Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3448/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, Cavabdeh2 36 ay müddətinə, illik 27%-lə 15 000 manat kredit verməyi, Cavabdeh2 isə krediti faizləri ilə birlikdə geri qaytarmağı öhdələrinə götürmüşlər.
2. Bank, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, Həbib-X1 Vüsal Nəhmədoviçin bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını zamin qismində üzərinə götürmüşdür.
3. 18.08.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 26 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 11 avqust 2023-cü il tarixinə 13 398,74 manat əsas, 14 902,58 manat faiz, 8880,03 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1951,14 manat faiz borcu olmaqla, ümumilikdə 39 132,49 manat borcu vardır.
4. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Ləğv prosesində olan İddiaçı ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 13 398,74 (on üç min üç yüz doxsan səkkiz manat yetmiş dörd qəpik) manat əsas, 14 902,58 (on dörd min doqquz yüz iki manat əlli səkkiz qəpik) manat faiz, 8880,03 (səkkiz min səkkiz yüz səksən manat üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1951,14 (bir min doqquz yüz əlli bir manat on dörd qəpik) manat faiz borcu olmaqla cəmi 39 132,49 (otuz doqquz min bir yüz otuz iki manat qırx doqquz qəpik) manat borcun və 207,40 (iki yüz yeddi manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla Cavabdeh2 arasında 26 sentyabr 2017-ci il tarixdə 001364 nömrəli bank xidmətləri müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 36 (otuz altı) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM1/021T09172878 №-li 26 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********871 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 39 132,49 (otuz doqquz min bir yüz otuz iki manat qırx doqquz qəpik) manat təşkil edir. Bundan 13 398,74 (on üç min üç yüz doxsan səkkiz manat yetmiş dörd qəpik) manat əsas, 14 902,58 (on dörd min doqquz yüz iki manat əlli səkkiz qəpik) manat faiz, 8880,03 (səkkiz min səkkiz yüz səksən manat üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1951,14 (bir min doqquz yüz əlli bir manat on dörd qəpik) manat faiz borcu təşkil edir.
7. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olması ilə yanaşı iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, 26 sentyabr 2017-ci il tarixli 001364 nömrəli Bank Xidmətləri Müqaviləsinə 26 sentyabr 2017-ci il tarixində 5 saylı Əlavə bağlanaraq Cavabdeh2 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 15 000 manat məbləğində kredit verilmişdir. 26 sentyabr 2017-ci il tarixdə bağlanmış müqavilənin müddəti 26 sentyabr 2020-ci il tarixdə bitmiş, lakin iddiaçı müqavilə tələbləri üzrə müəyyənləşdirilən 3 illik müddəti ötürərək məhkəmədə iddia qaldırmışdır.
10. Cavabdeh2 məhkəmə iclasında izahat verən nümayəndəsi (vəkili) iddia tələbini qəbul etmədiyini bildirərək və tərəflərindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/9321 saylı xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 001364 saylı Kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; müqavilə bitən müddətinə, yəni xx.xx.2020-ci il tarixinə; 13 398,74 manat əsas borc üzrə; 10 022,30 manat faiz borcu üzrə. Müqavilə bitən müddətdən sonra illik 5%-lə xx.xx.2023cü il tarixinə; 13 398,74 manat əsas borc üzrə; 11 946.51 manat faiz borcu üzrə.
14. Birinci instansiya məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 13 398,74 manat (on üç min üç yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) əsas, 10 022,30 manat (on min iyirmi iki manat, otuz qəpik) faiz, 1000 manat (min manat) cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1924 manat (min doqquz yüz iyirmi dörd) faiz, ümumilikdə 26 345,04 manat (iyirmi altı min üç yüz qırx beş manat, dörd qəpik) borcun və 192,68 manat (yüz doxsan iki manat, altmış səkkiz qəpik) dövlət rüsumunun tutulması, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh2 tutulub müvafiq hesaba köçürülməsi, iddianın Cavabdeh1 münasibətdə və qalan hissədə rədd edilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 373-cü, 375-ci, 377-ci, 385.1-ci, 442-ci, 443.1-ci, 447.7-ci, 448.1-ci, 449.1-ci, 467-ci, 470.1-ci, 472.1-ci, 477.0.4-cü, 739-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. 15.2. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 13 398.74 AZN, müqavilə müddəti bitən tarixə faiz borcu 10 022.30 AZN, müqavilə müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixinə illik 5%-lə birlikdə hesablanmış faiz borcu 11 946.51 AZN təşkil edir. 15.3. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və Cavabdeh2 bankın xeyrinə müqavilə müddətinin sonuna 13 398.74 AZN əsas, 10 022,30 manat faiz borcu tutulmalıdır. 15.4. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz dərəcəsi 1924 manat məbləğində müəyyən edildiyindən ekspert rəyi sübut növü kimi qəbul edilməli və iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. 15.5. İddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 1000 AZN (min manat) məbləğində müəyyən edilməlidir. 15.6. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamin Cavabdeh1 da müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Zaminliyə avtomatik olaraq xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. 15.7. Məhkəmə Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ərizə əsassızdır. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən əsas borcluya münasibətdə iddia müddəti ötürülməmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2017-ci il tarixli kredit müqaviləsi 3 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək bağlanılmış, iddiaçı tərəfindən iddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir.
16. Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, sübutlara düzgün qiymət vermədiyi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsinin pandemiya dövrünə təsadüf etdiyini, həmin dövrdə bankların faiz və komissiyaları azaltmalı olduqlarını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2, həmçinin digər cavabdeh məhkəməyə gəlməmiş, bununla belə, Cavabdeh2 nümayəndəsi (vəkili) elektron kabinet vasitəsilə vəsatət göndərərək iş üzrə təkrar mühasibatlıq ekspertizasının təyin olunmasını, iddiaçı bankın nümayəndəsi isə ərizə göndərərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
19. İşin halları və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
27. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.
28. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
32. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
33. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Çünki qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilməmişdir və buna görə də iddianın təmin olunmayan hissəsində qətnamə apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
46. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh2 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
47. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2020-ci il tarixinə (müqavilə müddətinin başa çatdığı tarixə) 13 398,74 manat əsas, 10 022,30 manat faiz borcu olmuş, müqavilə müddətinin başa çatmasından sonra 5% hesabı ilə 1924 manat faiz borcu yaranmışdır (ekspert rəyinin nəticə hissəsində müqavilə müddətinin başa çatma tarixinə hesablanmış faizlə müddətin başa çatmasından xx.xx.2023-cü il tarixinədək hesablanmış faiz rəqəmlərinin yerləri səhv göstərilsə də, ekspertin tərtib etdiyi cədvəl məlumatlarından görünür ki, 10 022,30 manat faiz borcu xx.xx.2020-ci il tarixinə aiddir və həmin rəqəmlə xx.xx.2023-cü il tarixinədək 5% hesabı üzrə hesablanmış faiz arasındakı fərq məbləği məhz 1924,21 manat təşkil edir).
48. İş materiallarındakı sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi borc məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
49. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.
50. İddiaçı bankın “Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faizin tutulması” tələbi ilə bağlı həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə görə, kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 29 mart 2023-cü il tarixli Qərarında da belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
52. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.
53. Kollegiya məhkəmənin, cavabdehdən 1000 manat cərimə borcunun tutulması ilə qənaətini də əsaslı hesab edir:
54. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
55. Hazırki işin hallarından görünür ki, borcalanın 13 398,74 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 8880,03 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə cavabdehdən tutulmalı olan cəriməni 1000 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
56. Apellyatorun, öhdəliyin icra olunmamasının pandemiya ilə bağlı olmasının nəzərə alınmadığı ilə bağlı isə kollegiya qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir.
57. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-366/2024 saylı iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 13 398,74 manat (on üç min üç yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) əsas, 10 022,30 manat (on min iyirmi iki manat, otuz qəpik) faiz, 1000 manat (min manat) cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1924 manat (min doqquz yüz iyirmi dörd) faiz, ümumilikdə 26 345,04 manat (iyirmi altı min üç yüz qırx beş manat, dörd qəpik) borcun və 192,68 manat (yüz doxsan iki manat, altmış səkkiz qəpik) dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh2 tutulub müvafiq hesaba köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov