Məhkəmə qərarları › İş №2(103)-3468/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3468/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3468/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, vəfat etmiş borcalan X1 Bank ilə bağladığı xx.xx.2023-cü il tarixli, CL-EE01429281 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.977,39 manat, borclunun vəfat etdiyi tarixə ödənilməmiş qalan faiz borcunun ödənilməsi məqsədi ilə 27,76 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,02 manat, dövlət rüsumunun ödənilməsi üçün tutulmuş bank xidmət haqqının əvəzi olaraq 0,40 manat məbləğində pulun mərhum borcalanın vərəsəsi olan cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Etibar Səmədov, onunla Bank arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 15,9 faiz dərəcəsi ilə 18 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 14.000 manat məbləğində borc götürmüşdür. Etibar Səmədov xx.xx.2023-cü il tarixdə ölmüşdür. ünvan ünvanlanmış 389 saylı, məktubda qeyd edilmişdir ki, mərhumun vərəsəsi olan arvadı – cavabdeh mirası qəbul etmiş və bununla bağlı ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-263987-2023 saylı məktuba əsasən 399,67 manat məbləğində pul vəsaitidir. Cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alsa və mirası qəbul etsə də, mərhumun Banka olan borcunu Banka ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 6-2-22/2-49184/2043 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, borcun məbləği barədə məlumat verilmiş və borcun ödənilməsi xahiş edilsə də, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 123,02 manat, rüsumun ödənilməsi üçün isə 0,40 manat məbləğində bank xidmət haqqını ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya dair münasibəti barədə məlumat

3. Cavabdeh verdiyi izahatda Rayon Məhkəməsinə bildirmişdir ki, o, mərhum ərinin iddiaçı Banka olan borcunu ödəməli olsa da, maddi vəziyyəti çətin olduğu üçün bunu bir dəfəyə edə bilmir. Pensiyaya çıxanda ödəyər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, mərhum borcalan Etibar Səmədovun arvadı olmaqla sonuncunun birinci növbə vərəsəsidir. Etibar Səmədov sağlığında Bank ilə bağladığı xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi” üzrə onun öldüyü məqama Banka 10.977,39 manat məbləğində əsas kredit borcu, əsas kredit borcuna hesablanmış 27,76 manat məbləğində faiz borcu olmuşdur. Mərhumun vərəsəsi olan cavabdeh “Vərəsəlik şəhadətnaməsi” alsa və miras qalmış pul məbləğini qəbul etsə də, Banka olan borcu ödəməmişdir. Buna görə də, iddia təmin edilməli, cavabdeh, mərhum ərinin iddiaçı Banka olan borcunu ödəməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Etibar Səmədov iddiaçı Bankdan kredit götürən zaman o, adına olan mənzil Bankın xeyrinə girov qoymamış, mərhumun öhdəliklərin icrasına zamani durmamışdır. Deməli, iddiaçı Bank kredit verən zaman kredit borcunun ödənilməməsi şərtini artıq əvvəlcədən sığortalanmışdır. Eyni zamanda, cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almasına açıqlıq gətirmək niyyəti ilə qeyd edir ki, mərhumla cavabdehin birgə nikah dövründə birgə mülkiyyətləri sayılan mənzilləri olmuşdur, hal-hazırda həmin mənzil mübahisəlidir və cavabdeh mərhum ərinin kredit borcunu ödəməyə məcbur deyildir. Bu səbəbdən də iddiaçı Bankın irəli sürdüyü tələb və Rayon Məhkəməsinin qərarı tamamilə əsassız hesab edilməlidir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Apellyator olan cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi.

9. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmuna uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Etibar Səmədov ilə iddiaçı Bank arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Etibar Səmədov həmin müqaviləyə əsasən Bankdan illik 15,9 faiz dərəcəsi ilə 18 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə 14.000 manat məbləğində borc götürmüşdür.

12. Bakı Şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 366532 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Etibar Səmədov xx.xx.2023-cü il tarixdə ölmüşdür.

13. Bank tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli “Maliyyə arayışından” görünür ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Etibar Səmədovun öldüyü tarixə əsas kredit borcu 10.977,39 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 27,76 manat təşkil edir.

14. Bakı Şəhəri 45 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilərək, reyestrdə 2V-25 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Etibar Səmədovun vərəsəsi (arvadı) – cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-263987/2023 nömrəli məktubuna əsasən 399,67 manat məbləğində pul vəsaitindən ibarətdir.

15. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1153.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307.).

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına istinad edilərək qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Plenum qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edilir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

17. Qeyd edilən maddi hüquq normaların tələblərindən və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarlarda təsbit edilmiş hüquqi mövqedən hazırkı iş üzrə cavabdehin bildirdirdiklərinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onun əri Etibar Səmədovun sağlığında iddiaçı Bank ilə bağladığı “Kredit müqaviləsi” üzrə yaranmış borcu Banka ödəməlidir.

18. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, Etibar Səmədov iddiaçı Bankdan kredit götürən zaman o, adına olan mənzil Bankın xeyrinə girov qoymamış, mərhumun öhdəliklərin icrasına zamani durmamışdır. Deməli, iddiaçı Bank kredit verən zaman kredit borcunun ödənilməməsi şərtini artıq əvvəlcədən sığortalanmışdır.

19. Məhkəmə qeyd edir ki, kreditin verilməsi zamanı borcalanın öhdəliklərinin təminatı olaraq “zaminlik müqaviləsi” və, və ya “ipoteka/girov müqaviləsi” bağlamaq Bankın vəzifəsi deyil, hüququdur. Buna görə də qəbul edilməlidir ki, cavabdehin müzakirə edilən bu dəlili əsassızdır.

20. Apellyasiya şikayətində cavabdeh həmçinin qeyd edir ki, onunla mərhumun birgə nikah dövründə birgə mülkiyyətləri sayılan mənzilləri olmuşdur, hal-hazırda həmin mənzil mübahisəlidir və buna görə də o, mərhum ərinin kredit borcunu ödəməyə məcbur deyildir.

21. Məhkəmə, yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərini və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarda təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin bu dəlili də, əsassızıdır. Çünki o, mərhumdan miras qalmış pul vəsaitini qəbul etdiyindən mərhumun iddiaçı Banka olan borcunu ödəməlidir.

23. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

28. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar