Məhkəmə qərarları › İş №2(103)-3461/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3461/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3461/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyeva Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1833/2019 saylı, 01 fevral 2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində göstərilən əsas borc məbləğinin ona aid hissəsi ilə bağlı Cavabdeh ASC ilə aralarında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq yeni kredit müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, adıçəkilən Fərmanda yalnız xarici valyutada olan problemli kreditlərin həlli qaydaları deyil, eyni zamanda milli valyutada olan problemli kreditlərin həlli ilə bağlı mexanizm öz əksini tapmış və yeni kredit müqaviləsinin bağlanması barədə yalnız kommersiya banklarına tapşırıq verilmişdir. Fərmanda kredit müqaviləsinin bağlanması zamanı kontragentin Azərbaycan Respublikası Mərkəzi Bankı ola bilməsi və ya Banklar ilə fiziki şəxslər arasında müqavilənin bağlanması zamanı Mərkəzi Bankdan icazə xarakterli hər hansı hərəkətin gözlənilməsi ilə bağlı imperativ norma müəyyən edilməmişdir. Mülki hüquqda birbaşa qeyd olunmuşdur ki, müqavilə hüquqi təbiətinə görə tərəflərin iradə ifadəsini özündə ehtiva edən əqddir. Müqavilə bağlanan zaman yalnız kontragentlərin iradə ifadəsi əsas götürülür. Bir şərtlə ki, tərəflər arasında müqavilə bağlanılması öhdəliyi qanunda nəzərdə tutulmasın. Qeyd olunan Fərmanın 6-cı bəndində bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi, fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlərin görülməsi yalnız banklara tapşırılmışdır. Buna baxmayaraq, məhkəmə hazırkı mübahisənin həllini Mərkəzi Bankın səlahiyyətləri daxilində görür. Bu isə heç bir halda qanuni deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 01.02.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti apelyasiya baxışının predmetini təşkil edən hissədə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.06.2017-ci il tarixli qətnaməsi ləğv edilərək və “xxxx” ASC ilə Natiq Nuriyev arasında bağlanmış 18.05.2016-cı il tarixli “istehlak krediti müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan 4.322,29 manat əsas kredit borcu və 186,11 manatın əsas borcuna hesablanmış faiz borcunun cavabdehlər Razim Əliyev və İddiaçı birgə qaydada tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönədldilmişdir. İddiaçı 04.12.2019-cu il tarixli ərizə ilə “xxxx” ASC-yə müraciət edərək, onula yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmiş və “xxxx” ASC, 17.12.2019-cu il tarixli 001/010/8143/2019 saylı cavab məktubunda bir fiziki şəxsin adına olan vaxtı keçmiş kreditin digər fiziki şəxsin adına rəsimləşdirilməsi ilə bağlı dəqiq göstərişlər olmadığı üçün restrukturizasiya müqaviləsini onunla ilə bağlaya bilmədiklərini bildirmiş və bu məsələ ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməsi tövsiyə edilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən, kompensasiya - fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Göründüyü kimi müvafiq Fərmanla ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Birinci instansiya məhkəməsi, qanunvericiliyin yuxarıda sadalanan tələblərini hazırkı mülki işə tətbiq edərək, hesab etmişdir ki, pul məbləğinin ödənilməsi və pul məbləğin həcminin müəyyənləşdirilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Bununla belə, iddiaçı, onunla yeni kredit müqaviləsinin bağlanılması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılşaraq, həmçinin bildirir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş müvafiq sorğuya 03.05.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən olunur ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 18.05.2016-cı il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə sözügedən kredit razılaşması üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 4.322,29 manat təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Həmçinin nəzərinizə çatdırılır ki, Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3891/2020 saylı iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar