Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-345/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-387/2019 saylı, 27 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin - Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.12.2011-ci il tarixli C/211/11 saylı kredit müqaviləsi üzrə 11.10.2018-cı il tarixə əsas kredit borcu üzrə 9986,91 (doqquz min doqquz yüz səksən altı dollar, doxsan bir sent) ABŞ dolları, faiz borcu üzrə 15469,82 (on beş min dörd yüz altmış doqquz dolları səksən iki sent) ABŞ dolları, cəmi 27037,31 (iyirmi yeddi min otuz yeddi dolları, otuz bir sent) borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0.40 (qırx qəpik) AZN xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Müştərilərə xidmət departamenti ilə Cavabdeh arasında bağlanmış 01.12.2011-ci il tarixli C211/11 saylı kredit müqaviləsinə əsasən borcluya şəxsi istehlak xərclərinin ödənilməsi üçün 24 ay müddətinə, illik 20% ödəmək şərtilə 10,000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə Cavabdeh “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarna əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 211/11 nömrəli 01.12.2011 il tarixli kredit müqaviləsinə 11 oktyabr 2018-ci il tarixə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə üzrə 9986,91 (doqquz min doqquz yüz səksən altı ABŞ dolları, səksən iki sent) ABŞ dolları, faiz borcu üzrə 15469,82 (on beş min dörd yüz altmış doqquz ABŞ dolları səksən iki sent) ABŞ dolları, cəmi 27037,31 (iyirmi yeddi min otuz yeddi ABŞ dolları, otuz bir sent) ABŞ dolları borc yaranmışdır. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-387/2019 saylı, 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.12.2011-ci il tarixli C211/11 saylı «Krediti müqaviləsi"nə əsasən yaranmış 9986,91 (doqquz min doqquz yüz səksən altı dollar doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 15469,82 (on beş min dörd yüz altmış doqquz dollar səksən iki sent) ABŞ dolları məbləğində faiz borcu və 100 (bir yüz) ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 25556,73 (iyirmi beş min beş yüz əlli altı dollar yetmiş üç sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin 20 (iyirmi) manat məbləğində hissəsi və 0,40 (qırx qəpik) AZN bank xidməti haqqı Cavabdeh tutulub Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi hissəsində təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01.12.2011-ci il tarixli, C211/11 saylı kredit müqaviləsi imzalanmışdır. Müqavilə üzrə son ödəniş isə 04.12.2013-cü ildə aparılmışdır. Həmin kredit müqaviləsi ilə Cavabdeh aldığı borcu 01.12.2013-cü il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür, yəni tərəflər arasında müqavilə müddəti 01.12.2013-cü il tarixində bitmişdir. Son ödəniş 04.12.2013-cü ildə aparıldığından, iddia müddətinin axımı 04.12.2013-cü il tarixdən başladığından və iddia müddəti 04.12.2016-cı il tarixdə bitdiyindən, lakin buna baxmayaraq iddiaçı iddia ərizəsi ilə 08.11.2018-ci il tarixdə müraciət etdiyindən, iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, iddia tələbinin rədd olunacağı təqdirdə xüsusi qərardad da qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, göstərilən maddənin məzmununa əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhz bu baxımdan apellyasiya şikayətində qeyd edilməsə belə iş materiallarından görünür ki, cavabdehin sonuncu məhkəmə iclası barədə məlumatlandırılmamışdır. Həmin hal isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında Cavabdeh sonuncu məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, sonuncu məhkəmə iclasın yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.12.2011-ci il tarixli C211/11 saylı «Kredit Müqaviləsi"ndən görünür ki, Bank Borc alana 24 (iyirmi dörd) ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 24 faiz ödəməyi öhdəsinə götürür. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin 15.10.2018-ci il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin 11.10.2015-ci il tarixinə "xxxx" ASC qarşısında əsas borc üzrə üzrə 9986,91 (doqquz min doqquz yüz səksən altı dolları, səksən iki sent) ABŞ dolları, faiz borcu üzrə 15469,82 (on beş min dörd yüz altmış doqquz dolları səksən iki sent) ABŞ dolları, cərimə borcu üzrə 1580,58 (min beş yüz səksən dolları əlli səkkiz sent), cəmi 27037,31 (iyirmi yeddi min otuz yeddi dolları, otuz bir sent) borcu yaranmışdır. İddiaçı hazırki tələbində müəyyən edilmiş borcun tutulmasını xahiş edir, cavabdeh isə apellyasiya şikayətində bildirir ki, müqavilə üzrə son ödəniş 04.12.2013-cü ildə aparıldığından, iddia müddətinin axımı 04.12.2013-cü il tarixdən başladığından və iddia müddəti 04.12.2016-cı il tarixdə bitdiyindən, lakin buna baxmayaraq iddiaçı iddia ərizəsi ilə 08.11.2018-ci il tarixdə müraciət etdiyindən iddia müddəti ötürülmüşdür. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh 03.12.2013-cü il tarixdə banka ərizə ilə müraciət edərək, 01.12.2011-ci il tarixli, C211/11 saylı 10000 ABŞ dolları məbləğində olan kredit xəttinin vaxtı bitdiyi üçün 01.12.2015-ci il tarixə qədər uzadılmasını xahiş etmişdir. 03.12.2013-ci il tarixli müddətli öhdəlikdən görünür ki, Cavabdeh 10000 ABŞ dolları öhdəçiliyini üzərinə götürmüşdür. Alınan ssuda üzrə "xxxx" ASC-yə ödəmə müddəti iyirmi dörd aydır. C211/11 saylı 03.12.2013-cü il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, kredit məbləği 10.000 (on min) ABŞ dolları məbləğində olmaqla illik 24 faiz təşkil edir. Həmçinin iddiaçı tərəfindən və cavabdeh tərəfindən imzalamaqla, təsdiq edilmişdir ki, götürülmüş kreditlər üzrə göstərilmiş qədər komissiya ödənilib və kredit üzrə faktiki illik faiz dərəcəsinin göstərilən qədər də olması anlaşılır və qəbul edilir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsinin müddətinin uzadılmasına dair iddiaçı tərəfindən yuxarıda göstərilən sənədlər təqdim edilmiş, lakin, cavabdehin nümayəndəsi eyni zamanda vəkili isə əvvəlki apellyasiya baxışında həmin sənədlərdə cavabdehin adından edilmiş imzaların fərqli olmasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həllinə nail olmaq üçün iş materiallarında olan kredit müqaviləsindəki imzanın, işə əlavə edilmiş 03.12.2013-cü il tarixli ərizə, 03.12.2013-cü il tarixli müddətli öhdəlik və 03.12.2013-cü il tarixli kredit müqaviləsinə əlavədə borcalan Cavabdeh adından icra edilmiş imzaların eyni şəxs tərəfindən icra edilibedilməməsinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan apellyasiya baxışı zamanı ekspertiza təyin edilmiş və ekspertlər qarşısında – mülki işin 05-ci səhifəsində olan 01.12.2011-ci il tarixli kredit müqaviləsindəki imza işə əlavə edilmiş 03.12.2013-cü il taixli ərizə, 03.12.2013-cü il tarixli müddətli öhdəlik və 03.12.2013-cü il tarixli kredit müqaviləsinə əlavədə borcalan Cavabdeh adından icra edilmiş imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi kimi sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 4/1474 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 5-6-cı vərəqəsində olan 01.12.2011-ci il tarixli kredit müqaviləsində “borc alan” və “fiziki şəxs” qrafalarındakı imzalar ilə 03.12.2013cü il taixli ərizədə “Cavabdeh” yazılarının önündəki imza, 03.12.2013-cü il tarixli müddətli öhdəlikdə “müştərinin imzası” qrafasındakı imza və 03.12.2013-cü il tarixli kredit müqaviləsinə əlavədə “borcalan” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Göründüyü kimi iddiaçının istinad etdiyi 03.12.2013-cü il taixli ərizədə “Cavabdeh” yazılarının önündəki imza, 03.12.2013-cü il tarixli müddətli öhdəlikdə “müştərinin imzası” qrafasındakı imza və 03.12.2013-cü il tarixli kredit müqaviləsinə əlavədə “borcalan” qrafasındakı imzalar ilə 01.12.2011-ci il tarixli kredit müqaviləsində “borc alan və “fiziki şəxs” qrafalarındakı imzaların müxtəlif şəxslər tərəfindən icra edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsaslar olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 01.12.2011-ci il tarixli, C211/11 saylı kredit xəttinin vaxtı bitdiyi üçün 01.12.2015-ci il tarixə qədər uzadılması barədə cavabdehin hər hansı iradə ifadəsi olmamış, kredit xəttinin uzadılması üçün lazımi sənədlərə cavabdeh imza etməmişdir. Belə olan halda müəyyən edilir ki, tələbin irəli sürülməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti keçmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.12.2011-ci il tarixli C211/11 saylı «Kredit Müqaviləsi"ndən görünür ki, Bank Borc alana 24 (iyirmi dörd) ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müddəti 01.12.2013-cü il tarixdə bitdiyinə görə hesab olunur ki, öhdəliklər üzrə icra müddəti də 01.12.2013-cü il tarixdə bitmişdir, bununla da 3 illik iddia müddətinin axımı 04.12.2013-cü il tarixdən başlamış və 01.12.2016-ci ildə bitmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki iş üzrə isə birinci instansiya məhkəməsi baxışı zamanı sonuncu iclas, yəni iş üzrə yekun məhkəmə aktı qəbul edilən zaman cavabdehin iştirakı lazımi qaydada təmin edilmədiyindən cavabdeh də Azərbaycan Respublikası MPM-nin ona verdiyi hüquq və vəzifələrdən istifadə edə bilməmiş və iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan məhrum olmaqla məhkəmə araşdırmasında iştirak edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməsi barədə müraciətini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, Məhkəməyə ərizə verərkən iddiaçının ödədiyi dövlət rüsumu iddiaçıya aid edilməli eləcə də ekspertiza tədqiqatının dəyəri iddiaçıdan dövlət büdcəsinə xeyrinə tutulmalı, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏT E TD İ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-387/2019 saylı, 27 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “Cavabdeh 01.12.2011-ci il tarixli C/211/11 saylı kredit müqaviləsi üzrə 11.10.2018-cı il tarixə əsas kredit borcu üzrə 9986,91 (doqquz min doqquz yüz səksən altı dollar, doxsan bir sent) ABŞ dolları, faiz borcu üzrə 15469,82 (on beş min dörd yüz altmış doqquz dolları səksən iki sent) ABŞ dolları, cəmi 27037,31 (iyirmi yeddi min otuz yeddi dolları, otuz bir sent) borcun və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0.40 (qırx qəpik) AZN xidmət haqqının əvəzinin tutulması” barədə iddia tələbi rədd edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 124 (yüz iyirmi dörd) manat vəsaitin əvəzi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; MüxbirhesabAz41NABZ013601**********03944 S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-345/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-345/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver