Məhkəmə qərarları › İş №2(103)-3444/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3444/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3444/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin e-2(011)-2825/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsi üzrə 3421,83 manat əsas, 3509,24 manat faiz, 170,26 manat cərimə borcu, cəmi 7101,33 manat, xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsi üzrə 1089,07 manat əsas, 877,13 manat faiz, 42,34 manat cərimə borcu, cəmi 2008,54 manat borc, ümumilikdə 9109,87 manatın və dövlət rüsumu olaraq ödənilmiş 111,10 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 24 ay müddətinə, illik 24% olmaqla, 10.000 AZN məbləğdə kredit verilmişdir. 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə Cavabdeh3 arasında 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Eyni zamanda, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 18 ay müddətinə, illik 20 % olmaqla, 2.000 AZN məbləğdə kredit verilmişdir. 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Cavabdeh2 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilməmiş, kredit borcu ödənilməmişdir.

3. Xətai Rayon Məhkəməsinin e-2(011)-2825/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 Əliddin oğlundan və Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 3421,83 manat əsas borc, 3509,24 manat faiz borcu, 170,26 manat cərimə borcu olmaqla, cəmi 7101,33 manat borc və 71,1 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh2 Əliddin oğlundan və Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1089,07 manat əsas borc, 877,13 manat faiz borcu, 42,34 manat cərimə borcu olmaqla, cəmi 2008,54 manat borc və 40 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır.

4. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, iddiaçı və digər Cavabdeh2 qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onların dəlilləri:

5. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışlar ki, hər iki kredit müqaviləsində aydın şəkildə görünür ki, zaminlik müqaviləsi qüvvədən düşüb. Odur ki, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:

6. İddiaçının nümayəndəsi L.Namazova məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, Cavabdeh2 ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kredit müqavilələri mövcuddur. Həmin müqavilələr 18 ay və 24 ay müddətinə bağlanmışdır. Cavabdeh3la olan 1526/02 saylı zaminlik müqaviləsi 24 ay müddətinə bağlanmışdır. 18 fevral 2023-cü ildən etibarən 1 il müddətində ona qarşı iddia qaldıra bilərlər. Zaminlərə münasibətdə iddiaçının 1 il müddətində məhkəməyə müraciət etmək hüququ vardır. Onlar xx.xx.2025-ci il tarixdə rayon məhkəməsinə müraciət etmişlər.

7. Cavabdehlər apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər.

8. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin hazırki adı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dir.

10. xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh2 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 10000 manat kredit vermiş, Cavabdeh2 isə kredit borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutumuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faizi dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48 faiz olmaqla faiz hesablana bilər.

11. xx.xx.2021-ci il tarixli, 1526/2 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh3 həmin müqaviləyə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə borcalanın BOKT qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür.

12. xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh2 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 2000 manat kredit vermiş, Cavabdeh2 isə kredit borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutumuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faizi dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 40 faiz olmaqla faiz hesablana bilər.

13. xx.xx.2021-ci il tarixli, 1526/3 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021- ci il tarixli, 1526/3 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh1 həmin müqaviləyə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə borcalanın BOKT qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür.

14. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh2 Əliddin oğluna və Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1530/24 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3421,83 manat, faiz borcu üzrə 3309,48 manat, cəmi 6731,31 manat borcu vardır, onlara banka olan bütün borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir

15. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh2 Əliddin oğluna və Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1528/24 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1089,07 manat, faiz borcu üzrə 821,45 manat, cəmi 1910,52 manat borcu vardır, onlara banka olan bütün borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

16. 1550/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC -yə xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 3421,83 manat, faiz borc məbləği 3509,24 manat, cərimə borc məbləği 170,26 manat olmaqla, cəmi 7101,33 manat borcu yaranmışdır.

17. 1549/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC -yə xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 1089,07 manat, faiz borc məbləği 877,13 manat, cərimə borc məbləği 42,34 manat olmaqla, cəmi 2008,54 manat borcu yaranmışdır Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları:

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətlərinə əsasən onlara münasibətdə iddia tələbinin qismən təmin edilən hissəsində, yəni onlar tərəfindən mübahisələndirilən hissədə yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

22. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir.

23. Mülki işin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh2 24 ay müddətinə, xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsinə əsasən isə 18 ay müddətinə kredit vermişdir.

24. xx.xx.2021-ci il tarixli, 1526/2 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır və xx.xx.2021-ci il tarixli, 1526/3 saylı zaminlik müqaviləsi və xx.xx.2021- ci il tarixli, 1526/3 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Onlar həmin müqavilələrə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.

25. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edir ki, zaminliyin təmin etdiyi öhdəliyin icra müddəti, yəni Cavabdeh2 kredit müqavilələrin icra müddəti müvafiq olaraq 1526/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il, 1526/3 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2023-cü il tarixdə bitir.

26. MM-in 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

27. Belə olan halda Məhkəmə hesab edir ki, kreditorla zaminlər arasında olan xx.xx.2021-ci il tarixli, 1526/2 saylı zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli, 1526/3 saylı zaminlik müqaviləsi zaminlik müddəti bitdiyi üçün xitam olunmuşdur.

28. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli, 1526/2 saylı zaminlik müqaviləsi üzrə kredit müqaviləsinin icra müddəti çatdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən etibar 1 il ərzində, xx.xx.2024-cü ilə qədər; xx.xx.2021-ci il tarixli, 1526/3 saylı zaminlik müqaviləsi üzrə kredit müqaviləsinin icra müddəti çatdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixədən etibarən 1 il ərzində, xx.xx.2024-cü ilə qədər iddia qaldıra bilərdi, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olmuşdur..

29. Beləliklə də mülki işin materiallarından aydın olur ki, iddiaçı zaminlik müqavilələri üzrə öhdəliyin icrasını zaminlərdən tələb etməklə bağlı qanunla müəyyənləşdirilmiş müddətləri ötürmüşdür. Rayon məhkəməs işin bu mühüm halını diqqətdən qaçırmış, nəticədə də zaminlərə münasibətdə düzgün olmayan qətnamə qəbu etmişdir.

30. Beləliklə, iddia tələbini qismən təmin edən rayon məhkəməsinin mövqeyi əsassız olduğundan və cavabdehlərin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, rayon məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iddia tələbinin apellyatorlara münasibətdə təmin edilən hissə rədd edilməsinıə dair yeni qətnamə qəbul edilməlidir. Nəticə:

31. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsassız olduğundan- zaminlərə münasibətdə zaminliklə bağlı maddi hüqquq normasının tətbiqində səhvə yol verildiyindən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan şikayət təmin edilməli, rayon məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir.

32. Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh zaminlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Xətai Rayon Məhkəməsinin e-2(011)-2825/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə ləğv edilsin, iddia tələbi zaminlər Cavabdeh3 və Cavabdeh1 aid hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehlərin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar