Məhkəmə qərarları › İş №2(103)-3467/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3467/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3467/2020 22.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1, habelə Cavabdeh3 özünün və vəkili (nümayəndəsi) X5 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” əsasında yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 185.535,94 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 44.550,28 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 118.174 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 141.976,93 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 31.223,09 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 81.663 ABŞ dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun borcalan MMCdən və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 23/25 ünvanda yerləşən ümumi sahəsi 305,4 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi; bu məqsəd ilə həmin əmlakın açıq hərracdan satılması, satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilmiş borcun ödənilməsi, bu vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması; əmlak açıq hərracdan satıldığı halda 1 aydan gec olmayaraq əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(011)-3411/2017) ilə iddianın qismən təmin edilməsini, 14R000009989 №-li “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 184.974,81 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 43.919,32 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 90.000 ABŞ dolları, cəmi isə 318.894,13 ABŞ dolları; 014R********** №-li “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 141.954,23 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 30.240,91 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 60.000 ABŞ dolları, cəmi isə 232.195,14 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini; tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsini, həmin əmlakın ilkin satış qiyməti 1.500.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini; iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsini, əmlak açıq hərracdan satıldığı halda 1 aydan gec olmayaraq boşaldılmasını, qalan hissədə iddianın təmin edilməməsini, ekspertiza tədqiqatının dəyərini təşkil edən 270 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Həmin qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019cu il tarixli qətnamə (İş № 2(103)-8898/2019) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh3 verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-93/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsinin faiz borcu və dəbbə pulunun tutulması, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsini və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki, göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Cavabdeh3 apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2020-ci il tarixli qərarı ilə işi yalnız Cavabdeh3 faiz borcu və dəbbə pulunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yeni baxışa qaytardığından, Məhkəmə yalnız həmin hissədə Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlamışdır. Məhkəmə bildirir ki, Bankın iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh MMC arasında bağlanmış 14L000004498 №-li, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən MMC-yə 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşmaları ilə müəyyən olunur. Bank ilə MMC arasında bağlanmış 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” əsasında borcalana 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.1833 % olmaqla 280.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə “14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Bank və MMC arasında 14R000009989S №-li “xxxxx” bağlanmışdır. MMC ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və xx.xx.2015-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh MMC 14R000009989 №-li “Kredit razılaşması” üzrə götürdüyü kredit borcundan 94.464,07 ABŞ dolları qaytarmış və onun 185.535,93 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri Banka qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 637 gün üçün hesablanmış faiz borcu 44.550,28 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 637 gün üçün hesablanmış cərimə 118,174 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxx” çərçivəsində xx.xx.2014-cü il tarixdə bağlanmış 014R********** №-li, “Kredit razılaşması” əsasında borcalana 30 ay müddətinə aylıq faiz dərəcəsi 1.1833 % olmaqla 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə “014R********** №-li, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Bank və MMC arasında 014R**********S №-li “xxxxx” imzalanmışdır. MMC ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və xx.xx.2015-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh MMC 014R********** №-li “Kredit razılaşması” üzrə götürdüyü kredit borcundan 58.023,07 ABŞ dolları qaytarmış və onun 141.976,93 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri Banka qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 578 gün üçün hesablanmış faiz borcu 31.223,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 578 gün üçün hesablanmış cərimə 81.663 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli 14L000004498 №-li “xxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə cavabdeh MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdeh - ipoteka qoyan Cavabdeh2 iddiaçı Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli 14M000000250 №-li “İpoteka müqaviləsi” əsasında özünə məxsus qeyri-yaşayış sahəsini iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli 14L000004498 №-li “xxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə cavabdeh MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Bununla bağlı Bank tərəfindən Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 14S000008718 №-li, Cavabdeh3 ilə isə xx.xx.2014-cü il tarixli 14S000008756 №-li “Zaminlik müqavilələri” bağlanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin “Zaminlik müqavilələriinin” 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən “xxxxxxxxxxxxxxxxxxxxxxxndən” irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borclu MMC ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı MMC-nin bütün öhdəliklərini icra etməlidirlər. İş üzrə Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi məhkəmə baxışının çəkişmə prinsipi pozmuş, işi tam və hərtərəfli araşdırmamış, faiz borcu və dəbbə pulunu düzgün hesablamamış, ödənişləri, faizlərin şişirdilməsini nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh3 və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. Bankın nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh MMC-nin nümayəndəsi və Cavabdeh2 apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən dəyişdirilməlidir. Belə ki, Bank ilə cavabdeh MMC arasında bağlanmış 14L000004498 №-li, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxndən” görünür ki, Bank tərəfindən borcalan MMC-yə 120 ay müddətində 5.000.000 manat məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. Bank ilə MMC arasında bağlanmış 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” əsasında borcalana 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.1833 % olmaqla 280.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə “14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Bank və MMC arasında 14R000009989S №-li “xxxxx” bağlanmışdır. Həmin “xxxxxə” əsasən verilmiş kreditin qalıq məbləğinə xx.xx.2015-ci il tarixdən aylıq 1.0833% hesablanması razılaşdırılmış, habelə yeni ödəniş planı tərtib edilmişdir. Bank ilə MMC arasında bağlanmış 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” əsasında borcalana 30 ay müddətinə aylıq faiz dərəcəsi 1.1833 % olmaqla 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə “014R********** №-li, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Bank və MMC arasında 014R**********S №-li “xxxxx” bağlanmışdır. Həmin “xxxxxə” əsasən verilmiş kreditin qalıq məbləğinə xx.xx.2015-ci il tarixdən aylıq 1.0833% hesablanması razılaşdırılmış, habelə yeni ödəniş planı tərtib edilmişdir. Öhdəliyin icrasının təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin ipoteka qoyulması üçün onun ilə Bank və borcalan MMC arasında xx.xx.2014-cü il tarixli 14M000000250 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 472.2-ci maddəsinə görə isə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İş üzrə Cavabdeh3 apellyasiya şikayətində bildirir ki, faiz və cərimə borcu düzgün hesablanmamışdır. İşə baxmış Rayon Məhkəməsi borc məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 12779 №-li rəyini almışdır. Həmin rəydən görünür ki, xx.xx.2017-ci il tarixə 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə əsas borc 184.974,81 ABŞ dolları, faiz borcu üzrə 30.988,49 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə əsas borc 141.954,23 ABŞ dolları, faiz borcu üzrə 22.858,11 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, iddiaçı Bank tərəfindən ödənilməsi tələb olunan borc məbləğləri ekspert rəyi ilə tam təsdiq edilməmişdir. İşə baxmış aşağı instansiya məhkəmələri isə ekspert rəyini deyil, Bankın təqdim etdiyi hesablamaları əks etdirən maliyyə sənədlərini mötəbər sübut kimi qəbul etmiş, ekspertin gəldiyi nəticə ilə razılaşmamalarını əsaslandırmamışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ekspert rəyini əsas götürlməklə faiz borcunun ödənilməsi barədə tələb qismən təmin edilməli, həm 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli, həm də 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşmaları” üzrə tutulmalı olan faiz borcu ekspert rəyində göstərilən məbləğlərdə - 30.988,49 ABŞ dolları və 22.858,11 ABŞ dolları müəyyən edilməlidir. Çünki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin ş üzrə tərəflər ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübutu məhkəmələrə təqdim etməmiş, habelə rəyin əsassız hesab edilməsi üçün hər hansı bir hal məhkəmə baxışı zamanı aşkar edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavbadeh Cavabdeh3 apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili qismən əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Bank ödənişin gecikdirilməsinə görə cavabdeh tərəfə 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə 118.174 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə isə 81.663 ABŞ dolları məbləğində cərimə tətbiq etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla dəbbə pulunun miqdarı əsas kredit borcunun məbləğinin 10%-i miqdarında, yəni 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə 18.497 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə isə 14.195 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bu nəticə artıq formalaşmış məhkəmə təcrübəsinə də uyğundur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə də Cavabdeh3 apellyasiya şikayətinin dəlili qismən əsaslıdır. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin mənasına görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, Rayon Məhkəməsi ipoteka predmeti olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti barədə tərəflər arasında razılaşma olmadığını nəzərı alaraq iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardadı ilə həmin əmlakların qiymətləndirilməsini qərara almış və qiymətləndirmənin keçirilməsini “xxxxxxxxxxxxxxx” MMC-yə həvalə etmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin Məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 261/AB №-li qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin həmin dövr üçün bazar qiyməti 1.500.000 manat təşkil edir. Hazırda apellyasiya şikayəti vermiş Cavabdeh3 bildirir ki, Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti həmin əmlakın real dəyərini əks etdirmir. Məhkəmə, apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı Bankın nümayəndəsinin Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından (İş № 2(102)-1913/2019) görünür ki, (hazırki iş üzrə iddiaçı) Bankın (hazırki iş üzrə cavabdehlər) V.Səmədov, Cavabdeh2, “xxxxxx” MMC və başqalarına qarşı irəli sürdüyü iddia əsasında Xətai Rayon Məhkəməsində başlanmış 2(011)-33992017 №-li mülki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən Bankın xeyrinə kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və sair qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh İ.Hüseynovun verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi, xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)-4694/2018) ilə şikayəti təmin etməmişdir. Cavabdeh İ.Hüseynov apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsini kassasiya qaydasında mübahisələndirmiş, Ali Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-1913/2019) ilə qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə aktlarından müəyyən edilir ki, borcun yönəldildiyi ipoteka predmetləri sırasında hazırki iş üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi də olmuşdur. Qeyri-yaşayış sahəsi Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən “xxxxxxxxxxxxxxx” MMC tərəfindən qiymətləndirilmişdir. MMC-nin xx.xx.2017-ci il tarixdə verdiyi 262/AB №-li hesabata görə, əmlakın bazar dəyəri 1.500.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsi əvvəllər də məhkəmə baxışı predmeti olmuş və həmin əmlakın ilkin satış qiyməti artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh3 həmin işdə cavabdeh qismində çıxış etsə də, iş üzrə qəbul edilmiş məhkəmə aktları onun tərəfindən mübahisələndirilməmişdir. MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən, Məhkəmə, özünün xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadı ilə əmlakın yenidən qiymətləndirilməsi barədə Cavabdeh3 vəsatətini rədd etmişdir. Odur ki, Məhkəmə bildirir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini 1.500.000 manat müəyyən etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh3 apellyasiya şikayətinin son dəlili isə ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə iclasında onun iştirakını qanunda nəzərdə tutulmuş qaydada təmin etməmişdir. Məhkəmə Cavabdeh3 bu dəlilini əsassız hesab edir. Belə ki, Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, Cavabdeh3 hazırki iş üzrə xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak edərək izahatlar vermişdir. xx.xx.2017-ci il tarixə təyin olunmuş məhkəmə iclasında isə məlumatının olmasına baxmayaraq (İş v.189) iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi yuxarıda qeyd olunan prosessual normalara riayət etmiş və MPM-nin 185.5-ci maddəsinin tələbinə əsaslanaraq işə Cavabdeh3 iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Beləliklə, şərh olunanlara MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçı Bankın xeyrinə tutulacaq faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Vahid Samedovun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlərdən iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulacaq faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı “xxxxxxxxxx” QSC və cavabdeh “xxxxxx” MMC arasında bağlanmış 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə iddiaçı “xxxxxxxxxx” QSC-yə ödənilməli olan faiz borcunun məbləği 30.988 (otuz min doqquz yüz səksən səkkiz min) ABŞ dolları 49 (qırx doqquz) sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 18.497 (on səkkiz min dörd yüz doxsan yedi min) ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə isə faiz borcunun məbləği 22.858 (iyirmi iki min səkkiz yüz əlli səkkiz) ABŞ dolları 11(on bir) sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 14.195 (on dörd min yüz doxsan beş) ABŞ dolları müəyyən edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar