Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-346/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 vəkili (nümayəndəsi) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 9.099,13 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.274,37 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 81,89 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və borcalanın Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq ona (Banka) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 9.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş üzrə digər Cavabdeh2 borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2015ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Bundan sonra Cavabdeh1 Banka olan borcunu ödəyə bilməmiş, Bank da Cavabdeh1 vəziyyətini və müraciətini nəzərə alaraq Cavabdeh1 ilə “Əlavə saziş” bağlamağa razılıq vermiş və xx.xx.2016-ci il tarixdə onların arasında “Əlavə saziş” bağlanmışdır. Sazişə əsasən kreditin qalıq məbləği 8.253,44 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) kovnertasiya edilməklə 14.105,95 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılma müddəti isə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq iş üzrə cavabdehlər Banka olan borcu ödəməmiş, Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınmışlar. Nəticədə cavabdehlərin iddiaçı Banka 9.099,13 manat məbləğində əsas borcları, 1.274,37 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcları və 81,89 manat məbləğində cərimə (dəbbə) borcları yaranmış və Bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2010-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh (borcalan) Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin dəyşdirilməsini, iddia tələbinin “kredit müqaviləsinin ləğv edilməsi barədə” hissəsinin təmin edilməsini, qalan tələblərin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın “borcun tutulması barədə” hissəsi əsassızdır. Belə ki, Cavabdeh1 müqavilə öhdəliklərini icra etmiş, Banka 17.000 manat ödəmiş, bundan başqa “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmanın icrası ilə əlaqədar onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə dövlət tərəfindən Banka 5.300 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda Cavabdeh1 Banka heç bir borcu yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı Bankın nümayəndəsi və Cavabdeh2 apellyasiya baxışının iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini hər iki cavabdehə münasibətdə təmin etsə də, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh (borcalan) Cavabdeh1 isə qətnamənin həm özünə, həm də cavabdeh (zamin) Cavabdeh2 aid hissəsini mübahisələndirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək bildirir ki, Cavabdeh1 digər Cavabdeh2 adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh1 Cavabdeh2 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır. Bununla da, müəyyən edilir ki, qətnamənin Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi və Cavabdeh2 aid hissəsi hazırki apellyasiya baxışının predmeti deyil. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” və “Kassa məxaric orderinin” surətindən görünür ki, Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə Bankdan 9.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Əlavə sazişdən” görünür ki, onlar qeyd edilən bu Sazişə əsasən razılığa gəlmişlər ki, kreditin qalıq məbləği olan 8.253,44 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) kovnertasiya edilməklə 14.105,95 manat məbləğində müəyyən edilir və kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. İddia ərizəsinin məzmununa görə, Cavabdeh1 Banka olan borcu ödəməmiş, Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınmışdır. Bankın təqdim etdiyi hesablamadan görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən aşağıda qeyd edilən borc yaranmışdır: əsas kredit borcu – 9.099,13 manat, əsas kredit borcuna hesablanmış faiz borcu – 1.274,37 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) – 81,89 manat. Bank tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank borc məbləğinin 5 gün müddətində ödənilməsini tələb etmişdir. “Kassa mədaxil qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qətnamədən verdiyi apellyasiya şikayətində Cavabdeh1 bildirir ki, o, “Kredit müqaviləsi” üzrə öhdəliklərini icra etmiş, Banka nağd qaydada ödənişlər etmiş, bundan başqa “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmanın icrası ilə əlaqədar onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə dövlət tərəfindən Banka 5.300 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda onun iddiaçı Banka heç bir borcu yoxdur. Cavabdeh1 bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iş materiallarında olan xx.xx.2020ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən Cavabdeh1 5.024,68 manat məbləğində kompensasiya almışdır. İş materiallarında olan xx.xx.2016-xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 5.024,68 manat məbləğində kompensasiya ödənilmişdir. Məhkəmə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmandan irəli gələn halların Cavabdeh1 kredit borcuna münasibətdə nəzərə alındığı halda qalıq borcun müəyyən edilib-edilmədiyini, həmçinin borc qalığı müəyyən edildiyi halda, borcun məbləğinin nə qədər təşkil etdiyini müəyyən etmək məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 2-Z1-3-0-229-4İP saylı kredit müqaviləsinin, eləcə də həmin kredit müqaviləsinin əsasında imzalanmış xx.xx.2016-cı il tarixli əlavə sazişin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı Banka xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan əsas borcu 9.100,06 manat, faiz borcu 1.274,47 manat, ümumi borcu 10.374,54 manat məbləğində müəyyən edilir. Bundan başqa qeyd edilir ki, Cavabdeh1 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmandan irəli gələn hallar nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdə 5.024,68 manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarının 164-cü səhifəsində olan hesabdan çıxarış sənədində həmin ödənişin iddiaçı Bank tərəfindən cavabdehə ödənilməsi öz əksini tapmışdır. Məhkəmə, verilmiş bu rəyin əsaslılığına hər hansı bir şübhə yaranmadığına, bununla bağlı iş üzrə cavabdeh Məhkəməyə sübut təqdim etmədiyinə görə, həmin rəyi mötəbər sübut kimi qəbul edir. Məhkəmə ekspert rəyini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq müəyyən edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmandan irəli gələn hallar cavabdehin borcuna münasibətdə nəzərə alınmış və ona 5.021,68 manat məbləğində kompensasiya ödənilmişdir. Lakin buna baxmayaraq cavabdehin kredit borcu qalmışdır. Cavabdeh1 yuxarıda qeyd edilən Fərman əsasən ödənilmiş məbləğdən başqa onun tərəfindən Banka nağd ödənişlər edilməklə borcun tam həcmdə ödənilməsini bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (sübutları) məhkəmələrə təqdim etməmişdir. Yuxarıda göstərilən ekspert rəyində isə artıq qeyd edildiyi kimi, göstərilir ki, borc tam ödənilməmiş, 10.374,54 manat məbləğində borc mövcuddur. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-346/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-346/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver