Məhkəmə qərarları › İş №2(103)-3467/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3467/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3467/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin nümayəndəsi Nümayəndə1 Məmməd qızının iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx" ASC-nin Nərimanov filialı ilə borclu Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli, İNK-İ-12/124 №-li kredit müqaviləsi bağlanmış, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib olunmuşdur. Həmin müqaviləyə əsasən Cavabdeh2 illik 12% olmaqla 122 ay müddətinə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-də inşa edilən 2 bina, 2 blok, 6-cı mərtəbə, 24 №-li, ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqdan ibarət mənzilin alınması məqsədilə 24.003,72 manat məbləğində kredit verilmişdir. "xxxx" ASCnin Xətai filialı ilə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC arasında xx.xx.2012-ci il tarixli, İNK-İ-12/124 №-li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış əsas borcu 3.892,95 manat, faiz borcu 469,01 manat, cəmi borc 4.361,96 manat təşkil edir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4962 nömrəli 29 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) Cavabdeh2 "xxxx" ASC-yə xx.xx.2012-ci il tarixli, İNK- İ-12/124 №-li kredit müqaviləsi üzrə ödəmədiyi əsas borcunun məbləğinin 3.949,45 manat, faiz borcunun məbləğinin isə 437,07 manat təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 v«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli, İNKİ-12/124 №-li kredit müqaviləsinə əsasən 3.892,95 manat əsas borc, 469,01 manat faiz borcu, cəmi 4.361,96 manat kredit borcunun, ödənilmiş 63,61 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, İNK-İ-12/124 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-də inşa edilən 2 bina, 2 blok, 6-cı mərtəbə, 24 №-li, ümumi sahəsi 83,40 kv metr olan 3 otaqdan ibarət mənzilin alınması üçün 122 ay müddətinə illik 12% dərəcəsi ilə hesablanmaqla 24.003,72 manat məbləğində kredit vermişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bank «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC ilə xx.xx.2012-ci il tarixli, İNK-İ-12/124 №-li zaminlik müqaviləsi bağlamışdır. Zamin müqavilənin şərtlərinə əsasən borcalanın öhdəliklərinin yetirnə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Borclu kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmirlər.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 739, 741, 470.1, 472.1, 472.2 -ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə məhkəmə bildirişi gəlməmiş, cavabdeh məhkəmə prosesində iştirak edə bilmədiyi üçün o, məhkəmə müdafiəsindən məhrum olmuşdur. Eləcə də digər cavabdeh də məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə cavabdehlərin, eləcə də «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin iştirakı olmadan birtərəfli qaydada baxmış, işi hərtərəfli araşdırmadan, əsas cavabdeh olan Cavabdeh2 həyatda olub-olmaması faktını müəyyən etmədən, kredit borcuna görə yaranmış əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmadlığını müəyyən etmək üçün ekspertiza keçirmədən, yalnız iddiaçının verdiyi arayışı və məlumatı əsas götürərək əsas və faiz borcunun nə qədər olması qənaətinə gələrək ədalətsiz və əsassız qətnamə çıxarmışdır. Qərarda göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.” Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin nümayəndəsi Nümayəndə1 Məmməd qızı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən salanımasını xahiş etmişdir. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilir. Kollegiya mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 21.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 23.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 24.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 25.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

26.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

30. Belə ki, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə almadan və iş üzrə hərtərfli araşdırma aparmadan qətnamə qəbul etdiyinə istinadən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə kredit müqaviləsi üzrə əsas borcun və əsas borca hesablanmış faiz borcunun ekspertiza vasitəsilə müəyyən edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

31. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin hüquqi ünvanı olduğu və müraciət etdiyi apelyasiya şikayətində qeyd etdiyi ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.

32. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

33. Həmçinin Cavabdeh2 vəfat etməsi halı nə iş materiallarında olan sübutlardan, nə də “AZEMİS” elektron məhkəmə iformasiya sistemi vasitəsilə əldə olunmuş məlumatlardan müəyyən edilmir.

34. Bundan başqa işin hallarını apellyasiya şikayətində göstərilən dəlillər üzrə yoxlamaq məqsədilə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq təkrar ekspertiza təyin edilmiş, ekspert qarşısında "xxxx" ASC-nin ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, İNK-İ-12/124 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilə müddətinin bitdiyi tarixə əsas və faiz borcunun nə qədər təşkil etdiyi barədə rəy verilməsi xahiş edilmişdir.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4962 nömrəli 29 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) Cavabdeh2 "xxxx" ASC-yə xx.xx.2012-ci il tarixli, İNK- İ-12/124 №-li kredit müqaviləsi üzrə ödəmədiyi əsas borcunun məbləğinin 3.949,45 manat, faiz borcunun məbləğinin isə 437,07 manat təşkil etdiyi müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası baxmayaraq ki, ekspert rəyi ilə hesablanmış əsas borcun məbləği iddia ərizəsində qeyd ediləndən daha yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, birinci instansiya məkəməsi cavabdehlərdən əsas borc üzrə 3.892,95 manat məbləğində pul tutmaqla haqlı olmuşdur. Lakin ekspert rəyi ilə borclunun faiz borcu 469,01 manat deyil, 437,07 manat məbləğində müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə müəyyən olunan məbləğ borclulardan müştərək qaydada tutulmalıdır.

37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən, hesab edir ki, cavabdehlər Cavabdeh2 və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dən iddiaçı "xxxx"ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, İNK-İ-12/124 №-li kredit müqaviləsinə görə faiz borcu olaraq 437,07 (dörd yüz otuz yeddi manat, yeddi qəpik) manat məbləğində pul tutulmalıdır. 38.Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 39.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1396/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi “faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dən xx.xx.2012-ci il tarixli, İNK-İ-12/124 №-li kredit müqaviləsinə əsasən yaranmış faiz borcu üzrə 437,07 (dörd yüz otuz yeddi manat, yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar