Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3458/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərəflərin iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5337/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin artırılaraq 350 manata çatdırılması və cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-5337/20) iddia təmin edilərək, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş 170 manat məbləğində alimentin iki hissəyə bölünməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh hazırda X5 X1 X6 şöbəsində rəis vəzifəsində işləyir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yeni işi ilə əlaqədar bütün gün rayonda olmaq məcburiyyətindədir. Himayəsində azyaşlı uşağın olmasını, özünün rayonda kirayədə yaşamağını, müəyyən banklara kredit borcunun olmağını nəzərə alaraq uşaq üçün yaşayış minimumu kimi müəyyən edilmiş 170 manat alimentin iki hissəyə bölünməsini məqsədəmüvafiq sayır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi alimentin tutulmasına dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı nikah 2009-cu il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, nikah pozularkən tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün 70 manat məbləğində aliment tutulmuş və o vaxt azyaşlı Elçin Mehdiyevin dörd yaşı olmuşdur. Hazırda isə uşağın on beş yaşı vardır. Göründüyü kimi, alimentin tutulmasından uzun müddət keçmiş və bu müddət ərzində uşağın saxlaılması xərclərininin (məsələn, məktəbə getməsi ilə bağlı xərclər və s.) artmaması mümkünsüzdür. Digər tərəfdən, iş materiallarında olan X5 İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, cavabdehin aylıq əmək haqqı 1612 manat təşkil edir. Halbuki, 2009-cu il tarixdə nikah pozularkən məhkəmə Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğində cavabdehdən 70 manat məbləğində aliment tutmasını qət etmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının alimentin artırılmasını tələb etməsi üçün qanunvericiliklə müəyyən edilmiş maddi əsaslar mövcud olmuş, yəni məhkəmə qətnaməsi ilə aliment tutulduqdan sonra həm yetkinlik yaşına çatmayan uşağın saxlanılması xərcləri artmış, həm də cavabdehin maddi vəziyyətində dəyişiklik olaraq onun qazancı artmışdır Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, iddiaçının göstərdiyi qaydada alimentin tutulması uşağın mənafeyinə ziddir və maddi baxımdan onun vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş elektron sorğunun cavabından məlum olur ki, cavabdeh “Azəriqaz” İB-də şöbə rəisi vəzifəsində çalışmaqla 1814 manat əmək haqqı alır. Cavabdehin ailə vəziyyəti, himayəsində azyaşlı uşağın olması, kirayədə yaşaması və kredit ödəməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirilməlidir ki, göstərilən hallar xeyrinə aliment artırılan uşağa aşağı səviyyədə həyat şəraitinin təmin edilməsi üçün səbəb deyildir. Həmçinin, həmin halların heç birinin iddiaçı ilə birgə nikahdan olan uşağa aidiyyəti yoxdur, cavabdehin ikinci dəfə ailə qurması və ikinci ailəsinə və övladına olan maddi və mənəvi dəstəyi birinci nikahdan olan uşağı bu qayğıdan məhrum etmək üçün əsas ola bilməz. Digər tərəfdən, cavabdehin apellyasiya şikayətindən də göründüyü kimi, cavabdeh iddiaçı ilə birgə nikahdan olan övladını ata qayğısından ümumiyyətlə məhrum etmişdir, onunla maraqlanmır, hətta könüllü olaraq maddi və ya mənəvi dəstək göstərmir. Uşağın gündəlik tələbat və qayğıları ilə ana təkbaşına məşğul olur. Halbuki, cavabdehin ata kimi uşağa diqqət və qayğı göstərmək borcudur, gəlirinin 1814 manat olmasına rəğmən, cəmi 170 manatın yarısını aliment kimi ödəmək təklifi ümumiyyətlə qəbuledilməzdir və uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulması deməkdir. Göründüyü kimi, cavabdehdən iddiaçının xeyrinə birgə nikahdan olan övladının saxlanması üçün 70 manat məbləğində aliment tutulduğu vaxtdan uzun müddət keçmiş, həyat şəraiti, yaşayış minimumları əhəmiyyətli dərəcədə dəyişilmiş, həmçinin cavabdehin aylıq gəliri də nəzərə çarpacaq dərəcədə artmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq alimentin artırılması barədə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3458/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3458/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver