Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3445/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, iddiaya cavab verməli olan şəxs, sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. 2012-ci il buraxılışlı, “Nissan Patrol” minik markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil isə "xxxx" MMC-nin mülkiyyətindədir.
2. "xxxx" MMC tərəfindən “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X4 01-30 aprel 2022-ci il tarixləri üçün yol vərəqəsi verilmişdir.
3. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində X3 yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən “Nissan Patrol” minik markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Nissan Patrol” minik markalı avtomobilə ziyan dəymişdir.
4. Sabunçu RPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə barədə” qərarı ilə X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, o, 40 manat cərimə olunmuşdur.
5. “Nissan Patrol” minik markalı avtomobilin rəsmi distrbyutoru olan "xxxx" MMC-nin ("xxxx") xx.xx.2022-ci il tarixdə tərtib etdiyi qüsur aktında göstərilmişdir ki, həmin avtomobilin cəmi təmir xərcləri 4210 manat işçilik haqqı, 22 803 manat ehtiyat hissələrinin dəyəri olmaqla 27 013 (iyirmi yeddi min on üç) manat təşkil edir. Həmin aktda qeyd olunmuşdur ki, hərəkətli hissələrə razval olunub təkrar baxılmalıdır, ilkin qüsur aktına əlavələr ola bilər.
6. İddiaçı sifarişi əsasında "xxxx" Qiymətləndirmə Şirkətinin verdiyi xx.xx.2022ci il tarixli rəydə göstərilmişdir ki, “Nissan Patrol” minik markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci 31 800 manat təşkil edir.
7. “Nissan Patrol” minik markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli AZ/MİA/21/0028 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası” şəhadətnaməsi əsasında xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" ASC tərəfindən 8000 manat həddində, 100 manat azadolma məbləği müəyyən edilməklə bir sıra risklərdən, o cümlədən avtonəqliyyat hadisəsi zamanı avtomobilə zərər dəyməsi hadisəsindən könüllü qaydada sığortalanmışdır.
8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktına görə, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 15 323 manat məbləğində hesablanmışdır. Sığorta aktında qeyd olunmuşdur ki, zərər məbləği sığorta məbləğini aşdığından sığorta məbləğindən 100 manat azadolma məbləği çıxılaraq 7900 manat sığorta ödənişi faydalanan şəxsin hesabına köçürülür.
9. 23 may 2022-ci il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən İddiaçı "xxxx" ASC-də olan hesabına 7900 manat sığorta ödənişi ödənilmişdir.
10. “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti Dövlət Sığorta Kommersiya Şirkətində ("xxxx" ASC) sığortalanmış, “Nissan Patrol” minik markalı avtomobilə dəymiş zərərə görə həmin sığorta şirkəti tərəfindən subroqasiya qaydasında "xxxx" ASC-nə 2577,82 manat ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən zərərin əvəzi olaraq 23 900 manatın, həmçinin 162 manat dövlət rüsumunun, yəni ümumilikdə 24 062 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində özünə məxsus “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu qəsəbəsində şəhər şossesi ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağda olan ikinci dərəcəli yoldan baş yola çıxan “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili qəflətən onun yoluna çıxdığından avtomobillər toqquşmuşdur. Hadisə ilə bağlı Sabunçu RPİ-nin X8 Şöbəsi tərəfindən araşdırılma aparılmış, hadisənin xüsusatları təhlil edilmiş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh MMC-yə məxsus olan həmin yük avtomobilinin sürücüsü X5 yol nəqliyyat hadisəsinin törənməsində təqsirkardır. İnzibati xəta haqqında işin nəticəsi olaraq X5 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimələnmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Nissan Patrol” markalı avtomobil ciddi zədələnmiş, ümumilikdə avtomobilə dəyən ziyan və ziyanın aradan qaldırılması üçün çəkilən xərclər 31 900 manat olmuşdur. X3 qəsdən törətdiyi xəta nəticəsində dəymiş zərərin könüllü ödənilməsi ondan tələb olunsa da o, zərərin əvəzini ödəyə bilməyəcəyini, şirkətdə sürücü kimi aşağı maaş aldığını bildirmişdir. “Nissan Patrol” markalı avtomobil tam sığortalandığından ona "xxxx" ASC tərəfindən 7900 manat hesablanaraq sığorta ödənişi ödənilmişdir. Avtomobilin təmir edilməsinə xərclənən vəsait ümumilikdə 31 900 manat olduğundan qalan 23 900 manat vəsaitin ödənilməsi üçün X4 müraciət edilmiş, lakin o, hər hansı vəsaitin ödənilməsini təmin edə bilməyəcəyini bildirmişdir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılaraq onların işçisi olan Ağayar Qarayevin idarə etdiyi yük maşını ilə qəsdən xəta törəldiyi və nəticədə ona məxsus avtomobilə ciddi zərər dəydiyi üçün zərərin əvəzinin ödənilməsi tələb olunmuş, MMC-nin nümayəndəsi məsələdən xəbərdar olduqlarını, müdiriyyətin onunla əlaqə saxlayacağını bildirsə də, hal-hazıradək bu məsələ ilə bağlı şirkətin müdiriyyəti əlaqə saxlamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən işçinin vurduğu zərərin əvəzinin ödənilməsi məhz işəgötürənin öhdəliyi olduğunu bilsə də, Cavabdeh MMC zərərin əvəzinin ödənilməsindən boyun qaçırmışdır.
13. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının sığortası tam sığortadır, lakin təqdim olunmuş sənədlərdən sığortanın natamam oluğu görünür. "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, 2272,82 manat sığorta ödənişi alınıb. İddiaçı tərəfin bu məbləği alıb-almaması maraq kəsb edir. Ziyanın qiymətləndirilməsi ilə bağlı isə fərqli rəqəmlər mövcuddur. İlkin qiymətləndirmədə 15 323 manat qiymət müəyyən edilib və iddiaçı bununla razılaşıb. Deməli həmin məbləği alıblar. Razılaşmasa idilər mübahisələndirə bilərdilər, lakin mülki işin materiallarında mübahisələndirmə ilə bağlı heç bir sənəd yoxdur. Bu səbəblə ilkin qiymətləndirilmə mötəbər sübut hesab edilməli, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunan rəy sübutlar siyahısından çıxarılmalıdır. Digər tərəfdən Cavabdeh MMC kənd məhsulları istehsalı ilə məşğuldur və aşağı məbləğ təklif etmişdir. Ümumilikdə isə Cavabdeh MMC cavabdeh qismində iştirak etməməlidir.
14. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli rəyində göstərmişdir ki, 2012-ci il buraxılışlı “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 27 013 manat müəyyən edilmişdir.
15. Məhkəmənin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 19 113 (on doqquz min yüz on üç) manatın tutulub İddiaçı ödənilməsi, iddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %-nin, yəni 81 (səksən bir) manatın Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi, qalan 50 %-nin, yəni 81 manatın iddiaçıya aid edilməsi, iddia qismən təmin edildiyindən 100 manat ekspertiza xərcinin 50%-nin, yəni 50 manatın Cavabdeh MMC-dən, qalan 50%-nin, yəni 50 manatın İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
16.1. İşdə olan sübutlarla Cavabdeh MMC-də sürücü vəzifəsinə çalışan X3 yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 23 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində Sabunçu qəsəbəsi şəhər şossesi yolunda ikinci dərəcəli yoldan baş yola çıxarkən “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşduğu, yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyi təsdiq edilir. "xxxx" MMC tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 27 013 manat məbləğində, Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2022-ci il tarixli MB 15/0760 №-li qiymətləndirmə hesabatı ilə “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcinin bazar dəyəri 31 800 manat məbləğində qiymətləndirilmişdir. 16.2. Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 9/7666 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, "MBA Consulting” MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı və “FNC (Nurgün) motors” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 27 013 manat müəyyən edilmişdir. 16.3. Bununla yanaşı təsdiq edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş AZ/MİA/21/0028 saylı şəhadətnaməyə əsasən dəyəri 60 000 manat olan “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8000 manat sığorta məbləği müəyyən edilməklə natamam kasko növündə sığortalanmış, bu məbləğ nəzərə alınaraq iddiaçıya sığortaçı tərəfindən 7900 manat sığorta ödənişi ödənilmişdir. 16.4. Yəni iddiaçıya dəyən real zərər 27 013 manat olduğu halda, həmin zərərlə bağlı ona cəmi 7900 manat ödənilmişdir. 16.5. “Nissan Patrol” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilə 27 013 manat məbləğində ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, eləcə də zərər vuran şəxs X3 vurduğu zərərə görə nəqliyyat vasitəsinin qanuni sahibi olan Cavabdeh MMC məsuliyyət daşıdığından, iddiaçının xeyrinə cavabdehdən 19 113 manat (27 013 manat - 7900 manat = 19 113 manat) pul vəsaiti tutulmalıdır.
17. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.2.6-cı, 21.1-ci, 386.1-ci, 1096-cı, 1097.1-ci, 1099.1-ci, 1108.1-ci, 1115-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir.
18. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, X3 hadisəni törətdiyi vaxt Cavabdeh MMC-də deyil, başqa bir şirkətdə - "xxxx" MMC-də sürücü işlədiyi, lakin məhkəmənin bu halı araşdırmayaraq məsuliyyəti əsassız şəkildə "xxxx" MMC-nin üzərinə qoyduğu, “Nissan Patrol” markalı avtomobilə 15 323 manat ziyan dəyməsinə dair ilkin qiymətləndirmə rəyinə də ümumiyyətlə münasibət bildirmədiyi, həmçinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həmin avtomobilə dəymiş ziyana görə 2777,82 manat ödəniş həyata keçirildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
20. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu, təmsil etdiyi şəxsin avtomobilinin rəsmi servisinin avtomobilə dəymiş ziyanı hesabladığını, cavabdehin sadəcə ziyanı ödəməkdən yayınmaq üçün hər vasitəyə əl atdığını bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
27. Maddə 895.1. Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.
28. Maddə. 895.2. Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.
29. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
30. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
31. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.
32. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
33. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
34. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
35. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
36. Maddə 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür.
37. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
38. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
39. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
40. Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
41. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
42. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
44. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
45. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
46. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
47. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
48. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari sığortalar haqqında” Qanun
49. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
50. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
51. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddiası qismən təmin olunsa da, o, qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını istəsə də, əslində onun şikayəti qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
61. Yuxarıda qeyd olunduğu kimi, “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmuş və yol-nəqliyyat hadisəsi həmin avtomobil X5 tərəfindən yol vərəqəsi əsasında idarə edildiyi zaman baş vermişdir.
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.
63. Ağayar Qarayevin “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-nin verdiyi yol vərəqəsi əsasında idarə etmiş olması, onun həmin hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına adı çəkilən hüquqi şəxsin nəzarəti altında fəaliyyət göstərdiyi, yaxud fəaliyyət göstərməli olduğu qənaətinə gəlməyə əsas verir – bu qənaəti təkzib edəcək hər hansı sübut isə məhkəməyə təqdim olunmamışdır.
64. Bu baxımdan kollegiya hesab edir ki, apellyatorun “X3 hadisəni törətdiyi vaxt Cavabdeh MMC-də deyil, başqa bir şirkətdə - "xxxx" MMC-də sürücü işlədiyi və buna görə "xxxx" MMC-nin zərərdən məsuliyyət daşımadığı” dəlili əsaslı hesab oluna bilməz.
65. Digər tərəfdən qeyd olunmalıdır ki, hətta Ağayar Qarayevin “Hyundai HD78 Yük” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-nin tapşırığı, yaxud işlərin təhlükəsiz aparılmasına adı çəkilən hüquqi şəxsin nəzarəti altında olmadan idarə etdiyi müəyyən olunsaydı belə, bu halda apellyasiya şikayətinin həmin dəlili baxımından qiymət verilməli olan məsələ, avtomobilin onun istifadəsinə verilmiş olmasında MMC-nin təqsirli olub-olmadığı olacaqdı.
66. Belə ki, Ağayar Qarayev avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin ("xxxx" MMC-nin) iradəsi ilə sahiblik etmiş, lakin əgər o, adı çəkilən MMCnin işçisi olmamışdırsa, bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilikdə nəqliyyat vasitəsinin sahibi ilə əmək münasibətlərində olmayan fiziki şəxslərə “yol vərəqəsi” adlanan sənədin verilməsi və avtomobilin həmin sənəd əsasında idarə olunması imkanı nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Hyundai HD78 Yük” markalı avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə olunmasında (əgər Ağayar Qarayev hüququ olmayan şəxs hesab olunarsa) MMC təqsirli olmuşdur və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır.
67. Kollegiya, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır.
68. Belə ki, yuxarıda qeyd olunduğu kimi, “Nissan Patrol” minik markalı avtomobilin rəsmi distrbyutoru olan "xxxx" MMC ("xxxx") həmin avtomobilə dəymiş ziyanı 27 013 (iyirmi yeddi min on üç) manat məbləğində qiymətləndirmiş və bu məbləğin arta biləcəyini göstərmiş, iddiaçının sifarişi əsasında "xxxx" Qiymətləndirmə Şirkəti avtomobilin təmir xərcinin 31 800 manat təşkil etdiyinə dair rəy vermiş, avtomobili kasko sığorta növündə sığortalamış "xxxx" ASC isə avtomobilə dəymiş ziyanı 15 323 manat məbləğində hesablamışdır.
69. Kollegiyanın qənaətinə görə, “Nissan Patrol” minik markalı avtomobilin kasko sığorta təminatı maksimum 8000 manat həddi ilə məhdudlaşdığından, iddiaçı üçün "xxxx" ASC-nin müəyyənlşdirdiyi ziyan məbləğinin heç bir əhəmiyyəti olmamışdır – çünkü həmin məbləğin nə qədər təşkil etməsindən asılı olmayaraq, onun "xxxx" ASC-dən ala biləcəyi məbləğ maksimum 8000 manat təşkil etmiş, qeyd olunduğu kimi 7900 manat ona ödənilmişdir.
70. Buna görə də kollegiya, cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü həmin halı, yəni avtomobilə dəymiş ziyanın 15 323 manat məbləğində müəyyənləşdirilməli olduğu arqumentini əssassız hesab edir.
71. İddiaçının avtomobilinə dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ona görə əsaslı hesab olunmalıdır ki, həmin məbləğ həm “Nissan Patrol” markalı avtomobilin rəsmi distryubutorunun verdiyi rəyə, həm də məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı ekspertin rəyi ilə müəyyən edilmiş məbləğə uyğun olmuş, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir.
72. “Hyundai HD78 Yük” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortasına görə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilən 2577,82 manat isə iddiaçıya deyil, subroqasiya qaydasında "xxxx" ASC-nə verilmişdir.
73. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
"xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-140/2023 saylı iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh MMC-dən 19 113 (on doqquz min yüz on üç) manatın tutulub İddiaçı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 50 %-nin, yəni 81 (səksən bir) manatın Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi, 100 manat ekspertiza xərcinin 50%nin, yəni 50 manatın Cavabdeh MMC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən "xxxx" MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə