Məhkəmə qərarları › İş №2(103)-3473/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3473/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3473/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" ASC-nə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: öhdəliyə və ipotekaya xitam verilməsi, öhdəliyin ipoteka predmetinin verilməsi yolu ilə icra olunmuş hesab edilməsi, ipoteka predmetinin normal saxlanmamasına görə dəymiş ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iştirakı ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 "xxxx" ASC-nə qarşı “öhdəliyin icra olunmuş hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (hazırda "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış xx.xx.2008ci il tarixdə RBB(A)407 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 32 500 ABŞ dolları kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi X3 mülkiyyətindəki **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “Mercedes Benz 320” minik markalı avtomobil eyni tarixlil ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. "xxxx" ASC-nin İddiaçı və X6 qarşı iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı kredit üzrə 29 556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcu, 2090 ABŞ dolları cərimə borcu olmaqla cəmi 35 000,06 ABŞ dolları borcun “NİKOYL” İKB-nın xeyrinə tutulması, tələbin “Mercedes Benz 320" markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi və avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin X6 verilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsi üçün yetərli olmadıqda qalan borcun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı tutulması, “NİKOYL” İKB tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 94,3%-nin, yəni 18,8 (on səkkiz manat doxsan qəpiyi) manatın İddiaçı və X1 bərabər şəkildə tutularaq banka ödənilməsi qət edilmişdir.

3. “NİKOYL” X5 tərəfindən Yasamal Rayon Məhkəməsinə xx.xx.2010-cu il tarixdə məktub ünvanlanmış, məktubda göstərilmişdir ki, qətnamə çıxarıldıqdan sonra İddiaçı banka gələrək kredit müqavilələri üzrə borcun gecikdirilmiş hissəsini ödəmişdir, buna görə 19 may 2010-cu il tarixli qətnamənin icraya yönəldilməməsi xahiş olunur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi 21 iyun 2010-cu il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2010-cu il tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir.

5. “NİKOYL” X5 tərəfindən Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinə xx.xx.2011-ci il tarixdə məktub ünvanlanmış, İddiaçı qarşı “borc tələbinə” dair icraatda olan icra işinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. 1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2010-cu il tarixli icra sənədi icra məmurunun xx.xx.2011-ci il tarixli qərarı əsasında “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır.

7. Bakı şəhəri Yasamal rayon icra şəbəsi tərəfindən Azərbaycan Respublikası DİN BBDYPİ-nə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubda X6 məxsus “Mersedes Benz-320” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş qadağanın götürülməsi xahiş olunmuşdur.

8. Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 02 may 2023-cü il tarixdə yenidən icraya yönəldilmiş, icra məmuru tərəfindən 12 may 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur.

9. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı banka xx.xx.2011-ci il tarixə 18 078 ABŞ dolları borcu olmuşdur.

10. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı banka Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə 13 415,75 ABŞ dolları borcu qalmışdır.

11. Cavabdeh ASC İddiaçı və X6 qarşı “X4 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15 359,1 ABŞ dolları əsas, 27 393,71 ABŞ dolları faiz, 1233,70 ABŞ dolları cərimə borcunun tutulması, tələbin “Mercedes Benz 320" markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsi üçün yetərli olmadıqda qalan borcun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı tutulması, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%lə hesablanmış 4817 ABŞ dollarının və dövlət rüsumunun tutulması” tələblərinə dair iddia ərizəsi ilə 2022-ci ildə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçı bankın “X4 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15 359,1 ABŞ dolları əsas, 27 393,71 ABŞ dolları faiz, 1233,70 ABŞ dolları cərimə borcunun tutulması, tələbin “Mercedes Benz 320" markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsi üçün yetərli olmadıqda qalan borcun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı tutulması” tələblərindən imtinası qəbul olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli qətnaməsi həmin tələblər üzrə hissədə ləğv edilərək işin icraatına müvafiq hissədə xitam verilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2023-cü il tarixli digər qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli qətnaməsi “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın tələb olunması və 338,90 manat dövlət rüsumunun tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

14. Cavabdeh ASC-nin İddiaçı və X6 qarşı “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanmış 4817 ABŞ dollarının və dövlət rüsumunun tutulması” tələbi hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır və həmin işin icraatı hazırkı iş üzrə icraat başa çatanadək dayandırılmışdır.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, X6 məxsus “Mercedes Benz 320” markalı minik avtomobilin xx.xx.2023-cü il tarixə olan bazar qiyməti 3500 manat təşkil edir.

16. “Mercedes Benz 320" markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 3500 manat olmaqla hərraca çıxarılmış, avtomobil hərracda satılmadığından 2231,25 manata Cavabdeh ASC-nə təklif edilmiş, bununla bağlı 09 yanvar 2024-cü il tarixdə müvafiq protokol tərtib olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı (iddiaçı) "xxxx" ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, onunla "xxxx" ASC (hazırda "xxxx" ASC) arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra olunmuş hesab edilməsi, öhdəliyə xitam verilməsi və dəymiş maddi zərər üzrə 6000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC (hazırda Cavabdeh ASC) ilə arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 32 500 ABŞ dolları kredit götürmüş, borcun təminatı olaraq X3 mülkiyyətindəki **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “Mercedes Benz 320” minik markalı avtomobil eyni tarixlil ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük dövlət qeydiyyatına alınmışdır. Həmin borcla bağlı “Nikoyl İKB" ASC tərəfindən 2010-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq ondan 29 556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcu, 2090 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35 000,06 ABŞ dolları borcun “NİKOYL" İKB-nın xeyrinə tutulması, tələbin “Mercedes Benz 320" markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi və avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin X6 verilməsi qət edilmişdir. Bundan sonra o, “Nikoyl İKB" ASC ilə arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş bütün ödənişləri icra etmiş və aralarındakı razılığa əsasan müqavilə üzrə ödənişlərin davam etdirilməsi qərara alınmışdır. Tərəfindən gecikdirilmiş borcların ödənilməsi ilə bağlı "xxxx" ASC-nin İdarə X11 xx.xx.2010-cu il tarixli 02-1691 saylı məktubu Yasamal Rayon Məhkəməsinə təqdim edilərək, qətnamənin icraya yönəldilməməsi xahiş edilmişdir. Həmçinin “Nikoyl İKB" ASC X11 Yasamal rayon icra şöbəsinə ünvanlandığı xx.xx.2011-ci il tarixli 02-1963 saylı məktubla icra işinin “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş olunmuşdur. Daha sonra 2012-ci il tarixdə müqavilənin müddəti bitdiyindən "Nikoyl İKB” ASC ondan borcu tamamilə bağlamasını tələb etmiş, bankın tələbini yerinə yetirə bilmədiyi üçün girov olan avtomobili satacağını banka bildirmişdir. Bank ilə girovun (avtomobilin) onlara verilməsi və avtomobilin satışından əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi barədə razılaşmışlar. Həmin müqavilə üzrə borcun qarşılığı olaraq girov qismində qeydə alınmış 37 000 ABŞ dolları dəyərində qiymətləndirilmiş “Mercedes Benz 320” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobili həmin dövrün bazar qiymətinə uyğun olaraq banka təhvil verilmişdir. “Mercedes Benz 320" markalı ** GF *** DQN-lı avtomobil həmin dövrün bazar qiymətinə uyğun olaraq bankın 2 saylı (Nərimanov heykəli yaxınlığındakı) Filialının qarşısında bankın əməkdaşlarına təhvil verilmişdir. İnternet archive (https://web.archive.org/web/**********0000*/turbo.az) informasiya resursu vasitəsilə həmin dövr üzrə onlayn avtomobil alqı-satqısı platforması olan turbo.az informasiya resursunda araşdırma apardıqda məlum olur ki, avtomobil banka təhvil verilən dövrdə onun bazar dəyəri 15 500-17 000 ABŞ dolları arası olmuşdur. Aradan 10 il keçdikdən sonra, yəni 2022-ci ildə "xxxx" ASC-nin əməkdaşı ona zəng etmiş və banka olan borcunun ödənilməsini tələb etmişdir. Bununla bağlı tərəfindən bank əməkdaşına ətraflı məlumat verilmiş, borcun avtomobilin təhvil verilməsi ilə bağlanıldığı bildirilmişdir. Bundan sonra məsələni araşdırmaq qərarına gəlmiş və araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən girov olan avtomobil açıq hərrac yolu ilə satılmayaraq borca yönəldilməmiş, girov saxlayan onu məhv etmiş, hal-hazırda avtomobil qəzalı və məhv edilmiş bir şəkildə cavabdehə məxsus Savalan ərazisində yerləşən bankın istifadəsində olan saxlanc yerində saxlanılmaqdadır. Daha sonra o, bankın nümayəndələri ilə birgə avtomobilə baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobil indiyədək açıq hərrac yolu ilə satılmamış, banka olan borc ödənməmiş saxlanılmış və onun girov olan əmlakı istifadə edilməklə ona, borc məbləği də ödənilməməklə zərər vurulmuşdur. Belə ki, girov kimi banka təhvil verilmiş nəqliyyat vasitəsi qəzaya uğramış və məhv olması üçün saxlancda bir küncə atılmışdır. Hətta avtomobilin içərisindən 2011-ci ilə məxsus jurnallar belə aşkar edilmişdir. Nəticə etibarilə bank tərəfindən ona məxsus əmlak yararsız hala salınmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı dəfələrlə müxtəlif növ banklardan böyük məbləğlərdə kreditlər götürmüş və həmin kreditlərin rəsmiləşdirilməsi zamanı ona Mərkəzləşdirilmiş kredit reyestri (MKR) sistemində gecikmiş kredit borcunun mövcudluğu barədə məlumat verilməmişdir. Belə ki, 2012-ci il tarixdən bu günə qədər təqribən 200 000 manata yaxın məbləğdə kreditlər götürmüş və vaxtlı-vaxtında borclarını icra edərək heç-bir gecikmə də etməmişdir. Göründüyü kimi 10 il ərzində bank tərəfindən bu məsələ ilə bağlı nə onlara, nə də ki, qətnaməni icra etməli olan icra şöbəsinə borcun tələb edilməsi ilə bağlı heç bir müraciət olunmamışdır. Bütün bunlar deməyə əsas verir ki, bank özü də onun banka borcunun olması qənaətinə 2022-ci ildə gəlmişdir. Bütün bu olanlara cavab olaraq isə cavabdehin nümayəndəsi bütün səhvliklərin onlardan qabaq çalışmış əməkdaşlarda olmasını qeyd edərək məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Lakin bank əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində onlara dəymiş zərər birbaşa bank tərəfindən qarşılanmalı, kredit müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək, öhdəliyə xitam verilməlidir. Həmçinin bu məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul olunduğu halda “YELO BANK" ASC tərəfindən yenidən “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə 2022-ci ildə Gəncə şəhər Məhkəməsinə müraciət edilmiş, Gəncə şəhər Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmış və hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vüqar Həsənovun icraatındadır. Bankın hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, avtomobil təhvil verilən zaman bazar dəyəri 18 000 ABŞ dolları olmuş, banka isə təqribən 12 000 ABŞ dolları borc qalmışdır. Göründüyü kimi vaxtında avotomobil satılmış olsa idi 6000 ABŞ dolları miqdarında pul vəsaiti ona geri qaytarılacaqdı. Göstərilənlər, yəni girov olan avtomobilin açıq hərrac yolu ilə satılmayaraq borca yönəldilməməsi, girov saxlanan avtomobilin yararsız hala salınması Mərkəzi Kredit Bürosuna məlumatların sonradan təqdim edilməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən xəbərsiz olmaları və digər buna oxşar məsələlər deməyə əsas verir ki, “YELO BANK" ASC tərəfindən təşkilati işlər düzgün həyata keçirilməmiş, məsuliyyətsiz hərəkətlər və qanun pozuntuları edərək ona ciddi şəkildə ziyan vurmuşlar.

19. X7 (müstəqil tələb irəli sürən üçüncü şəxs) da "xxxx" ASC-nə qarşı müstəqil tələb irəli sürərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 saylı kredit müqaviləsi və onunla bağlanmış RBB(A)4Ü7 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab olunaraq öhdəliyə xitam verilməsi, dəymiş maddi zərərə görə 12 600 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, “Nikoyl İKB" ASC ilə X10 arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, bank borcalana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 32 500 ABŞ dolları kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüş, bankla bağladığı RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “Mercedes Benz 320" minik markalı avtomobili ipoteka ilə yüklü etmişdir. "Mercedes Benz 320" minik markalı avtomobilin mülkiyyətçisi olmaqla, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan sayılır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı kredit üzrə 29 556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcu, 2090 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35 000,06 ABŞ dolları borcun "NİKOYL" İKB-nın xeyrinə tutulması və iddia tələbinin "Mercedes Benz 320" markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi və avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin ona verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Tərəflər arasındakı mübahisənin həlli ilə bağlı Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin olmasına baxmayaraq, "xxxx" ASC tərəfindən yenidən "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə 2022-ci ildə Gəncə şəhər məhkəməsinə müraciət edilmiş, Gəncə şəhər məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli qətnaməsi “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın tələb olunması və 338,90 manat dövlət rüsumunun tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Hazırda mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Tərəflər arasındakı razılaşmaya əsasən kredit müqaviləsinin təminatı olan "Mercedes Benz 320" markalı ** GF *** dövlət nömrə nişanlı avtomobili bankın 2 saylı (Nərimanov heykəli yaxınlığındakı) filialının qarşısında bankın əməkdaşlarına təhvil verilmiş və avtomobilin satışından əldə olunmuş vəsaitin tələbə yönəldilməsi barədə razılıq əldə edilmişdir. Tərəflər arasında təhvil-təslim aktının olması şərt deyil və bu hər hansı qanunvericilik norması ilə tənzimlənmir, eyni zamanda tərəflər arasında avtomobilin təhvilinin şifahi qaydada olması istisna edilmir. Əksinə, iş materialları ilə avtomobilin banka təhvil verilməsi öz təsdiqini tapır: 1) "xxxx" ASC X11 xx.xx.2010-cu il tarixli 02-1691 saylı məktubu Yasamal rayon məhkəməsinə təqdim edilərək, qətnamənin icraya yönəldilməməsi, həmçinin "xxxx" ASC X11 Yasamal rayon Məhkəmə İcraçıları şöbəsinə ünvanlandığı xx.xx.2011-cu il tarixli, 02-1963 saylı məktubunda icra işinin "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.1. maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş edilmişdir. 2) Eyni zamanda, cavabdeh tərəfindən girov olan avtomobil satılmamışdır və girov saxlayan onu bu günədək cavabdehə məxsus Savalan ərazisində yerləşən bankın istifadəsində olan saxlanc yerində saxlanılır. Dayanacaqda Bankın nümayəndələri ilə birgə avtomobilə baxış keçirilmiş, avtomobilin indiyədək satılmadığı üçün banka olan borcun ödənilmədiyi və girovda olan əmlakının qanunsuz istifadə edilməklə avtomobilinə maddi zərər vurulduğu, Bankın saxlancında qalmaqla onun bazar dəyərinin düşdüyü müəyyənləşdirilmişdir. Nəticə etibarilə bank tərəfindən ona məxsus əmlak yarasız hala salınmışdır. Hətta avtomobilin içərisindən 2011-ci ilə məxsus jurnalların aşkar edilməsi də onun uzun müddət öncə Banka verildiyini təsdiq edir. 3) Savalan ərazisində yerləşən bankın istifadəsində olan saxlanc yeri banka məxsusdur və ya istifadəsindədir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1147/2021, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-54/2018 saylı məhkəmə işinə baxış keçirilərsə, borc məbləğinin qaytarılmaması səbəbindən kredit müqaviləsinin təminatı olan "xxxx" ASC-yə yönəldildiyi və bu günədək həmin dayanacağın "xxxx" ASC-nin istifadəsində olduğu müəyyən olunacaqdır. 4) İşin hallarından da görünür ki, borcun tələb edilməsi barədə məhkəmə qətnaməsinin icra olunmadan geri qaytarılması və "xxxx" ASCnin istifadəsində olan "xxxx" ASC-də saxlanılması məhz Bankın iradəsi ilə həyata keçirilmişdir. Əgər həqiqətən də borc var idisə, Bank iddiaçıya qarşı dərhal, yaxın ağlabatan qısa müddətdə iddia-pretenziya irəli sürərdi. Belə bir iddia-pretenziyanın irəli sürülməməsi, avtomobilin təhvilindən uzun müddət keçməsi, müqavilədən irəli gələn əmlak marağına aid ağlabatan diqqət göstərməməsi, onun həmin müqavilə üzrə çoxdan marağının itdiyinə işarə edir ki, bu da tərəflərin öhdəliklərini artıq icra etməsi anlamına gəlməyə imkan verir. Göründüyü kimi, “Nikoyl İKB" ASC ilə borcun tutulması barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, tərəflərin arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin öhdəlikləri tam olaraq dəyişdirilmişdir. Belə ki, ona məxsus "Mercedes Benz 320" markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin borcun qarşılığında banka təhvil verilməsi tərəflər arasında olan kredit müqaviləsi üzrə münasibətlərə xitam vermişdir. Çünki sonuncu razılaşma ilə mahiyyət etibarilə tərəflər arasında olan öhdəlik başqa öhdəlik ilə novasiya (icra üsulu) yolu ilə əvəz edilmişdir. Başqa sözlə, avtomobilin qaytarılması tarixindən etibarən bankla onun arasında tamamilə yeni öhdəlik münasibətləri yaranmış, tərəflərin RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqavilələrinə münasibətdə onların hər hansı hüququ qalmamışdır. Başqa sözlə, borclu banka pul vəsaiti qaytarmalı olduğu halda, onun predmetini avtomobillə əvəz etmişdir. Bu hal isə Mülki Məcəllənin 531.1-ci maddəsinə görə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin xitam verilməsi üçün əsasdır. Tərəflər arasında öhdəliklərlə əlaqədar novasiya baş verdiyindən bank RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin əvvəlki şərtləri üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edə bilməz. Çünki tərəflər arasında olan yeni razılaşma ilə əvvəlki şərtlərlə bağlı öhdəliklərə xitam verilmişdir. Bank tərəfindən bilərəkdən uzun müddət avtomobili qanunsuz olaraq dayanacaqda hərəkətsiz saxlaması hüquqdan sui-istifadə sayılmaqla, bu da nəticədə ona maddi ziyanın vurulmasına səbəb olmuşdır. Avtomobilin satışını təşkil etməməklə bankın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, borc tələbi ilə bağlı təkrarən məhkəməyə müraciət etməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən məlumatsız olmaları, bir sözlə Bankın hərəkətsizliyi avtomobili yararsız hala salmışdır. Bank razılaşmaya uyğun olaraq mülki dövriyyənin subyekti kimi vicdanla hərəkət etməli, hərəkətsizlik etməklə hüququndan sui-istifadəyə yol verməməli idi. Bank tərəfindən özünə aid hüquqların vaxtında həyata keçirməməsi hüquqlarını məhdudlaşdırmaqla yanaşı, həm də maddi ziyanın vurulmasına səbəb olmuşdur. 2012-ci ildən "Mercedes Benz 320” markalı ** GF *** qeydiyyat nömrəli avtomobilin təhvil verilməsi ilə borcun əvəzləşdirilməsinə və avtomobilin təhvil verilməsindən təxminən 10 ildən artıq müddət keçməsinə baxmayaraq, bankın yenidən "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə müraciət etməsi özü-özlüyündə absurddur. İnternet archive (https://web.archive.org/web/**********0000*/turbo.az) informasiya resursu vasitəsilə həmin dövr üzrə onlayn avtomobil alqı-satqısı platforması olan turbo.az informasiya sistemində avtomobilin banka təhvil verilən dövrdə vəziyyətindən asılı olaraq onun bazar dəyəri 15 500 – 18 000 ABŞ dolları arasında olduğu müəyyən edilir. Hesab edir ki, bank bilərəkdən həmin avtomobilin satışını təşkil etməmiş, bununla da girov predmeti olan avtomobilə bankın hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Belə ki, təhvil verilən zaman avtomobilin bazar dəyərinin 18 000 ABŞ dolları, banka borc qalığı isə təxminən 12 000 ABŞ dolları idi. Göründüyü kimi avtomobil vaxtında satılıb qalıq borca ödənilsəydi, bankın tələbi tam bağlanmalı və hətta ipoteka predmetinin satışından qalıq vəsait ona geri qaytarılmalı idi. Hazırki halda isə avtomobil artıq kifayət qədər köhnəlməyə məruz qalmışdır, orada qaldığı müddətdə avtomobilin hansı ehtiyat hissələrinin yerində olub-olmaması isə bəlli deyildir. Avtomobil həm əvvəlki bazar dəyərini itirmiş, həm də bununla da ona maddi ziyan dəymişdir. Təbii ki, hazırda avtomobilin dəyəri çox aşağı düşmüş, bu da öz növbəsində banka olan borcun bağlanması üçün yetərli deyildir. Nəzərə alınsa ki, həmin dövrdə ABŞ dollarının manata olan məzənnə nisbəti fərqli olduğundan borc məbləği 25 350 AZN (32500 x 0.78= 25350 AZN) təşkil etmişdir. İndiki məzənnə fərqi ilə nəzərə aldıqda isə öhdəliyik daha çox olur. Qeyd edilənlərə əsasən, tərəflər arasındakı münasibətlərə uyğun olaraq avtomobilin təhvil verilməsi ilə kredit müqaviləsi üzrə qalıq borc əzəvləşdirilməli, kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməli və əlavə olaraq 12 600 USD dəymiş ziyan onun xeyrinə tutulmalıdır. Çünki o, avtomobilin satışından əldə edəcəyi qalıq vəsaiti (ehtimal olunan 6000 ABŞ dolları) avtomobilin banka təhvil verildiyi 2012-ci il tarixdən bu günədək hər hansı bir bankın depozit hesabında illik 10%-lə yerləşdirə bilərdi və həmin məbləğin də üzərinə əlavə (6000*10%=6600 USD gəlir) olmaqla, ümumilikdə 12 600 ABŞ dolları məbləğində qazanc əldə etmiş olardı. Lakin hazırki halda girov predmeti olan avtomobil əvvəlki bazar dəyərini itirdiyindən bu mümkünsüzdür.

21. İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkilləri) iddia ərizələrinin məzmunlarına uyğun izahatlar verərərək iddia tələblərinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddia tələblərinin əsassız olduğunu bildirmişdir.

22. Cavabdehin nümayəndəsi izahatında həmçinin bildirmişdir ki, iddiaçının maşını götürüb haradasa saxlaması banka təhvil verilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı özü də bankda çalışdığına görə o özü prosesin necə işlədiyini əlbəttə bilirdi. Onun maşını saxladığı ərazinin bankla hər hansı əlaqəsi yoxdur. Həmçinin maşın qiymətləndirilmiş, hərrac keçirilmiş və bu barədə də protokol mövcuddur. Bundan əlavə, iddiaçılar bildirirlər ki, maşın 2011-ci ilin axırı, 2012-ci ilin əvvəlində təhvil verilmişdir. Halbuki, 2016-cı ilə qədər iddiaçı tərəfindən xeyli miqdarda ödənişlər edilmişdir. Bu halda sual yaranır ki, iddiaçı niyə bu ödənişləri etmişdir?.

23. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8964 saylı rəyində göstərilmişdir ki, 2001-ci il buraxılışlı, “Mercedes Benz 320” minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (saz) vəziyyətdə hal-hazırda orta bazar qiyməti nəzəri qaydada təxminən 10 500 (6176 USD x 1,70 manat) manat, 2010-cu il tarixə istifadəyə tam yararlı (saz) vəziyyətdə 16 500 (20625 USD x 0,8035 AZN) manat müəyyən olunur.

24. Məhkəmənin şahid qismində dindirdiyi Yasamal rayon icra şəbəsinin icra məmuru X2 ifadəsində göstərmişdir ki, icra sənədi üzrə əmlakın qiymətləndirilməsi üçün mütləq qiymətləndirici əmlakın yerini müəyyənləşdirməli, əmlaka baxış keçirməlidir. Əmlak Keşlə qəsəbəsi ərazisində yerləşir. Həmin ərazi hündür dəmir torlarla ayrılmış sahə idi və avtomobil də həmin sahədə idi. Bundan əlavə, o ərazidə “Nikol Bank”a məxsus köhnə reklam lövhələri və bankomatlar var idi. Mübahisə predmeti maşından əlavə orada digər maşınlar da var idi. Orada mühafizəçiyə yaxınlaşmışdır və mühafizə ona bildirmişdir ki, bura bankın dayanacağıdır və o da mühafizəçidir. Həmin ərazi barədə ona borclu məlumat vermişdir. İcra sənədi ona təkrar icra məqsədilə verilmişdir. Maşına baxış keçirdikdə isə müşahidə etmişdir ki, maşın əslində yaxşı vəziyyətdədir, sadəcə uzun müddət təmizliyinə və sazlığına diqqət edilməmişdir.

25. Birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək xitam verilməsi, dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) "Yelobank” ASCdən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manatın "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

26. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

26.1. Vüqar Abdullayev tərəfindən avtomobil banka təhvil verilmişdir, bu da o deməkdir ki, nəqliyyat vasitəsi ilə borc məbləği əvəzləşdirilmişdir. Bu səbəbdən də bank müştəridən borcu tələb etməkdə haqlı deyildir. Hazırki halda da, girov əmlak olan avtomobilin fiziki olaraq banka təhvil verməsi işin halları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan bank tərəfindən icra şöbəsinə ünvanlanmış məktublar, mütəxəssis rəyində 10 ildən çox müddətə avtomobilin dayanacaqda istifadəsiz qalmasına dair qeydlər, eləcə də CD diskdə dayanacağın mühafizəçisi tərəfindən qeyd edilənlər, şahid ifadəsi və digər sübutlarla avomobilin banka fiziki olaraq təhvil verilməsi sübuta yetir. 26.2. Belə olan halda, İddiaçı və X3 Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmır. Belə ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixə İddiaçı banka 18 078 USD borcu qalmışdır. Odur ki, xx.xx.2024-cü il tarixli 9/8964 saylı ekspert rəyində göstərilən avtomobilin 2010-cu ilə olan dəyərindən (20 625 USD) maliyyə arayışında göstərilən qalıq borc məbləği (18 078 USD) çıxılmalıdır. 2011-ci il tarixdən sonra banka ödənilmiş 3950 USD iddiaçı tərəfindən ödənilməsi təsdiq edilmir (təsdiq edilsə belə, bu məsələ iddiaçının lehinə olan bir haldır). 26.3. Bununla bağlı məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarış üzrə 2011-ci il tarixdən sonra banka ödənilmiş 3950 USD iddiaçı tərəfindən ödənilməsi barədə sübutunu həmin sübutu dəstəkləyən kassa mədaxil orderləri və ödəniş qəbzləri təqdim edilmədiyindən və maliyyə arayışı və hesabdan çıxarış birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan 2011-ci il tarixdən sonra ödəniş halını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. 26.4. Bankın hərəkətsizliyi nəticəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin, yəni mülkiyyətçinin hüquqları məhdudlaşdırmaqla ona maddi ziyan vurulmuşdur. Belə ki, təhvil verilən zaman avtomobilin bazar dəyəri 20 625 USD, banka isə qalıq borc 18 078 USD idi. Belə olan halda avtomobil vaxtında satılaraq, qalıq borc ödənilsə idi, bankın tələbi tam təmin edilməli və hətta ipoteka predmetinin satışından qalıq vəsait V.Abdullayevə geri qaytarılmalı idi. Hazırki halda isə avtomobil artıq kifayət qədər köhnəlməyə məruz qalmış, orada qaldığı müddətdə avtomobilin hansı ehtiyat hissələrinin yerində olub-olmaması bəlli deyildir. Girov predmeti olan avtomobil həm əvvəlki bazar dəyərini itirmişdir, həm də bununla da V.Abdullayevə maddi ziyanın dəyməsi aşkardır. Odur ki, xx.xx.2024-cü il tarixli 9/8964 saylı ekspert rəyində göstərilən avtomobilin 2010- 2012-ci ilə olan dəyərindən (20625 USD), bankın təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilən qalıq borc məbləğini (18078 USD) çıxdıqda, 2547 USD məbləğ qalması iş materialları öz təsdiqini tapır. Qeyd edilənləri nəzərə alsaq, tərəflər arasındakı münasibətlərə uyğun olaraq avtomobilin təhvil verilməsi ilə kredit müqaviləsi üzrə və "Nikoyl İKB” ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməli və əlavə olaraq 2547 USD dəymiş ziyan X3 xeyrinə tutulmalıdır. İddiaçının maddi ziyanı tələb etməkdə isə hazırki halda subyektiv hüququ yoxdur. Həmin hüquq avtomobilin mülkiyyətçisi X6 aid olduğundan, ilkin iddia həmin hissədə təmin edilməməli, üçüncü şəxsin iddiası həmin hissədə qismən təmin edilərək, cavabdehdən 2547 USD dəymiş ziyan X3 xeyrinə tutulmalıdır. Çünki V.Abdullayev avtomobilin satışından əldə edəcəyi qalıq vəsaiti (ehtimal olunan 2547 USD) avtomobilin Banka təhvil verildiyi tarixdən qazanc əldə etmiş olardı.

27. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 385.1-ci, 386.1-ci, 527.1-ci, 527.2-ci, 528-ci, 531.1-ci, 531.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009cu il tarixli Qərarına istinad etmişdir.

28. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin maddi ziyanla bağlı hissəsində - ləğv olunmasını, iddiasının tam təmin edilməsi və apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını yanlış təfsir etdiyini irəli sürmüşdür.

29. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi də apellyasiya şikayəti verərək onun “maddi ziyana görə 2547 ABŞ dollarının Vüqar Abdullayevin xeyrinə tutulması” hissəsində dəyişdirilməsini, maddi ziyanla bağlı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini təmsil etdiyi şəxsin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını yanlış təfsir etdiyini irəli sürmüşdür.

30. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv və iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə qeyri-obyektiv baxmış, sübutlara düzgün qiymət verməmiş, avtomobilin banka təhvil verildiyinə dair sübut olmadığını nəzərə almamış, özü hesablamalar apararaq borcun qalmadığı qənaətinə gəlmiş, bankın təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, öhdəliyin icra edilmiş hesab olunması ilə bağlı mülki qanunvericilik müddəalarını yanlış təfsir etmiş, əsassız və qanunsuz qərar çıxarmışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

31. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi X12 hər biri ayrı-ayrılıqda özlərinin apellyasiya şikayətlərinin məzmunlarına uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

35. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

36. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

37. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

38. Maddə 312.1. İpoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Əgər şəraitin pisləşməsi nəticəsində ipoteka üçün təhlükə yaranırsa, ipoteka saxlayan bu təhlükəni aradan qaldırmaq üçün ipoteka verənə müvafiq müddət təyin edə bilər.

39. Maddə 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər.

40. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)

42. Maddə 25.3. İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır: 25.3.1. ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək.

43. Maddə 26.2. İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə ipoteka qoyanın müvafiq vəzifələri ona keçir.

44. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

45. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.

46. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

47. Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; ...20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.5. icra sənədi tam icra olunduqda.

48. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.

49. Maddə 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.

50. Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

51. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.

52. Maddə 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır.

53. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

58. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

59. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

60. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

61. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

62. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

63. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

64. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

65. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

Apellyasiya baxışının həddi

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

68. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir; bununla yanaşı nəzərə alınmalıdır ki, qətnamə, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək xitam verilməsi” hissəsində ləğv olunaraq, həmin tələblər üzrə işin icraatına müvafiq qərardadla xitam verilmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

69. İşin müəyyən olunmuş hallarını əsas götürməklə kollegiya hesab edir ki, qətnamə “dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi” hissəsində ləğv olunmalı və müvafiq iddia tələbi həmin hissədə də təmin edilməməli, qətnamə “iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manatın "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılmalıdır (qətnamənin "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək xitam verilməsi” hissəsində ləğv olunaraq, həmin tələblər üzrə işin icraatına müvafiq qərardadla xitam verildiyi nəzərə alınmaqla).

70. Belə ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin “maddi ziyanın ödənilməsi” tələbləri ipoteka predmetinin banka təhvil verilməsinə baxmayaraq, vaxtında satılmaması və bank tərəfindən baxımsız saxlanılması nəticəsində dəyərini itirdiyi arqumenti ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi də avtomobilin banka təhvil verildiyinin bank tərəfindən icra şöbəsinə ünvanlanmış məktublarla, mütəxəssis rəyində 10 ildən çox müddətə avtomobilin dayanacaqda istifadəsiz qalmasına dair qeydlərlə, eləcə də CD diskdə dayanacağın mühafizəçisi tərəfindən qeyd edilənlərlə, şahid ifadəsi və digər sübutlarla sübuta yetdiyi qənaətinə gəlmişdir.

71. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır; bank tərəfindən Yasamal Rayon Məhkəməsinə xx.xx.2010-cu il tarixdə, Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinə isə xx.xx.2011-ci il tarixdə ünvanlanan məktublar (§ 3, 5), icra məmurunun Azərbaycan Respublikası DİN BBDYPİ-nə ünvanladığı xx.xx.2011-ci il tarixli məktub (§ 7), həmin dövrdən sonra bankın qətnamənin icrası ilə bağlı heç bir tələb irəli sürməməsi ağlabatan mühakimə əsasında o nəticəyə gəlməyə imkan verir ki, tərəflər, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında ödənilməli borc məbləğinin avtomobilin banka təhvil verilməsi yolu ilə ödənilməsi barədə razılığa gəlmiş, avtomobil təxminən 2011-ci ilin sonlarında bankın sahibliyinə keçmişdir.

72. Qanunvericilyə görə isə (§ 38, 42, 43), əgər ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verilmişdirsə, həmin predmetin saxlanılmasını və salamatlığını təmin etmək vəzifələri ona keçir.

73. Bu kontekstdə nəzərə alınmalıdır ki, ipoteka predmeti olan avtomobilin dəyərinin 2010-cu il tarixdə 20 625 ABŞ dolları olduğu ekspert rəyi ilə müəyyənləşdirilmiş, bankın təqdim etdiyi arayışa görə isə İddiaçı banka xx.xx.2011-ci il tarixə 18 078 ABŞ dolları borcu olmuşdur.

74. Kollegiyanın qənaətinə görə, nə qədər ki, avtomobilin 2011-ci ilin sonlarındakı (banka təhvil verildiyi güman olunan tarix) dəyəri barədə heç bir sübut təqdim olunmamışdır və onun 2010-cu ildən 2011-ci ilin sonlarına qədər dəyər itkisinə məruz qaldığı adi həyat təcrübəsindən bilinən reallıqdır, həmçinin nə qədər ki, iddiaçılar da iddia tələblərində “avtomobilin təhvil verilməsi ilə borcun əvəzləşdirildiyini” irəli sürmüşlər, belə olan halda avtomobilin banka təhvil verildiyi zamandakı dəyərinin borc məbləği qədər olduğu qəbul edilməlidir.

75. Bu isə o deməkdir ki, Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə “dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi” hissəsində ləğv olunaraq Vüqar Abdullayevin iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

76. Bu həm də o deməkdir ki, İddiaçı və X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə bank qarşısında öhdəlikləri qalmamışdır və onlar, hazırkı qətnamə ilə müəyyən olunan halları əsas götürərək, hazırda Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatında olan 01 iyul 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə həmin quruma müraciət edə bilərlər.

77. Gəldiyi qənaətə uyğun olaraq kollegiya iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətlərini əsassız sayır və qətnamənin “iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manatın "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissələri ilə razılaşaraq bununla bağlı əsaslandırma aparmağa zərurət görmür.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-114/2024 saylı iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi “dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi” hissəsində ləğv olunsun. X3 “dəymiş maddi zərərə görə 2547 (iki min beş yüz qırx yeddi) ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) "xxxx" ASC-dən alınaraq ona verilməsi” tələbi də təmin edilməsin. İddiaçı və X3 apellyasiya şikayətləri təmin olunmasın. Qətnamə “iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manatın "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar