Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3469/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən əmələ gələn öhdəlik,maddi zərərin ödənilməsi tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1320/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 24 iyun 2024-cü il tarixdə İddiaçı və digər şəxslərin iştirakı ilə tərtib və təsdiq edilmiş əlyazma şəklində aktdan, eləcə də, Lerik RİHB Nücü kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş eyni tarixli aktdan görünür ki, 22 iyun 2024-cü il tarixdə saat 08 radələrində Lerik rayonu Davidonu kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq İddiaçı məxsus, diri çəkisi 450 kq. olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Aktı tərtib edən şəxslər iddiaçının müraciətinə əsasən ərazidə olaraq, həqiqətən iribuynuzlu heyvanın elektrik cərəyanı vurması səbəbindən tələf olduğunu müəyyən etmişlər.
2. Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli yarma protokolundan görünür ki, X3 məxsus 5 yaşlı, qırmızı rəngli dişi qaramalın cəsədi yarılmış və qaramala burun dəliklərində axıntı və elektrik vurması nəticəsində dərinin yanması diaqnozu qoyulmuşdur.
3. Masallı rayon heyvan bazarının arayışından görünür ki, İddiaçı məxsus 1 baş 5 yaşlı diri çəkisi 450 kq olan iribuynuzlu heyvanın orta bazar qiyməti alıcılar və satıcılar arasında təxminən 2.800-3.000 manat civarında dəyərləndirilir.
4. Lerik RİHB Nücü kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 5-65-5-29/2-201/2024 saylı arayışından görünür ki, İddiaçı hal-hazırda Lerik rayonu Davidonu kəndində yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 3.150 manat maddi ziyanın və ödənilmiş 51,50 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonu Davidonu kəndində yaşayır. 22 iyun 2024-cü il tarixdə səhər saatlarında fərdi təsərrüfatlarında olan iri buynuzlu heyvanları Davidonu kəndinin örüş sahəsinə buraxmışdır. Həmin tarixdə axşam saatlarında inəyi geri dönməmişdir. Ona məxsus 1 baş qırmızı rəngli inək örüş sahəsində elektrik naqilinin üstünə düşməsi nəticəsində tələf olmuşdur. Həmin inəyin çəkisi 450 kq olmaqla dəyəri 3.150 manat təşkil edir. Bu səbəbdən, kənd sakinləri və ƏİN-in iştirakı, həmçinin baytarlıq idarəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin hadisə ilə bağlı fotoşəkillər çəkilmişdir. Sözügedən ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC-nin Lerik rayon filialına müraciət etsələr də, ziyanın ödənilməsindən imtina edilmişdir. Belə ki, ərizəsinə əlavə etdiyi HSBX idarəsinin nümayəndəsinin də imzaladığı aktla, ƏİN və kənd sakinlərinin iştirakları ilə tərtib olunmuş aktla müəyyən olmuşdur ki, ona məxsus 1 baş iri buynuzlu qaramal elektrik cərəyanı vurması nəticəsində tələf olmuşlar. Həmçinin ƏİN və kənd sakinləri tərəfindən tərtib olunmuş aktdan da görünür ki, ona məxsus iri buynuzlu inək xx.xx.2024-cü il tarixdə Lerik rayonu Davidonu kəndi ərazisində yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində tələf olmuşlar. Ona məxsus iri buynuzlu inək cavabdehin təqsiri üzündən ona görə tələf olmuşdur ki, elektrik xəttinə elektrik əməkdaşları tərəfindən vaxtlı-vaxtında nəzarət olunmamışdır. Həmçinin elektrik xətləri yerlə çəkilmiş olsa belə, onda həmin xətlər ətrafdakılar üçün təhlükə yaratmadan çəkilməlidir. Bununla da müəyyən olunur ki, cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində ona ziyan dəymişdir. Ərazidə olan hava elektrik ötürücü xətlərinin yerlə olan məsafəsi qanunla müəyyən olunmuş qaydaya uyğunluq təşkil edilməmişdir. Belə olan halda, ona məxsus heyvanın tələf olmasına yaranmış səbəb elektrik xəttinin qırılıb yerə düşməsi ilə sübuta yetir. Əgər bu belə deyilsə, onda cavabdeh tərəf sübut etməlidir ki, həmin vaxt elektrik xətti onun iri buynuzlu inəyini tələf etməyib. Hazırda cavabdehin təqsiri üzündən ona 3.150 manat ziyan dəymişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1320/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş 3.000 manat maddi ziyanın və ödənilmiş 51,50 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X4)
8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097-ci, 1108.1-ci maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10-cu bəndlərinə, Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin qismən-iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Fors-major hallar baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr nəzərdə tutulur. Məhkəmə tərəfindən qərar verilərkən elektrik naqilinin cavabdehin səhlənkarlığından deyil, məhz güclü külək və ya digər səbəbdən qırılması faktı nəzərə alınmamışdır. Məhkəmə öz qətnaməsində iddiaçiya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasınımüəyyən etməmişdir. İddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasındakı səbəbli əlaqə mövcud deyildir. Cavabdehin qanunsuz hərəkətsizliyi dedikdə enerji təchizatı müəssisəsinin ona məxsus olan elektrik qurğularının texniki vəziyyətinin yoxlanılmamasıvə digər zəruri hərəkətlərin edilməməsi başa düşülməlidir. Lakin işin hallardından dagöründüyü kimi iddiaçıya maddi zərərcavabdehin qanunsuz hərəkətsizliyi deyil, təbii hadisə nəticəsində dəymişdir. Buna görə də hesab edirlər ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan faktiki halların hamısı aydınlaşdırılmamışdır. Hazırki iş üzrə,məhkəmənin sübut qismində qəbul etdiyi Şabanov Ə., Şahbazov İ., Nərimanov B., Abışov N., İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktlar hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş yarma protokolunda tələf olmuş heyvanın laboratariyada araşdırılması üçün daxili orqanlarından nümunələrin götürülməsi, heyvanın dərisinin tamlığının pozulması, dezinfeksiya edilərək basdırılması və s. bu kimi hallar öz əksini tapmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
e) Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Cavabdeh tərəfindən qətnamə iddia tələbinin təmin edilən hissəsi mübahisələndirilərək onun tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, 22 iyun 2024-cü il tarixdə saat 08 radələrində Lerik rayonu Davidonu kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq İddiaçı məxsus, diri çəkisi 450 kq olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən elektrik xəttinin cavabdehin balansında olması işin mübahisə edilməyən halıdır. Həmin elektrik xəttinin saz vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh daşıyır.
21. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlmişdir. Bu səbəbdən, elektrik xəttinin nasaz, qəza vəziyyətində olması səbəbindən iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
22. Məhkmə kollegiyası vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə hüquqi qiymət verən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçıya məxsus tələf olmuş heyvanın dəyəri təqdim edilmiş arayışa görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətdə 3.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə arayışda qeyd edilən məbləğlə razılaşıb iddiaçıya vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 3.000 manat olduğunu məhkəmə kollegiyası məqsədəmüvafiq hesab edir.
23. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın ödənilməsi nəticəsinə gəmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
24. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1320/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.