Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-345/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ölən borclunun vərəsələrinin öhdəliyinin həddinin sübut etmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(003)-2318/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə X6 arasında bağlanmış 15 mart 2019-cu il tarixli 108804- 208316/1 saylı kredit müqaviləsində əsasən bank istehlak məqsədi ilə 36 ay müddətinə illik 26,5 % ödəmək şərti ilə 9800 manat krediti borcalana verməyi, borcalan isə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istfiadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndindən görünür ki, bank borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər.
2. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borcalan 15 aprel 2019-cu il tarixdən 15 mart 2022-ci il tarixədək hər ay 397,46 manat, 15 mart 2022-ci il tarixdə isə 397,67 manat ödəməyi öhdəsinə götürmüşdür. 15 mart 2019-cu il tarixli TT19074S6Y59 saylı kassa məxaric orderinin surətindən görünür ki, 9800 manat məbləğində pul məbləği X3 təqdim edilmişdir.
3. İddiaçı ASC-nin 26 fevral 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 108804-208316/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7284,84 manat borcu vardır.
4. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 26 fevral 2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
5. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 076446 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 mart 2020-ci il tarixdə vəfat etmişdir.
6. 02 okyabr 2020-ci il tarixli reyestrdə 2V-318 sayda qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi Cavabdehdır və o, əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak “Mercedes 220” minik markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 7284,84 manat və ödənilmiş dövlət rüsumuna görə 93,25 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırmışdır ki, X6 15 mart 2019- cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 26,5 % ödəmək 36 ay müddətinə qaytarmaq şərti ilə 9800 manat kredit götürmüşdür. X6 08 mart 2020-ci il tarixdə vəfat etmişdir. X2 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X3 dair 02 oktyabr 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X2 vərəsəsi kimi arvadı Cavabdeh tanınmış və bu barədə 02 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh miras əmlak olan “Mersedes 220 minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomaşından tam hissədə pay almışdır. Bundan sonra X2 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. 26 fevral 2024-cü il tarixinə kredit müqaviləsi üzrə 7284,84 manat məbləğində əsas bоrcu yaranmışdır.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(003)- 2318/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 15 mart 2019-cu il tarixli 108804-208316/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7284,84 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 93,25 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
10. Qətnamənin əsaslarına görə mərhum X2 xx.xx.2019-cu il tarixli 108804- 208316/1 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 7284,84 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsəsi Cavabdeh öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdeh bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsə miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir..
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, mərhum əri 08 mart 2020-ci tarixdə vəfat edib. O isə həmin ilin oktyabr ayında vərəsəliyi qəbul etmişdir. Hər iki halda iddia müddəti bitmişdir. Məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etmədiyi üçün iddia müddətinin bitməsinə dair ərizəni verə bilməmişdir. İddia müddəti bitdiyi üçün bank tərəfindən qaldırılan iddia tamamilə əsassızdır. O cümlədən həmin iddia əsasında çıxarılan qətnamə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Göründüyü kimi, qanunvericiliyə görə miras qalmış əmlakın həcmi nəzərə alınmalıdır və həmin həcmin müqabilində ölmüş kreditorun borcu qaytarılmalıdır. Miras qalan avtomobilin seriyası, markası göstərildiyi halda, nədənsə ili, vəziyyəti, dəyəri göstərilməmişdir. Miras qalan avtomobilin ili 1995-ci il, bir neçə dəfə vurulmuş, həbsdə və cərimələri olan nasaz avtomobil olmuşdur. Məhkəmə heç bir sübut olmadan, avtomobili dəyərləndirmədən, cavabdehin maddi vəziyyətini nəzərə almadan maddi hüquq normalarını pozaraq əsassız qətnamə çıxarmışdır. Həmçinin onun maddi durumum nəzərə alınmamışdır. Mərhum ərindən sonra 2 övladını tək saxlamış, maddi cəhətdən təmin etmişdir. Miras qalmış avtomobili mən 3 min manata satmışdır. Satdığı adamla məhkəmə onlayn əlaqə yaradıb bunu təsdiqləyə bilər. Bu baxımdan məhkəmə MM-nin 1306.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Bundan başqa əri vəfat edəndən sonra o banka getmiş, İddiaçı ASC məni arxayın etmişdir ki, mərhum ərimin borcları silinir və onun banka heç bir borcu qalmır. Üstündən 4 il keçəndən sonra bank heç bir xəbərdarlıq etmədən ona qarşı iddia qaldırır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bəli, bu ona qarşı iddia qaldırmış bankın hüquqdan sui-istifadə etməsidir. Hüquqdan sui-istifadə yolverilməzdir. Buna görə qətnaməni qanunsuz hesab edir. Məhkəmənin ona yanlış gün yazıb bildiriş verməyi, onun məhkəmədə iştirakını məhdudlaşdırmağı prosessual hüquq normalarının birbaşa pozulmasıdır. Belə ki, məhkəmə ona 07 iyul 2024-cü il tarixdə məhkəmə iclasının olacağı barədə bildiriş göndərdiyi halda məhkəmə iclasını 04 iyul 2024-cü il tarixdə keçirmişdir (bildirişi apellyasiya şikayətinə əlavə edir). O məhkəmənin tarixi və keçiriləcəyi yeri və vaxtı barədə heç bir məlumatı olmamışdır. Məhkəmə işdə onun iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinə riayət etmədən əsassız qətnamə çıxarmışdır. Bundan başqa iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Kredit öhdəliyi kimi icra müddəti əvvəlcədən müəyyən edilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Belə ki, Məhkəmə qətnaməsində göstərir ki, mən mərhum ərimə məxsus “Mersedes 220 minik” markalı **- TV-*** dövlət qeydiyyat nişanlı avtomobili vərəsə kimi qəbul etmişdir. Lakin həmin avtomobilin istehsal olunduğu ili göstərmir. Halbuki, həmin avtomobil 1995-ci ilin istehsalıdır. Aydındır ki, belə köhnə avtomobillərin qiyməti çox aşağıdır və o həmin avtomobili 3000 manata satmışdır, mərhum ərimin əl borclarını vermişdir. Məhkəmə avtomobilin qiymətləndirilməsini təmin etməmişdir, köhnə, nasaz, həmçinin həbsdə və cərimələri olan avtomobili 7284,84 manat civarında olan kredit borcu ilə eyniləşdirmişdir. Həmçinin vərəsəliyi qəbul edənə qədər avtomobil sürülməmiş, motor və akkumulyatoru sıradan çıxmışdır. Məhkəmə bu halları nəzərə almamış, əsassız qətnamə çıxarmışdır. İşin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələbləriniəsas tutub, hesab edirəm ki,apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-cimaddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. İşə baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmamaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-cimaddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnaməsinin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
17. Bakı Apellyasiya Məhkəməsininin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi 23 oktyabr 2024-cü il tarixli 3-13-16-2/176737/2024 saylı məktubuna əsasən 12 dekabr 2020-ci il tarixdə Cavabdeh “Mersedes 220 minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 7000 manata X9, sonuncu isə 8500 manata X1.
18. "xxxx" MMC tərəfindən verilmiş 06-028/25 saylı, 21 may 2025-ci il tarixli rəyə əsasən “Mersedes 220 minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 7100 manat, likvid dəyəri isə 6000 manat təşkil edir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377. İddia müddətinin başlanması. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etmədiyi üçün iddia müddətinin bitməsinə dair ərizəni verə bilməmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə onu qeyd edir ki, AR MPM-nin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarında olan sms bildişlərdən görünür ki, Cavabdeh adına olan nömrələrə sms göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir.(səhifə 41-42). Həmçinin, cavabdeh əvvəlki məhkəmə iclaslarında da iştirak etdiyindən bu barədə ərizəni vermək imkanı olmuşdur.
25. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 15 mart 2022-ci il tarixdə başa çatmış, iddia ərizəsi ilə məhkəməyə 24 aprel 2024-cü il tarixdə müraciət olunmuş, yəni, iddia müddəti ötürülməmişdir.
26. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, məhkəmə heç bir sübut olmadan, avtomobili dəyərləndirmədən, cavabdehin maddi vəziyyətini nəzərə almadan maddi hüquq normalarını pozaraq əsassız qətnamə çıxarmışdır.
27. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf edən məhkəmə qərarı mövcuddur (22 aprel 2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli).
28. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
29. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
30. Hazırkı işdən görünür ki, mirasın notarius tərəfindən siyahıya alınması halı mövcud olmadığından sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən bu istiqamətdə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.
31. Lakin qeyd olunan xüsusat apellyasiya şikayətinin dəlillərindən birini təşkil etdiyindən məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə də araşdırma aparılaraq müəyyən edilmişdir ki, 12 dekabr 2020-ci il tarixdə Cavabdeh “Mersedes 220 minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 7000 manata X9, sonuncu isə 8500 manata X1.
32. Bundan başqa "xxxx" MMC tərəfindən verilmiş 06-028/25 saylı, 21 may 2025-ci il tarixli rəyə əsasən müəyyən olunmuşdur ki, “Mersedes 220 minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri 7100 manat, likvid dəyəri isə 6000 manat təşkil edir. Yəni, apellyasiya şikayətinin bu dəlili də sübuta yetirilməmişdir.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(003)- 2318/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(003)- 2318/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.