Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3455/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmirslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2709/2025 nömrəli 04 aprel 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş zərərə görə 7000 (yeddi min) manat və 90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, “TOYOTA CAMRY” minik markalı, sedan tipli, **-GN-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 2500, Ban nömrəsi JTNBF311K303019621, rəngi ağ mirvari olan avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı vəziyyətdə 2024-ci il avqust ayına olan bazar qiyməti arasında nə qədər fərq müəyyən edildiyini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2709/2025 nömrəli 04 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilməsi, iş üzrə icraatın ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılması, ekspertizanın aparılması “X2” MMC-yə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan icraatın dayandırılmasına dair hissəsindən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilməsi hüququ qeyd edilmişdir. Hazırda cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsinin vəsatətinin iddia tələbi ilə əlaqəli olmadığına baxmayaraq birinci instansiya məhkəməsi vəsatəti təmin edərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Burada məhkəmə bir növ iddiaçı üçün “sübut yığma” rolunu oynamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2709/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2709/2025 saylı mülki iş üzrə 04 aprel 2025-ci il tarixli qərardadının yalnız icraatın dayandırılması hissəsindən qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən verilmiş şikayətin məzmunundan görünür ki, cavabdehlər məhz qərardadın ekspertiza təyin edilməsi hissəsində mübahisələndirir. Ekspertizanın təyin edilməsi barədə qərardaddan qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh tərəfindən verilmiş şikayəti geri qaytarmamış, mahiyyəti üzrə baxaraq Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 255.0.5-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər. MPM-in 258.2-ci maddəsinə görə, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mübahisələndirilən qərardadın “qərara aldı” hissəsində də göstərilmişdir ki, “Qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.” Göründüyü kimi, mübahisələndirilən qərardadın ekspertiza tətin edilməsi hissəsində şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh isə qərardadın ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununda yalnız ekspertiza təyin edilməsi məsələsini mübahisələndirir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 267, 357.1, 363, 366 və 402-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2709/2025 nömrəli 04 aprel 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3455/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3455/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver