi) məqsədilə bağlandığını bildirsə də, bu fakt iddiaçı tərəfindən etiraf olunmur və işdə olan digər sübutlarla təkzib edilir. Belə ki, nə təqdim olunmuş müqavilədən, nə də iddiaçının izahatından müqavilənin məhz həmin borcun əvəzi olaraq bağlandığı görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə məbləğin ödənilməməsi satıcıya müqavilə məbləğini Bankdan, yaxud alıcıdan tələb etmək və ya bununla bağlı məhkəmədə müvafiq iddia qaldırmaq hüququ verir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdehin göstərdiyi və iddiaçının etiraf etdiyi digər ödəmələrlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdeh borcun əvəzi kimi ilkin olaraq 2015-ci ildə iddiaçıya “BMW” markalı avtomobil verdiyini göstərmişdir. İş materiallarından həmin avtomobilin 1999-cu ildə istehsal olunduğu görünür. İddiaçı bu faktı apellyasiya baxışı zamanı etiraf etdi və bildirdi ki, avtomobil qarşılıqlı razılıq əsasında 6000 ABŞ dollarına qiymətləndirilmiş, lakin sonradan avtomobilin ipotekadan azad olunması üçün həmin məbləğdən 3000 ABŞ dollarını "xxxx" ASC-yə ödəmək məcburiyyətində qaldığından həmin ödəməni 3000 ABŞ dolları həddində qəbul edir. Cavabdeh apellyasiya şikayətində avtomobili xx.xx.2015-ci il tarixdə 4600 manata qiymətləndirilməklə borcun hesabına iddiaçıya verdiyini göstərmişdir. Apellyasiya baxışında isə cavabdehin nümayəndəsi həm izahatında, həm də yazdığı ərizələrdə avtomobilin qiyməti ilə bağlı fərqli rəqəmlər (7000, 10000, 12000, 13000) səsləndirmişdir. Məhkəmə kollegiyası avtomobilin 4600 manata qiymətləndirilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətində göstərilənləri mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmin məbləğin iddiaçının etiraf etdiyi məbləğlə əhatə olunduğunu və xx.xx.2015-ci il tarixdə dolların manata olan mövcud məzənnəsini nəzərə alır. Cavabdehin göstərdiyi digər ödəmələr, yəni 6400 ABŞ dolları və 2000 manat iddiaçı tərəfindən etiraf olunduğundan və tərəflərin izahatlarında bununla bağlı hər hansı ziddiyyət olmadığından məhkəmə kollegiyası tərəflərin izahatlarının həmin hissədə mötəbərliyini qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarilə cavabdeh tərəfindən cəmi 17480 manat (4600 manat + 6400 ABŞ dolları məzənnə üzrə 10880 manat + 2000 manat) borcun iddiaçıya qaytarıldığı müəyyən olunur. Apellyator etdiyi ödənişlər nəticəsində iddiaçıya cəmi 2830 manat borcunun qaldığını bildirsə də, bunu sübut edə bilməmiş, bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, qətnamə iddianın təmin olunan hissəsində ləğv olunmaqla iddianın qismən təmin olunması, yəni cavabdehdən iddiaçının xeyrinə 22520 (40000-17480) manat pul tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri üzrə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə məlumat verilməməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya iş materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 məhkəməyə məlum olan hər iki ünvanına (ünvan 5d rayonu, Abazallı kəndi) bildiriş göndərilmiş, müvafiq poçt göndərişinin reyestri işə əlavə edilmiş (i.v18), məktub “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmaq məqsədilə məhkəmə bildirişinin çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə Binəqədi rayonu Rəsulzadə qəsəbə nümayəndəliyinə müvafiq sorğu vermişdir. Göründüyü kimi, məhkəmə işə baxarkən cavabdehin lazımi qaydada məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, hazırkı kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsi apellyasiya qaydasında mübahisələndirilərkən Cavabdeh2 apellyasiya baxışında iştirak etmiş, iddia tələbinə münasibət bildirmişdir. Beləliklə, iddiaçı faktiki olaraq borcla bağlı aralarında məhkəmə mübahisələrinin mövcudluğundan xəbərdar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh2 22520 (iyirmi iki min beş yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Mübahisələndirilən qalan hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar