Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3479/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X3" Bakı filialının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcu”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4224/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "X3" BAKİ FİLİALİ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 9.221,00 manat (Bundan 8.665,90 manat əsas borc və 555,10 manat faiz borcu təşkil edir) məbləğində 18 may 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 112,21 manat dövlət rüsumunun tutulub “X3” BAKİ FİLİALİyə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-4224/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 “X3” Bakı filialının xeyrinə 9.221,00 (doqquz min iki yüz iyirmi bir) manat (Bundan 8.665,90 manat əsas borc və 555,10 manat faiz borcu təşkil edir) məbləğində 18 may 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş dövlət rüsumuna görə 112,21 (yüz on iki manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə qətnaməsinin “işin halları” bölməsində “X3” ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il traixli kredit müqaviləsi üzrə kredit verildiyi qeyd edilsə də, onunla bank arasında kredit müqaviləsi bağlanmamışdır. Eyni zamanda belə bir kredit borcunun yaranmasından məlumatı olmamışdır, əgər vaxtında məlumatı olsa idi, borcun ödənilməsini təmin etdirmiş olardı. Bundan başqa həm Bank tərəfindən pretenziya qaydasına əməl olunmamış, həm də məhkəmə tərəfindən işə onun iştirakı təmin edilmədən baxıldığından borcun hesablanmasında ekspertiza təyin olunması hüququndan məhrum olunmuşdur. Çünki əsas borclu tərəfindən borc vaxtlı-vaxtında ödənildiyi bildirilmişdir. Onun nə əlavə hesablanmış faizlərdən, nə cərimədən xəbəri olmuşdur. Əlavə olaraq ödənilmiş dövlət rüsumu əlavə xərc olmuşdur. Göstərilənlərə əsasən qətnamənin ona münasibətdə ləğv olunması və iddianın borc hissəsində yenidən hesablanması, tərəflərə məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
6. «X3» Bakı filialı iləCavabdeh3 arasında imzalanmış «06» İyul 2022-ci il tarixli 636 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 17% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir.
7. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 356.53 manat ödəməli idi.
8. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 18 May 2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 3.565,30 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 2.187,00 manat ödəniş həyata keçirilmişdir.
9. 18 may 2023-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 9.221,00 manat təşkil edir. Bundan 8.665,90 manat əsas borc və 555,10 manat faiz borcu təşkil edir.
10. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır
15. Maddə 449.4. özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 135.1. Məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
20. Maddə 135.2.Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
21. Maddə 135.3.Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
22. Maddə 135.4 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.
23. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 şikayətinə əsasən iddianın təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, mülki iş materiallarından görünür ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh3 qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır.
37. Cavabdeh3 apellyasiya şikayətində iddiaçı “X3” Bakı filialı ilə aralarında kredit müqaviləsinin bağlanmamasını bildirsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh3 «06» İyul 2022-ci il tarixli 636 №li Kredit müqaviləsindən məlumatlı olmuş, lakin həmin müqaviləni hazırkı vaxta qədər mübahisələndirməmişdir. Digər tərəfdən cavabdeh həmin müqavilənin onun deyil əslində başqa şəxsin adına götürülməsini bildirsə də bu barədə mötəbər sübutlar təqdim etməmiş və iş materialları ilə belə bir hal müəyyən edilməmişdir.
38. Cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını, eləcə də əsassız faiz hesablandığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu (nə özünün hesablamasını, nə də müstəqil mütəxəssis rəyini) məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda cavabdehdən tutulan faiz borcu müqavilənin qüvvədə olduğu müddət daxilində hesablanmışdır, əsas borcun məbləğinə münasibətdə ağlabatandır.
39. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlili üzrə Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarından görünür ki, Cavabdeh3 qeydiyyat ünvanına (Ağdam rayonu, Məlikli kəndi) məhkəmə iclasları barədə bildirişlər göndərilmiş, cavabdeh apellyasiya şikayətində də həmin ünvanı qeyd etmişdir. Rayon məhkəməsi tərəfindən cavabdehin məlum qeydiyyat ünvanına bildirişlər göndərildiyindən Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh3 onun iştirakının təmin edilmədən işə baxılması barədə dəlili əsassızdır.
40. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməməsi göstərilsə də, iş materiallarından görünür ki, cavabdehə yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunmuşdur (i/v 15-16).
41. Beləliklə, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri açıq aşkar əsassız olmaqla, işi yubatma xarakterlidir və təmin edilməməlidir. Nəticə:
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4224/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh X1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.