Məhkəmə qərarları › İş №2(103)-3453/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3453/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3453/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2762/2023 saylı, 16 fevral 2023cü il tarixli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 1088,64 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 53,56 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1173,63 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(002)- 2762/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh qaz təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 53,56 manat borc pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı İBnın xeyrinə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizədə göstərilir ki, qətnamə cavabdeh İddiaçı İB tərəfindən rəsmi qaydada alınsa da, iş yükünün çoxluğu ilə əlaqədar apellyasiya şikayəti vaxtında verilməmişdir. Belə ki, İddiaçı hüquqi ünvanı Qaradağ rayonu ərazisinə aid olduğundan respublika ərazisində yaşayan və birlikdə qazın təchizatı ilə əlaqədar müqavilə bağlayan bütün borclu istehlakçılar, öz borclarının obyektiv quraşdırılması və məhkəmə müstəvisində həllinin tapılması məqsədilə iddiaları çox vaxt Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilir. Verilən çoxsaylı iddialar üzrə borcların araşdırılması, sənədlərin elektron və fiziki qaydada təqdim edilməsi, iddialara qarşı etiraz, vəsatət, qarşılıqlı iddia və apellyasiya şikayətlərinin hazırlanması o cümlədən təyin edilmiş ekspertiza və yerli çıxışlarda şəxsən iştirak etməyi iddiaçıların sayı kütləvilik daşıması xarakterindən asılı olaraq çıxarılmış yekun məhkəmə aktlarından apellyasiya şikayətlərinin verilməsində gecikmələrə səbəb olur. Bu səbəbdən də qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət 6 gün ötürülmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(002)- 2762/2023 saylı qərardadı ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilib qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, prosessual müddətin bərpasına dair ərizə kifayət qədər əsaslandırılmış, ərizədə apellyasiya şikayəti verilməsinin gecikdirilməsinə dair üzrlü hesab olunacaq sübutlar həm iş materiallarına, həm də elektron məhkəmə sisteminə əlavə edilmişdir. Bir sözlə İddiaçı ədalətli məhkəmə araşdırması hüququ məhdudlaşdırılaraq iddiaçı tərəfindən qanunsuz və əsassız hesab etdiyi qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2762/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətində göstərir ki, qətnamə elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və elektron qaydada İddiaçınə göndərilmişdir. xx.xx.2013-cü il tarixdə iddiaçı apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, İddiaçı İB qeyd olunmuş qətnaməni rəsmi olaraq xx.xx.2022-ci il tarixdə aldığı halda, həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2023- cü il tarixdə, yəni apellyasiya şikayətini qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay 6 gün sonra vermiş, qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəblərdən ötürmüşdür. İddiaçının müddətin bərpası barədə ərizəsində qeyd edilən hallar isə ayrı-ayrı işlərlə bağlı olduğundan konkret iş üzrə buraxılmılş müddətin üzrlü hesab edilərək bərpası üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçı müddətin bərpası barədə ərizənin kifayət qədər əsaslandırıldığını və buna dair sübutlar əlavə edildiyini göstərsə də bu dəlillər şikayətin təmin olunması üçün əsas ola bilməz. Çünki, müddətin bərpası o zaman mümkün ola bilər ki, bunun üçün üzrlü səbəb olsun və ona dair ərizəyə sübut əlavə edilsin. İddiaçı üzrlü səbəb kimi iş yükünün çoxluğunu göstərsə də bu hal müddətin bərpasına əsas ola bilməz. Başqa sözlə bu hal həqiqi olsa belə müddətin bərpası üçün əsas sayılmır. Çünki, istənilən idarə və təşkilatda, o cümlədən iddiaçı qurumda iş yükü çox ola bilər. Ancaq bu hal qanunla müəyyən edilmiş müddətdə edilməli olan hərəkətləri gecikdirməyə əsas vermir. Beləliklə, iddiaçı hər hansı bir üzrlü səbəb olmadan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də əsas omadığından şikayət təmin edilə bilməz. Şikayətində göstərdiyi dəlillər isə, yuxarıda qeyd olunanlara əsasən təkzib olunur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2762/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2762/2023 saylı, 16 fevral 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar