Məhkəmə qərarları › İş №2(103)-3451/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3451/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3451/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2680/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların cavabdehdən alınaraq təhvil verilməsi, mövcud olmadıqda isə qiymətləndirmə rəyinə əsasən ümumilikdə onların dəyərini təşkil edən 75.250 manat pulun və iş üzrə ödənilmiş 315,75 manat dövlət rüsumunun Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2680/2022 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia qismən təmin edilmiş, tərəflər arasında təsdiq edilmiş xx.xx.2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, dövlət rüsumunun 157 manat 85 qəpik hissəsinin iddiaçıya, 157 manat 90 qəpik hissəsinin cavabdehə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2022-cı il tarixli qətnaməsinin əsaslandırıcı və nəticə hissəsində buraxılmış yalnışlıq aradan qaldırılmışdır. Qərardada əsasən qətnamənin nəticə hissəsindəki “Tərəflər arasında təsdiq edilmiş 27 mart 2013- cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyalar, həmin əşyalar mövcud olmadıqda isə dəyəri, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin” sözləri “Tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyalar Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin” sözləri ilə əvəz edilmişdir.

4. Məhkəmənin həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Eyni zamanda qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin iddia ərizəsində qeyd olunan digər əşyalar, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin Cavabdeh alınaraq LPO İddiaçı ASCnin X1 Fonduna verilməsi hissəsində qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7491/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qəbul olunmamış hesab edilmiş və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, mülki iş iddiaçının apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Daha sonra həmin qətnamədən cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verilmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, lakin verdiyi apellyasiya şikayətinin geri qaytarılmasından isə apellyasiya instansiyası məhkəməsində məlumatı olmuşdur. Bu səbəbdən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2680/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin itirilməsini üzrlü hesab edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2680/2022 nömrəli qərardadı ilə (hakim V.V.Musayeva) ərizə təmin edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

11. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Qanunda prosessual müddətlərin bərpası hüququ nəzərdə tutulsa da, məhkəmə buraxılmış müddəti ciddi – üzrlü əsaslarla bərpa etməli, eləcə də bu halların mövcudluğu iş materiallarında olan mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırda Nəsimi Rayon Məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edərkən gəldiyi nəticəni ciddi yaxud üzrlü əsaslarla əsaslandırmır. Cavabdeh öz ərizəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2680/2022 saylı qətnaməsindən apellyasiya şikayətini vaxtında verdiyini, lakin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və tələblərə cavab verməməsi səbəbindən geri qaytarıldığını əsas gətirərək apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyünü qeyd edir. Qeyd olunan halla bağlı bildirir ki, iş üzrə Cavabdeh həm birinci instansiya məhkəməsində işə baxılarkən, həm də qətnamədən apellyasiya şikayəti verilərkən peşəkar hüquqşünasla – vəkillə təmsil olunmuş və ona peşəkar hüquqi yardım göstərilmişdir. Apellyasiya şikayətinin forma və məzmunu ilə bağlı prosessual qanunvericilikdə tələblər artıq uzun müddətdir ki, (2021-ci ilin 1 oktyabr tarixindən etibarən) nəzərdə tutulmuşdur. Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ bəndinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. İkincisi, hüquqşünas olmayan tərəfin prosessual qaydaları bilməməsi başa düşüləndir. Lakin peşəkar vəkilin bu qaydalara əməl etməməsinin bütün məsuliyyətini elə həmin vəkil daşıyır. Nəticədə həm məhkəmənin iş yükü artır, həm də qarşı tərəfin Konstitusiyanın 60-cı maddəsinin İİ bəndində qeyd olunmuş işə məhkəmədə ağlabatan müddətdə baxılması ilə bağlı hüququ pozulmuş olur. Belə olan halda yalnız cavabdehin ərizədə qeyd etdiklərinə əsaslanaraq müddətin bərpası yolverilməzdir və iddiaçının hüquqlarını kobud şəkildə pozulması deməkdir. Nəticə etibarilə qətnamədən şikayət verilməsi üçün qanunla nəzərədə tutulmuş prosessual müddət cavabdehin öz səhlənkarlığı ucbatından ötürülmüşdür və həmin hal da heç vaxt üzrlü səbəb hesab oluna bilməz. Qərarda qeyd olunur ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən hesab edir ki, şikayət verən tərəfin səhlənkarlığı üzündən ötürülmüş prosessual müddətlərin bərpası həm də hüquqi müəyyənlik prinsipinə ziddir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2680/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. İş materiallarından aydın olur ki, məhkəmənin xx.xx.2022-cü il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbzə imza edilməklə ona rəsmi qaydada təqdim edilmiş, cavabdehin nümayəndəsi və vəkili ilk dəfə apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir.

19. Göründüyü kimi, iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini aldıqdan sonra qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayətində Mülki Posessual Məcəllənin Əlavə 2-də göstərilmiş formasına riayət edilməməsi səbəbindən geri qaytarılmışdır.

20. İşdən həmçinin görünür ki, işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmiş, məhkəməyə yazılı ərizə ilə müraciət etmiş, habelə apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Beləliklə müəyyən edilir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalmışdır və belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mülki iş üzrə icraat iddiaçının apellyasiya şikayətinə əsasən apellyasiya instansiya məhkəməsində davam etdiyindən cavabdeh tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli və cavabdehin də hüquqlarının məhkəmədə müdafiəsinə imkan verilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2680/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar