Məhkəmə qərarları › İş №2(103)-3447/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3447/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3447/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “xxxx” ASC ilə cavabdehin arasında bağlanmış 22.07.2013-cü il tarixli, 01138 saylı kredit müqaviləsi üzrə əldən çıxmış fayda kimi 19.541,46 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, əldə çıxmış fayda kimi 19.541,46 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı bildirir ki, başqa mülki iş üzrə qəbul olunmuş qətnamə ilə həmin kredit müqaviləsi üzrə cəmi 53.434,05 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması qət olunub. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 02.09.2020-ci il tarixinədək əldən çıxmış fayda kimi 19.541,46 ABŞ dolları zərər hesablanıb. Mülki Məcəllənin 21.2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarında qeyd olunub: “... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. Ona gördə iddiaçı əldə çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “... kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir”. Konstitusiya Məhkəməsinin qərarında daha sonra qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. Lakin iddiaçı maliyyə arayışından (iş v. 7) başqa məhkəməyə heç bir sübut (kredit müqaviləsi, əvvəlki iş üzrə məhkəmə qətnaməsi, bankın həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarı barədə arayış və s.) təqdim etməyib. Məhkəmənin yalnız maliyyə arayışına əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 19.541,46 ABŞ dolları pul tutması mümkün deyil. Göründüyü kimi, tələbin əsasına dair sübutlar təqdim edilməyib. Ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar