Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3465/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Açar sözlər: (borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(005)-263/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər tanışlıq münasibətindədirlər. İddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi olmasa da, Cavabdeh qəbz imzalayaraq, 4520 manat borcu olduğunu öz imzası ilə təsdiq etmiş, yəni borcunu etirafı etmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 4520 manat borcun və bank uçot dərəcəsinə əsasən 446 manat məbləğində pulun ona qaytarılmasını xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı X6 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4520 manat borcun, bank uçot dərəcəsinə əsasən 406 manat və ödənilmiş dövlət rüsumu 70 manat, cəmi 4996 manat məbləğində pulun tutularaq, ona ödənilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, oğlu X7 vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh oğlu Arzunun hüquqi işlərini görürdü. O, 2023-cü ilin yanvar ayında ona yaxınlaşaraq, özünün və həyat yoldaşının səhhətində yaranan xəstəliklə bağlı maddi yardıma ehtiyacı olduğunu bildirdi. Ondan müalicənin aparılması üçün 4520 manat pul aldı. Həmin vaxt üzərində həmin məbləğdə pul var idi. Cavabdeh pulu tez bir zamanda qaytaracağını bildirdi. Ancaq pulu gecikdirdiyi üçün xx.xx.2023-cü il tarixində öz xətti ilə yazılı iltizam verdi ki, xx.xx.2023-cü il tarixədək pulunu qayaracaq. Cavabdehdən dəfələrlə pulun geri qaytarılmasını tələb etsə də, o həmin pulu ödəməmişdir. Eyni zamanda qeyd edir ki, bank uçot dərəcəsi AR Milli Bank tərəfindən 9 faiz müəyyən edilmişdir. Buna görə də bank uçot dərəcəsinə əsasən əlavə 406 manat pulun da tutulmasını xahiş edir. 4.Əvvəlki məhkəmə iclasında cavabdeh izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıdan pul heç bir borc məbləğini almamış, qəbzdəki imzanı hədə-qorxu, təzyiq nəticəsində çəkmişdir. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 fevral 2024-cü il tarixli, 2(005)-263/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh iddiaçı X4 xeyrinə 4520 manat borc, borc məbləğinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 234 manat olmaqla, cəmi 4754 (dörd min yeddi yüz əlli dörd) manat pul tutulması, ödənilmiş 70 manat dövlət rüsumunun 66 manatının Cavabdeh tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 95 manatının Cavabdeh, 5 manatının isə iddiaçı X2 tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan: 6.10 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, o X1 Aftandil Hüseyn oğlundan 4520 manat məbləğində borc almışdır və söz verir ki, həmin pulu xx.xx.2023-cü il tarixdə qaytaracaqdır. Əgər qaytarmasa qanun qarşısında cavabdehdir. 7.Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd DVD diskdə “Whatsapp Video 2023 – 09- 04” adlı videofayldan görünür ki, avtonəqliyyat vasitəsinin ön oturacağında əyləşən Cavabdeh əlindəki dəftərdən 10 fevral 2023-cü il tarixli qəbzi üzündən oxuyur. Yanında əyləşən iddiaçı “Allah ölənlərinə rəhmət eləsin.. İnşallah pul yetirsin” ifadələrini işlədir. 8.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 4/1706-4/1713 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 21-ci vərəqində olan yaşıl rəngli dama-dama şagird dəftərin birinci vərəqində “Mən Cavabdeh, Hüseynov...” sözləri ilə başlayıb, “... imza: CavabdehR xx.xx.2023-cü il” sözləri ilə bitən qəbzdəki yazılar- Cavabdeh tərəfindən icra edilmişdir. 9.Ekspertizaya təqdim edilmiş 1 ədə üzərində “Aftandil Hüseynov” xüsusi qeydi olan “Bingo” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh tərəfindən Hüseynzadə Arzuya hüquqi yardım göstərilirdi. Cavabdeh etibarnamə əsasında onun işlərini görmüşdür. Cavabdeh xəstəsi olduğu üçün 4520 manat pul istəmişdir. Onun pulu olmadığı üçün atasından istəmişdir. Atası onun və qardaşının iştirakı ilə Cavabdeh 4520 manat pul vermişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, tərəflər tanışlıq münasibətindədirlər. İddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi olmasa da, Cavabdeh qəbz imzalayaraq, 4520 manat borcu olduğunu öz imzası ilə təsdiq etmiş, yəni borcun etirafı etmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 4520 manat borcun və bank uçot dərəcəsinə əsasən 446 manat məbləğində pulun ona qaytarılmasını xahiş edir. 12.Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin ona 4520 manat borcu olduğunu bildirir, bunun təsdiqinə dair 10 fevral 2023-cü il tarixli qəbzi və DVD diski məhkəməyə təqdim edir. Cavabdeh hazırlıq iclasında qəbzin onun tərəfindən imzalanmadığını, videodakı səslərin və görüntünün ona məxsus olmadığınıbildirmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2023-cü il tarixli 4/1706-4/1713 nömrəli rəyi ilə qəbzin cavabdeh tərəfindən icra edildiyi, video görüntüdəki səslərin ona məxsus olması müəyyən edildikdən sonra isə qəbzi hədə qorxu, təzyiq altında imzaladığını bildirmişdir. 13.Məhkəmə cavabdehin məhkəmə iclasında iddia ərizəsinə etiraz olaraq bildirdiyi hallarla bağlı qeyd etmişdir ki, cavabdeh dediyi halları təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, iddiaçının ona qarşı hədə-qorxu, təzyiq göstərdiyini, əslində ona deyil, oğluna hüquqi yardım göstərdiyini; lakin iddiaçının oğlu nəticədən razı qalmadığı üçün hədə-qorxu ilə, iddiaçı məcburiyyət qarşısında ona həmin sənədə imza atdırmışdır.Cavabdeh qeyd edilən halların təsdiq edə biləcək sübutları məhkəməyə(şahid ifadəsi; yazılı sübutlar və s.) təqdim etməmişdir. 14.Eyni zamanda məhkəmə cavabdehin hazırlıq iclasında imzanın və videogörüntüdəki şəxsin özü olmadığını bildirməsini, məhkəmə ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra izahatlarını dəyişdirərək, imzanın ona məxsus olduğunu, lakin təzyiq altında atdığı barədə bildirdiklərinin ziddiyəti və uyğunsuzluğunu da nəzərə almış və izahatlarını inandırıcı hesab etməməklə, məsuliyyətdən yayınmaq üçün verildiyi qənaətinə gəlmişdir. 15.Məhkəmə iddia tələbinin bank uçot dərəcəsinə əsasən 406 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, borc məbləğinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 234 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 16.Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh tərəifndən kredit müqavilələri üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsinə görə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış real zərər və əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. 17.Lakin məhkəmə qeyd etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 18.Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçının gecikdirilmiş 373 gün üçün illik beş faiz uçot dərəcəsi hesablanmalı (14 fevral 2023-cü il tarixdən-28 fevral 2024-cü il tarixədək) və iddia tələbi 234 manat (4520 x 5% / 360 gün x 373 gün= 234 manat) hesablanmaqla bu hissədə qismən təmin edilməlidir. 19.Məhkəmə MPM-in 119.1-ci maddəsinə əsasən hesab etmişdir ki, ödənilmiş 70 manat dövlət rüsumunun 66 manatı Cavabdeh tutularaq iddiaçı X4 xeyrinə ödənilməli, qalan hissə iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 95 manatı Cavabdeh, 5 manatı isə iddiaçı X2 tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 448.1, 385.1, 427.3, 882.1, 882.2, 882.3, 882.4, 882.5, 404.1, 404.2, 445.7, 449.1, 449.2, 439.3, : Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi” barədə 29 mart 2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin76.3, 103.1, 77.1, 14.2, 217.4, 119.1, 76.1, 76.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəiti olan faktiki halları araşdırmamış, aydınlaşdırmamış hüquqi qiymət verməmişdir. Məhkəmə iclası zamanı cavabdehin üzünə qarşı iddia tələbində qeyd etdiklərinin həqiqi olmasını deməsini tələb etsə də iddiaçı bu tələblərdən yayınmış, lakin özünün əsassız olan telefon çəkilişlərini məhkəməyə təqdim etməklə, məhkəmə isə həmin çəkilişlərə uyğun qətnamə çıxartması ilə tamamlamışdır. Məhkəmənin gəldiyi nəticə iş üzrə cavabdeh olaraq onun hüquqlarını pozmuşdur. Bununla da birinci instansiya məhkəməsi cavabdehin Azərbaycan Respublikasının konstitusiyası ilə qorunan hüquqlarını təmin etmədən əsassız qətnamə çıxartmışdır. Məhkəmə qərar qəbul edəndə, iddiaçının cavabdehlərə qarşı olan tələbinə əsasən iddiacını marağı naminə qərar qəbul etmişdir. Beləliklə birinci instansiya məhkəməsi cavabdehə qarşı münasibətdə iddiaçının iddia tələbini təmin etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında iddiaçı X6 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməmsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 25.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 27.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 28.Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 29.Maddə 385.1Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 30.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 32.Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 33.Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 34.Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 35.Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 36.Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 37.Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 402.1.Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 42.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 46.Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, tərəflər tanışlıq münasibətindədirlər. İddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi olmasa da, Cavabdeh qəbz imzalayaraq, 4520 manat borcu olduğunu öz imzası ilə təsdiq etmiş, yəni borcunu etirafı etmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 4520 manat borcun və bank uçot dərəcəsinə əsasən 446 manat məbləğində pulun ona qaytarılmasını xahiş edir. 47.İddiaçı cavabdehin ona 4520 manat borcu olmasının təsdiqi kimi bunun təsdiqi barədə 10 fevral 2023-cü il tarixli qəbzi və DVD diski məhkəməyə təqdim edir. Cavabdeh hazırlıq iclasında qəbzin onun tərəfindən imzalanmadığını, videodakı səslərin və görüntünün ona məxsus olmadığınıbildirmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 4/1706-4/1713 nömrəli rəyi ilə qəbzin cavabdeh tərəfindən icra edildiyi, video görüntüdəki səslərin ona məxsus olması müəyyən edildikdən sonra isə qəbzi hədə qorxu, təzyiq altında imzaladığını bildirmişdir. 48.Belə ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2023-cü il tarixli 4/1706-4/1713 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 21-ci vərəqində olan yaşıl rəngli dama-dama şagird dəftərin birinci vərəqində “Mən Cavabdeh, Hüseynov...” sözləri ilə başlayıb, “... imza: CavabdehR xx.xx.2023-cü il” sözləri ilə bitən qəbzdəki yazılar- Cavabdeh tərəfindən icra edilmişdir. -Ekspertizaya təqdim edilmiş 1 ədə üzərində “Aftandil Hüseynov” xüsusi qeydi olan “Bingo” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. 49.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 50.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh borcun etirafı haqqında qəbzi hədə qorxu, təzyiq altında imzaladığını bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. 51.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 52.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 53.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 54.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 55.Beləliklə məhkəmə kollegiyası Cavabdeh qəbz imzalayaraq, 4520 manat borcu olduğunu öz imzası ilə təsdiq etməsini, qəbzin cavabdeh tərəfindən icra edildiyinin və video görüntüdəki səslərin ona məxsus olmasının iş materialları ilə öz təsdiqini tapmasını nəzərə alaraq hesab edir ki, tərəflərin necə adlandırmasından asılı olmayaraq həmn qəbz Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə olmaqla, iddiaçı hazırki tələblə məhkəməyə müraciə etməkdə haqlı olmuşdur. 56.Kollegiya iddia tələbinin bank uçot dərəcəsinə əsasən 406 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia tələbi həmin hissədə düzgün olaraq qismən-borc məbləğinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 234 manat həcmində təmin edilmişdir. 57.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 58.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 59.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 61.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 503 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 63.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(005)-263/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3465/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3465/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver