Məhkəmə qərarları › İş №2(103)-3465/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3465/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3465/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X10 və X11 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-371/2016 saylı qərardadından iddiaçı X15 Tağıyevna tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-371/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X3 55 000 manat məbləğində pulun tutularaq X15 Tağıyevnaya ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən X12 tərəfindən apellyasiya şikayəti verilmiş və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-371/2016 saylı qətnaməsinin ərizəçi X6 hüquq və vəzifələrinə toxunması müəyyən edilməklə, həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa olunmaqla, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərardadından iddiaçı X15 Tağıyevna şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədən qanunla müəyyən edilmiş bir aylıq şikayət etmə müddətinə dair ərizəçinin ərizəsinə dair qəbul etdiyi qərardadda MPM-nin 15.4-cü maddəsinə istinad etsə də, faktiki olaraq maraqlı şəxs kimi ərizəçinin buraxılmış prosessual müddətin neçə gün və ya ay buraxıldığını konkret qeyd etməmiş, hətta bunun əsaslandıra bilməmiş və bu barədə məhkəməyə sübut təqdim edə bilməmiş, lakin məhkəmə üzürlü səbəblə üzürsüz səbəbə qiymət vermək əvəzinə, təmamilə qanunda nəzərdə tutulmayan başqa əsasla, əgər buna əsas demək olarsa, ərizəni təmin edərək müddəti bərpa etmişdir. Həmçinin, işin indiki mərhələsində məhkəmə ancaq qətnamənin rəsmi qaydada alınması, hansı tarixdə alınması və alındığı tarixdən şikayət edilməsi üçün neçə gün müddəti buraxmasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi, məhkəmə müddətin bərpası barədə qərardad qəbul edərkən qətnamənin ərizəçi tərəfindən konkret olaraq hansı ayda və gündə alınmasını, buraxılmış müddətin neçə gün və ya ay olmasını aydınlaşdırmadan buraxılmış müddətin bərpasını üzürlü saymışdır. Sual olunur, əgər qətnamənin ərizəçi tərəfindən hansı ayda və gün alınmasını müəyyən etmədən buraxılmış hansı müddətin bərpası mümkündürmü ? Məhkəmə gəldiyi nəticəni MPM-nin133-cü maddəsi ilə əsaslandırımaq əvəzinə MPM-nin müddətin bərpasına aid olmayan 15.4-cü maddəsinə istinad etməklə prosessual pozuntu etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz ərizəsi ünvanlayaraq, iddiaçının dəlillərinə cavab olaraq bildirmişdir ki, birinci istansiya məhkəməsi X8 X4 vərəsəsi olmasını nəzərə alaraq sonuncudan 55.000 manat məbləğində pulun tutulması barədə qətnamə üzrə X5 maraqlarına toxunan şəxs hesab etmədə haqlı olmuşdur. Həmçinin qətnamədə “ərizəçinin qətnamənin surətinin xx.xx.2024cü il tarixdə qəbul etməsini bildirsə də, iş materillarında nə qeyd olunan tarixə, nə də başqa tarixə qətnamənin alınması müəyyən olunmur" qeydi ilə bağlı bildirir ki, o, X6 nümayəndəsi və vəkili Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi arxivində xx.xx.2024-cü il tarixdə tanış olaraq, qətnaməni almış və xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsilə şikayət vermişdir. Nəticə etibarilə, hazırki şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında qeyd olunmuşdur ki, (ərizədə) ərizəçi sözügedən qətnaməni Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Lakin həmin qətnamənin surətinin hansı tarixdə əldə olunması ilə bağlı hər hansı rəsmi bildiriş yoxdur. Nəzərə alsaq ki, ərizəçinin sözügedən apellyasiya şikayəti və prosessual müddətin bərpasını nəzərdə tutan ərizəsinin Nəsimi Rayon məhkəməsinə daxil olma tarixi xx.xx.2025-ci il olmuşdur. (iş materialları vərəqə-131) Ərizəçinin qətnamənin surətinin əldə etdiyini bildirdiyi tarixlə məhkəməyə müraciət etdiyi tarix arasında 2 ay fərq olması hazırkı iş üçün mühüm əhəmiyyət daşıyır və ətraflı araşdırılmalı idi. Birinci istansiya məhkəməsi bu mübahisəli halı sadəcə qeyd etməklə kifayətlənmiş və heç bir tutarlı səbəb olmadan prosessual müdəti bərpa etmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci istansiya məhkəməsi ərizəçinin qətnamənin surətinin xx.xx.2024-cü il tarixdə qəbul etməsini bildirsə də, iş materiallarında nə qeyd olunan tarixə nə də başqa tarixə qətnamənin alınmasının müəyyən olunmadığını qeyd etmiş, bununla bağlı əlavə araşdırılmalar aparmamışdır. X6 vəkili və nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası ilə bağlı ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh hüquqlarını müdafiə etdiyi X6 atası X2rşı pul tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmadan və onun iştirakı olmadan işə baxılmışdır. Yekun məhkəmə aktı cavabdehə rəsmi qaydada verilməmişdir. Əslində, cavabdeh X9 Kazaxıstan Respublikasının Mangistau vilayəti, Aktau şəhər WAQ şöbəsinin xx.xx.2010-ci il tarixli ölüm haqqında sənədinə əsasən xx.xx.2010-ci il tarixdə ölmüşdür. Sonradan cavabdehin vərəsəsi, oğlu X12 belə bir məhkəmə qətnaməsinin olduğu barədə məlumat almışdır. Belə ki, atası cavabdeh X1 mülkiyyətə başqalarının qanunsuz olaraq sahiblənməsi, həmin yaşayış sahəsinin üçdə iki hissəsinin hansısa səbəblərdən yenidən qanunsuz olaraq hərracda satışa çıxarılması və qanunsuz alqı-satqı müqaviləsini həyata keçirən İddiaçı yenidən hərracda əvəzsiz olaraq həmin mənzili əldə etməsi barədə məlumat verilmişdir. Sonrakı araşdırma zamanı, hazırkı qətnaməni o, Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Odur ki, apellyasiya şikayəti vermək üçün prosessual müddət üzrlü səbəbdən ötürülməsinin nəzərə alınmasını xahiş etmişdir. Lakin kollegiya qeyd edir ki, iş materiallarında apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdən (apellyasiya şikayətinin qəbul edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin möhüründə qeyd edilən tarix) daha tez verildiyini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Ərizəçinin nümayəndəsi və vəkili iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı ünvanladığı etiraz ərizəsində ərizənin xx.xx.2025-ci ildə elektron kabinet vasitəsilə yüklənildiyini qeyd etsə də buna dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin iş materiallarında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4505/2024 nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Vadim Oçeredko tərəfindən verilən apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan bəlli olur ki, ərizəçi mübahisələndirmək istədiyi qətnamə barəsində 2024-cü il sentyabr ayından da əvvəl məlumatlı olmuşdur. Lakin birinci istansiya məhkəməsi bu məsələni də araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd olunan hər iki halı nəzərə alaraq belə qənaətə gəlir ki, birinci istansiya məhkəməsi ərizəçi tərəfindən prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü barədə qənaətə gələrkən şübhəli məqamları araşdırmadığından qərardad ləğv olunmalı və əlavə araşdırılmaların aparılması üçün birinci istansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardad ləğv olunmalı, iş apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası məsələsi yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası məsələsi yenidən araşdırılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar