Məhkəmə qərarları › İş №2(103)-3446/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3446/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3446/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəfindən iddiaçıya vurulmuş 2073,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 210,88 manat pulun və 42,85 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə AKX-05467xx/xx-2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00172 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat məbləğində maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 19,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 70,12 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 116,28 manat sərfiyyat borcu və uçotu pozulmuş qaz sərfin 0,20 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 56,88 manat sərfiyyat borcu, cəmi 262,88 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 52 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 210,88 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 2284,48 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilmiş, Cavabdeh 210,88 manat debitor borc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı bank hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdeh tərəfindən qanunsuz qoşulma halının müəyyən olunması, bu barədə aktın tərtib olunması, aktlın qanuni olması, müdaxilə faktının aşkar olunması, əlavə sərfiyyatın düzgün hesablanması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddianın tam təmin olunmalı olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğün izahat vermiş, əlavə olaraq mübahisəli ünvanda daimi yaşamadığını, yalnız ilin müəyyən vaxtlarında orada yaşadığını, həmin müddətdə də qazdan qanunauyğun və sayğac əsasında istifadə etdiyini, qanunsuz qoşulma halının ümumiyyətlə olmadığını, rayon məhkəməsi tərəfindən ətraflı araşdırmanın aparıldığını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AKX-05467xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan “təbii X2nın pozulması” haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan və eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində cavabdehə məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, nəticədə 8856 m3 əlavə sərfiyyat (dəymiş ziyan) hesablanmışdır. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan və eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində cavabdehə məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, nəticədə 11880 m3 əlavə sərfiyyat (dəymiş ziyan) hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat məbləğində zərər hesablanmış, cavabdehin debitor borcu 210,88 manat təşkil edir. Həmçinin, iş materiallarında olan 31 yanvar 2024-cü il tarixli yerində müayinə (yerli baxış) protokolundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı evə gedən qaz xəttinə cavabdehin əvvəllər qanunsuz qoşulma ehtimalının mövcudluğu aşkar olunmamışdır. İddiaçı, qeyd edilən aktlara əsaslanaraq, cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsinin aşkar olunmasını iddia etmiş, həmin aktlara əsasən əlavə sərfiyyat hesablanmasını göstərmiş, həmçinin cavabdehin debutor borcunun oldğunu bildirmişdir.. Cavabdeh isə, iddiaya etiraz edərək, yalnız debutor borcunun olduğunu, sayğacdan kənar təbii qazdan istifadə etmədiyini, aktların birtərəfli qaydada tərtib olunduğunu və s. bildirmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona dəymiş ziyanı sübut etmək vəzifəsini daşıyır, lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı, Cavabdeh təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyini iddia edərək, ona zərər vurulduğunu iddia etsə də, istinad etdiyi hala, yəni həmin borcun cavabdehin hüquqazidd hərəkətləri nəticəsində yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, cavabdehə məxsus evə baxış keçirilmiş və cavabdehin qaz xəttinə qanunsuz qoşulmadığı müəyyən olunmuşdur. İddiaçının sübut qismində təqdim etdiyi fotoşəkillər cavabdehin ünvanına aid olsa da, şəkillərdə əks olunan qaz xətti və sayğaca qoşulma yerli baxış zamanı da eyni vəziyyətdə olmaqla İddiaçı tərəfindən çəkilmişdir. Əksinə qanunsuz olsa idi, İddiaçı tərəfindən kənar qaz xətti ləğv edilməli idi. Yerli baxış zamanı iddiaçının nümayəndəsi də iştirak edərək heç bir qanunsuz qoşulmaya yol verilmədiyini və xəttin İddiaçı tərəfindən çəkildiyini bildirmişdir. Qeyd olunan səbəbdən, iddia tələbi həmin hissələrdə əsassız oldğundan rədd olunmalı, debitor borcu hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aktların tərtib edildiyi dövrdə qüvvədə olmuş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Aktların tərtib edildiyi zaman qüvvədə olmuş «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdehin abonent hesabına borcun hesanlanmasına dair əsaslar, həmçinin iddiaçı qrum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi aktlardan isə görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı, cavabdehin həmin aktlarda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Bununla yanaşı, təqdim edilmiş fotoşəkillərə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus ünvana baxış keçirilmiş, şəkillərin həmin ünvana məxsus olması müəyyən olunsa da, qanunsuz qoşulma halı müəyyən olunmamışdır. Eləcə də, yerli baxış zamanı şəkillərdəki vəziyyətin davam etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunsuz qoşulma halı əvvəlcə müəyyən olunmuşdursa, Birliyin əməkdaşları qanunsuz qoşulma halını aradan qaldırmalı və zərəri hesablamalı idilər. Lakin bu hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, bu hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (2073.60 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar