Məhkəmə qərarları › İş №2(103)-348/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-348/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-348/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlundan və https://courts.gov.az/az/bakuappeal/judge/Bayramov-mir- Novruz-oglu_178X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1, İlk iddia üzrə Cavabdeh2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X20, Cavabdeh2, X21, X5, X7, X13, X24 və X14 qarşı “kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə ilkin, ilk iddia üzrə Cavabdeh2 ilk iddia üzrə iddiaçı “xxxx” KB ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” barədə qarşılıqlı tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-12/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh X27 və ilk iddia üzrə iddiaçı “xxxx” KB ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı “xxxx” KB ASC cavabdehlər X20, Cavabdeh2, X21, X5, X7, X13, X24 və X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8, Cavabdeh2, X9 25KL/12-1 saylı xx.xx.2012-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 23.709.13 ABŞ dolları, faiz borcu üzrə 3046.42 ABŞ dolları, cərimə borcu üzrə 4813.80 ABŞ dolları, cəmi 31569.35 ABŞ dolları, X8 və Cavabdeh2 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 22036.61 ABŞ dolları, faiz borcu üzrə 2335.27 ABŞ dolları, cərimə borcu üzrə 1933.04 ABŞ dolları, cəmi 26304.92 ABŞ dolları, X8 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 2455.63 AZN, faiz borcu üzrə 315.91 AZN, cəmi 2771.54 AZN, X8 və X2 25KL/12-3 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 29716.09 ABŞ dolları, faiz borcuna görə 2879.99 ABŞ dolları, cərimə borcuna görə 2619.60 ABŞ dollları, cəmi 35215.68 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan X15 mülkiyyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Arif Alxasovun 25KL/12-1 saylı xx.xx.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 31569.35 ABŞ dolları, 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 26304.92 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 2771.54 AZN, 25KL/12-3 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 35215.68 ABŞ dolları borcun, iddiaçı tərəfindən dövlət rüsumü kimi ödənilmiş 30 AZN, xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 94000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə tutma yönəldikdə, o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X15, X6, X10, X22 və X11 çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh “xxxx” KB ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi, onun tərəfindən irəli sürülmüş qarşılıqlı iddianın təmin edilməsi, cavabdehin 030HZ/14 saylı və 25KLZ/12-2 saylı zaminlik müqavilələrinə əsasən mövcud olan zaminliyə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi, onun tərəfindən irəli sürülmüş qarşılıqlı iddianın təmin edilməsi, cavabdehin 030HZ/14 saylı və 25KLZ/12-2 saylı zaminlik müqavilələrinə əsasən mövcud olan zaminliyə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-12/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçının cavabdehlərə qarşı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 iddiasının təmin edilməsi, cavabdeh X8 iddiaçının xeyrinə 25 KL/12-1 saylı xx.xx.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 23.709.13 ABŞ dolları, faiz borcu üzrə 4392.83 ABŞ dolları, cərimə borcu üzrə 439 ABŞ dolları, cəmi 28540.96 ABŞ dolları, X8 və Cavabdeh2 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 22036.61 ABŞ dolları, faiz borcu üzrə 8835.47 ABŞ dolları, cərimə borcu üzrə 883 ABŞ dolları, cəmi 31755.08 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə əsas kredit borcu 2455.63 AZN, fazi borcu 617.78 AZN, cərimə borcu 61 AZN, cəmi 3134.41 AZN, 25KL/12-3 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 29716.09 ABŞ dolları, faiz borcuna görə 11645.43 ABŞ dolları, cərimə borcuna görə 1164 ABŞ dolları, cəmi 42525.52 ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmeti olan X15 mülkiyyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 185400 manat məbləğində müəyyən edilməklə hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Arif Alxasovun iddiaçıya olan borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər X27, X16, X25, X31 və X26 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, “xxxx” KB ASC ilə Cavabdeh2 və X27 arasında bağlanmış 25KLZ/12-1 saylı xx.xx.2012-ci il tarixli və 25KLZ/12-2 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilməsi, “xxxx” KB ASC ilə X27 və X12 arasında bağlanmış 25KLZ/12-3 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri üzrə zamin X3 zaminliyinə xitam verilməsi, “xxxx” KB ASC ilə X27 və X28 arasında bağlanmış 25KLZ/12- 2 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri üzrə zamin X17 zaminliyinə xitam verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı “xxxx” KB ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi, cavabdehlər X20, Cavabdeh2, X21, X5, X7, X13, X24 və X14 qarşı “kreditin, kredit faizlərinin, cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddiasının tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə iddiaçı “xxxx” KB ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin xx.xx.2019-ci il tarixli ekspert rəyində olan əmlakın qiyməti (185400 manat) ilə iş materiallarında olan “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəydə müəyyən olunan əmlakın qiyməti (94.000 manat) arasında kəskin uyğunsuzluq və ziddiyyyət olduğundan, “xxxx” MMC-nin rəyi əsaslı sübut hesab edilməməli və əmlak yenidən qiymətləndirilməlidir. “xxxx” KB ASC ipoteka predimeti olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin qiyməti 185.400 manat həqiqi real bazar qiymətinin müəyyən olunması məqsədi ilə, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə ekspert kimi fəailiyyət göstərən, fiziki şəxs Nəcəfzadə Dövlət Şövlət oğlna (VÖEN **********) müraciət etmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə ekspert kimi fəaliyyət göstərən, fiziki şəxs Nəcəfzadə Dövlət Şövlət oğlu tərəfindən “xxxx” KB ASC-yə verilmiş, Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda, X20 məxsus fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə olan bazar qiyməti 80.000 manat, likvid dəvəri isə 64.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmeti olan əmlakın hazırki vaxtda bazar və likvid dəyəri” xxxx” MMC tərəfindən heç bir müqayisəli təhlil aparılmadan, həmin ərazidə olan digər tikililərin qiymətləri nəzərə alınmadan hansı meyar və hansı mənbələrə istinad olunması göstərilmədən qiymətləndirilmişdir. Mülkiyyət kimi qeydiyyatdan keçmiş əmlakların həqiqi real bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsi hazırki dövrün tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komtəsinə həvalə edilməlidir. “xxxx” MMC-nin eksperti qiymətləndirmə aparılması sahəsində xüsusi biliyə malik olan şəxs kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyərək, əmlakın həqiqi bazar və likvid dəyərini heç bir müqayisəli təhlil aparmadan, həmin ərazidə olan digər tikililərin qiymətləri nəzərə alınmadan, hansı meyar və hansı mənbələrə istinad olunması göstərilmədən qiymətləndirmişdir. Ekspertin qiymətləndirilməni nəyə əsasən apardığı qeyrimüəyyəndir. Qiymətləndirmə düzgün aparılmamış və qiymətləndirilmə aparılarkən iş üzrə mövcüd sübutlardan düzgün istifadə edilməmişdir. Bu səbəbdən də, ekspert rəyi mövcüd sübutlarla ziddiyyət təşkil etdiyindən və əsassız olduğundan təkrar ekspertiza təyin edilməsinə zərurət vardır. Mühasibatlıq ekspertizasının rəyi ilə tanış olduqda aydın olur ki, xx.xx.2012-ci il tarixli 25KL/12-1 saylı və xx.xx.2014-cü il tarixli 9mspLKN/14 saylı əlavə kredit müqavilələri üzrə borcu təsdiq edən iş materialı ilə ekspert rəyi arasında ziddiyətlər mövcuddur və ekspert səhv nəticəyə gəlmişdir. Nəticədə, faiz borcunu hesablayarkən ciddi uyğunsuzluqlar yaratmışdır. Bundan əlavə ekspert cərimə borcunu hesablamamaqla da ciddi səhvə yol vermişdir. Ekspertin məsələyə laqeyd yanaşması nəticəsində müqavilədə cərimə miqdarı müəyyən edildiyi halda ekspert 0 manat cərimə hesablamışdır ki, bu da kredit müqaviləsi üzrə gecikmələrə görə hesablanan cərimənin əsasız olaraq faiz borcuna silinməsinə səbəb olmuşdur. Bundan əlavə, məhkəmə zaminlik müqaviləsində qeyd olunanları nəzərə almadan əlavə kredit müqaviləsinin şərtlərində Saziş ilə dəyişikliyin olduğunu, zaminlərin kredit müqaviləsində nəzərdə tutulan bu dəyişiklik barəsində xəbardar edilməklə zaminlərlə yeni müqavilə bağlanmasını əsas gətirərək, zaminlik müqaviləsi üzrə bankın iddia tələbini təmin etməmişdir. Məhkəmə bu halı belə əsaslandırmışdır ki, həmin öhdəlik üzrə olan dəyişiklik, zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Belə ki, tərəflərlə bağlanmış zaminlik müqavilələrində qeyd olunan faiz dərəcələri 20% olduğu halda kredit müqavilələrinə dəyişlik edilməsi barədə Sazişlərdə isə əksinə azaldılaraq 18.5%-ə endirilmişdir. Eyni zamanda qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh X27 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulub. Həmçinin borc məbləği və faizlər düzgün hesablanmamış, borca nisbətdə həddindən artıq yüksək cərimə tətbiq edilmişdir. Məhkəmə tərəfindən cavabdehin mövqeyi nəzərə alınmamış, iddiaçının irəli sürdüyü tələblər əsasında qətnamə qəbul edilmişdir. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər X27, X16, X25, X31, X12 və X26 bu barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün cavabdeh X29 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə digər ilk iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbinə görə işə digər ilk iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Seymur Məmmədov öz apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ipoteka predmeti olan daşınmaz əmlakın mövcud bazar qiymətinin müəyyən edilməsi barədə aparılmış qiymətləndirmənin nəticəsinə dair hesabatla razılaşmır və hesab edir ki, qiymətləndirilmə ƏMDK tərəfindən aparılmalıdır. Digər- mühasibatlıq ekspertizasının verdiyi rəyə isə etiraz etməmişdir. Bununla bağlı ilk iddia üzrə iddiaçının nümayəndəsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatının qəbul edilməməsini, Bankın apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, ilk iddiaçının apellyasiya şikayətini isə qəbul etməyərək bildirdi ki, bağlanmış dörd kredit müqaviləsindən ikisi üzrə zamin olmuşdur. Bank apellyasiya şikayətində Zaminin xəbəri və razılığı olmadan Borclu ilə arasında olan kredit müqavilələrinə dəyişikliyin edilməsini etiraf etsə də, hesab edir ki, bu, Zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Belə ki, guya sözügedən kredit müqavilələri üzrə müddət uzadılsa da, faiz dərəcəsi endirildiyi üçün bununla hətta Zaminin məsuliyyətinin “yüngülləşdirilməsinə” zəmin yaradılmış və onun üçün əlverişsiz nəticələr yaranmamışdır. Şikayət tam əsassızdır. Bankla Borclu arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 25KL/12-1 saylı kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmış, sonradan x xxxx 2015-ci il tarixdə Bankla Borclu arasında Saziş bağlanaraq faiz dərəcəsi 20%-dən 18,5%ə endirilmiş, müddət isə xx xxx 2016-cı il tarixədək, yəni 5 ay uzadılmışdır. Bankla Borclu arasında təsdiqlənmiş ödəniş cədvəlinə əsasən xx xxxx 2015-ci il tarixdən başlayaraq xx xxx 2015-ci il tarixədək Borclu Banka cəmi 28532 ABŞ dolları (25300 əsas borc+3232 faiz) məbləğini ödəməli idi. Lakin zaminin bu barədə xəbəri və buna razılığı olmamışdır. xx xxxx 2014-cü il tarixli 25KL/12-2 saylıkredit müqaviləsi üzrə də zaminlik müqaviləsi bağlanmış, sonradan kredit müqaviləsinə x xxxx 2015-ci il tarixdə əlavə Saziş bağlanılaraq faiz dərəcəsi 20%-dən 18,5%-ə endirilmiş, müddət isə xx xxxxxx 2017-ci il tarixədək, yəni 9 ay uzadılmışdır. Bankla Borclu arasında təsdiqlənmiş ödəniş cədvəlinə əsasən xx xxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixədək Borclu Banka cəmi 28790 ABŞ dolları (22600 əsas borc+6190 faiz) məbləğini ödəməli idi, lakin zaminin bu barədə xəbəri və buna razılığı olmamışdır. Göründüyü kimi, hər iki kreditin müddəti Zaminin xəbəri və razılığı olmadan uzadılmışdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bununla bağlı olan Qərarında göstərilmişdi ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. xx xxxxxx 2012-ci il tarixli 25KL/12-1 saylı əlavə kredit müqaviləsi üzrə Borclu Banka ödəniş cədvəlinə uyğun olaraq xx xxxxxx 2013cü il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il tarixədək cəmi 66082 ABŞ dolları (44700 əsas borc+21382 faiz) ödəmişdir. x xxxx 2015-ci il tarixdə Bankla Borclu arasında təsdiqlənmiş ödəniş cədvəlinə əsasən xx xxxx 2015-ci il tarixdən başlayaraq xx xxx 2015ci il tarixədək Borclu Banka cəmi 28532 ABŞ dolları (25300 əsas borc+3232 faiz) məbləğini ödəməli idi. Əvvəl ödənilmiş məbləğlə toplayanda isə belə nəticə alınır: 66082+28532=94614 ABŞ dolları. Bankla Borclu arasında təsdiqlənmiş ilkin ödəniş cədvəlinə əsasən isə 36 ay ərzində (ödənişin son tarixi xx xxxxxx 2015-ci il) Borclu Banka cəmi 93796 ABŞ dolları məbləğini ödəməli idi. Beləliklə, cəmi ödəniləcək ümumi məbləğ 818 ABŞ dolları miqdarında artmışdır. xx xxxx 2014-cii il tarixli 25KL/12-2 saylı əlavə kredit müqaviləsi üzrə Borclu Banka ödəniş cədvəlinə uyğun olaraq xx xxxxx 2014-cü il tarixdən başlayaraq xx xxxxxx 2015-ci il tarixədək cəmi 12265 ABŞ dolları (7400 əsas borc+4865 faiz) ödəmişdir. x xxxx 2015-ci il tarixdə Bankla Borclu arasında təsdiqlənmiş ödəniş cədvəlinə əsasən xx xxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixədək Borclu Banka cəmi 28790 ABŞ dolları (22600 əsas borc+6190 faiz) məbləğini ödəməli idi. Əvvəl ödənilmiş məbləğlə toplayanda belə nəticə alınır: 12265+28790=41055 ABŞ dolları. Yuxarıda qeyd olunduğu kimi Bankla Borclu arasında təsdiqlənmiş ödəniş cədvəlinə əsasən 36 ay ərzində (ödənişin son tarixi xx xxxxxx 2017-ci il) Borclu Banka cəmi 40135 ABŞ dolları (30000 əsas borc+10135 faiz) məbləğini ödəməli idi. Beləliklə, cəmi ödəniləcək ümumi məbləğ 920 ABŞ dolları miqdarında artmışdı. Bununla bağlı ilk iddia üzrə cavabdeh apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyinə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatına etiraz etməyərək, Bankın apellyasiya şikayətinin təmin edilməməsini, ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 25KL/12 saylı əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə, xx xxxxxx 2017-ci il tarixinədək 81000 manat məbləğində kredit verilmişdir. “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 25KL/12-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətinə, xx xxxxxx 2015-ci il tarixinədək illik 20% ödəmək şərtilə 70000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 25KL/12-2 saylı əlavə kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, xx xxxxxx 2017-ci il tarixədək illik 20% ödəmək şərtilə 30000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 9mpsLKN/14 saylı əlavə kredit xətti müqaviləsindən görünür ki, 24 ay müddətinə xx xxxx 2016-cı il tarixədək illik 28% ödəmək şərtilə 3000 manat məbləğində və xx.xx.2014-cü il tarixli 25KL/12-3 saylı əlavə kredit müqaviləsindən görünür ki, 36 ay müddətinə xx xxxxxx 2017-ci il tarixədək illik 20% ödəmək şərtilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh2 və X27 arasında bağlanmış xx.xx.2012-cü il tarixli 25KLZ/12-1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan X15 bankla arasında olan xx.xx.2012-cü il tarixli 25KLZ/12-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə Cavabdeh2 və X27 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25KLZ/12-2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan X15 bankla arasında olan xx.xx.2014-cü il tarixli 25KLZ/12-2 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə X27 və X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25KLZ/12-3 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan X15 bankla arasında olan xx.xx.2014-cü il tarixli 25KLZ/12-3 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə X27 və X28 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 25KLZ/12-2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan X15 bankla arasında olan xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25KLZ/12-3 Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, xx.xx.2014cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5%, müddət isə xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, həmin saziş zamin X12 tərəfindən imzalanmamışdır. “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25KL/12-2 Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 25KL/12-2 saylı Əlavə kredit müqaviləsinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5%, müddət isə xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Həmin Saziş də zamin Cavabdeh2 tərəfindən imzalanmamışdır. “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 saylı Əlavə kredit müqaviləsinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5%, müddət isə xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Həmin Saziş də müvafiq olaraq zaminlər Cavabdeh2 və X28 tərəfindən imzalanmamışdır. “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 25 KLİ/12 saylı sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 məxsus olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi xx xxxxxx 2012-ci il tarixli 25KL/12 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 51 nömrəli xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəydən görünür ki, Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin bazar qiyməti 117000 manat, bir ay müddətində satış qiyməti 94000 manat kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, (hüququ yüklü edilən şəxs) X20 məxsus Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində 39 nömrəli fərdi yaşayış evi (xeyrinə hüquq yüklü edilən şəxs) “xxxx” KB ASC-nin “Lənkəran” filialı qarşısında ipotekaya qoyulmuş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxx” KB ASC tərəfindən verilmiş xx xxxx 2017-ci və xx xxxx 2017-ci il tarixli arayışlardan görünür ki, X15 25KL/12-1 saylı kredit müqaviləsi üzrə banka xx xxxx 2017-ci il tarixə 23709.13 ABŞ dolları əsas, 10088.70 ABŞ dolları faiz, 48784.67 ABŞ dolları cərimə olmaqla, cəmi 82582.50 ABŞ dolları borcu, 25KL/12-2 saylı kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə 22036.61 ABŞ dolları əsas, 8835.47 ABŞ dolları faiz, 30012.19 ABŞ dolları cərimə olmaqla, cəmi 60884.27 ABŞ dolları borcu, 9mspLKN/14 saylı kredit müqaviləsi üzrə banka xx xxxx 2017-ci il tarixə 2455.63 manat əsas, 1419.86 manat faiz, 1056.47 manat cərimə olmaqla, cəmi 4931.96 manat borcu, 25KL/12-3 saylı kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə 29716.09 ABŞ dolları əsas, 11645.43 ABŞ dolları faiz, 38556.32 ABŞ dolları cərimə olmaqla, cəmi 79917.84 ABŞ dolları borcu vardır. Həmin borcların ödənilməsi ilə bağlı “xxxx” KB ASC cavabdehlərə xəbərdarlıq məktubları göndərsə də, cavabdehlər tərəfindən kredit borcunun ödənilməsi təmin edilməmişdir. Bununla bağlı Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən “xxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunmuşdu ki, X20 məxsus Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 185400 manat təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq verilmiş 26801 saylı xx xxxxxxx 2018-ci il tarixli rəyinə əsasən xx xxxxxx 2012-ci il tarixli 25KL/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2012-ci il tarixli 25KL/12-1 saylı əlavə kredit müqaviləsi, xx xxxx 2014-cü il tarixli 25KL/12-2 saylı əlavə kredit müqaviləsi, xx xxxx 2014-cü il tarixli 9mpsLKN/14 saylı əlavə kredit müqaviləsi, xx xxxxxx 2014-cü il tarixli 25 KL/12-3 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə X18 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, xx xxxxxx 2012-ci il tarixli m 25KL/12-1 saylı əlavə kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixə əsas borc üzrə 23709.03 ABŞ dolları, faiz borcu üzrə 2349.75 ABŞ dolları, xx xxx 2016-cı il tarixə əsas borc üzrə 23709.03 ABŞ dolları, faiz borcu üzrə 4392.83 ABŞ dolları, xx xxxx 2014-cü il tarixli 25KL/12-2 saylı əlavə kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixə əsas borc üzrə 22058.80 ABŞ dolları, faiz borcu üzrə 2068.56 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 23709.03 ABŞ dolları, faiz borcu üzrə 10102.95 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli 25KL/12-3 saylı əlavə kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixə əsas borc üzrə 29716.02 ABŞ dolları, faiz borcu üzrə 3369.16 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 29716.02 ABŞ dolları, faiz borcu üzrə 14595.86 ABŞ dolları, xx xxxx 2014cü il tarixli 9mpsLKN/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixə əsas borc üzrə 2638.71 manat, faiz borcu üzrə 114.96 manat, xx xxxx 2016-cı il tarixə əsas borc üzrə 2638.71 manat, faiz borcu üzrə 617.78 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Məhkəmə, həmçinin ilk iddia tələbini ipoteka predmetinə tutma yönəldilməsi hissəsində təmin etmiş və ipoteka predmetinin ilkin satış qiymətini “xxxx” MMC-nin verdiyi rəyə uyğun olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilələrdən yaranan əsas, faiz və cərimə borcu cavabdehdən tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Lakin məhkəmə kredit münasibətləri üzrə yaranmış faiz borcunun məbləğinə, həmçinin ipoteka predmetinin satış qiymətinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilsə də, borc məbləği əlavə kredit müqavilələrinə dəyişiklik edilməsi barədə sazişlərin şərtləri nəzərə alınmadan müqavilələrin bitmə tarixləri və iddiaçının tələb etdiyi tarixlər nəzərə alınmamaqla hesablanmışdır. Halbuki xx.xx.2014-cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əsasən müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək, xx.xx.2014-cü il tarixli 25KL/12-2 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əsasən müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək, xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əsasən isə müqavilənin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Bununla bağlı apellyasiya baxışı zamanı hər iki apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla kredit müqavilələrinə bağlanmış əlavə sazişlərə əsasən müqavilə müddətlərinin bitmə tarixi və iddiaçının tələb etdiyi tarixlərə əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25544 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, 25KL/12 saylı xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 25KL/12-1 saylı xx.xx.2012-ci il tarixli əlavə kredit müqaviləsi, 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi və 25KL/12-3 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə X15 25KL/12-1 saylı xx.xx.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 23709.03 ABŞ dolları, faiz borcu üzrə 4392.83 ABŞ dolları, 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə banka əsas borc üzrə 22058.80 ABŞ dolları, faiz borcu üzrə 8617.97 ABŞ dolları, 25KL/12-3 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə bank əsas borc üzrə 29716.02 ABŞ dolları, faiz borcu üzrə 12244.17 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 2638.71 manat, faiz borcu üzrə 601.36 manat təşkil edir. Məhkəmə kollegiyası ekspert rəyindəki məlumatları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən kredit müqavilələri üzrə əsas borcların tutulması hissəsində iddiaçının iddia tələbinin həddi və ekspert rəyi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalı, faiz borcunun tutulması ilə bağlı isə qətnamə hissəvi dəyişdirilərək, yəni 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə faiz borcu 8617.97 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə isə faiz borcu 601.36 manat müəyyən edilməli, digər müqavilələr üzrə faiz borcunun tutulması hissəsində ekspert rəyinə müvafiq olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə ilə müəyyən edilmiş cərimə məbləğlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı Bankın tələb etdiyi dəbbə pullarının məbləğinin azaldılaraq birinci instansiya məhkəməsi tərəfindən 25KL/12-1 saylı xx.xx.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cərimənin 439 ABŞ dolları, 25KL/12-2 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cərimənin 883 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə cərimənin 61 manat və 25KL/12-3 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cərimənin 1164 ABŞ dolları məbləğində müəyyən edilməsi daha ağlabatan və məqsədəmüvafiq olmuşdur. Bununla da ilk iddia üzrə cavabdeh Arif Alxasov apellyasiya şikayətində əsas, faiz və cərimə borcunun məbləğlərinin şişirdilməsini göstərsə də, kredit müqavilələrinin həqiqiliyini şübhə altına alan, habelə Banka edilmiş ödənişlər nəticəsində daha az borcun olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin öz mövqeyini əsaslandırmaq üçün Arif Alxasov məhkəmə prosesində iştirakını belə təmin etməmişdir. Halbuki MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bundan başqa ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı iş üzrə ipoteka predmetinin ilkin satiş qiymətinin müəyyən edilməsi “xxxx” MMC-yə həvalə olunduğundan, sonuncunun G-03/19-287 saylı xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasən müəyyən edildi ki, X15 mülkiyyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 192500 manat, “xxxx” MMC-nin xidmət haqqı isə 300 manat təşkil edir. Bununla da mübahisəli ipoteka predmetinin qiyməti ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi kimi aşağı deyil, əksinə yuxarı olmaqla, 192500 manat təşkil etdiyindən, bu hal şikayətin həmin dəlillərini təkzib etmişdir. Bununla bağlı qətnamə ipoteka predmetinin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. O ki qaldı ilk iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi “borcun zaminlərdən tutulması” ilə bağlı dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqavilələrinə edilmiş əlavə dəyişikliklərə dair sazişlərin zaminlər tərəfindən imzalanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli Plenumunun qərarında göstərilir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Hazırki işdə “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5%, müddət isə xx.xx.2017ci il tarixədək müəyyən edilməklə 4 ay uzadılmış və həmin saziş zamin X12 tərəfindən imzalanmamışdır. Digər, “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25KL/12-2 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5%, müddət isə xx.xx.2017-ci il tarixədək müəyyən edilməklə 8 ay uzadılmış və həmin saziş zamin Cavabdeh2 tərəfindən imzalanmamışdır. Həmçinin “xxxx” KB ASC ilə X27 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişdən görünür ki, kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18.5%, müddət isə xx.xx.2016-cı il tarixədək müəyyən edilməklə 5 ay uzadılmış və həmin saziş zamin Cavabdeh2 və X28 tərəfindən imzalanmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq xx.xx.2014-cü il tarixli, 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsi üzrə 36 ay müddətinə verilmiş kreditin müddətinin 4 aya, yəni xx.xx.2017-ci il tarixədək, xx.xx.2014-cü il tarixli, 25KL/12-2 Əlavə kredit müqaviləsi üzrə 36 ay müddətinə verilmiş kreditin müddətinin 8 aya, yəni xx.xx.2017-ci il tarixədək, xx.xx.2012-ci il tarixli, 25KLZ/12-1 Əlavə kredit müqaviləsi üzrə 36 ay müddətinə verilmiş kreditin müddətinin isə 5 aya, yəni xx.xx.2016-cı il tarixədək uzadılması öhdəliyin dəyişdirilməsini ehtiva edir və bu dəyişdirmə zaminlərin məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olur. Belə ki, yeni şərtlərə əsasən müqavilə üzrə aylıq faiz dərəcəsi 20%-dən 18.5%-ə aşağı salınsa da, kredit müqavilələri üzrə müvafiq olaraq əlavə 4 ay, 8 ay və 5 ay müddətinə ödənilməli faiz öhdəliyinin yekun həcmi müəyyən dərəcədə artmış olur. Beləliklə, baxılan iş üzrə xx.xx.2015-ci il tarixdə zaminlər Cavabdeh2, X3 və X19 razılığı olmadan əsas kredit müqavilələri üzrə öhdəliklər dəyişdirildiyindən və bu dəyişdirilmə barədə sazişlər həmin zaminlərin məsuliyyətinin artmasına və onlar üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən Cavabdeh2, X3 və X19 zaminliyinə xitam verilməlidir. Bu baxımdan məhkəmə kollagiyası hesab edir ki, zaminlərə qarşı iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh A.Alxazovun apellyasiya şikayəti qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli qətnamə qismən, “faiz borcunun tutulması” hissədə dəyişdirilməli, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri tərəflər arasında bölüşdürülməli, hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği isə apellyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh X27 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-12/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən- “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilsin. İlk iddia üzrə cavabdeh X8 tutulmalı olan faiz borcunun məbləği 25KL/12-2 saylı xx.xx.2014cü il tarixli əlavə kredit müqaviləsi üzrə 8617.97 ABŞ dolları, 9mpsLKN/14 saylı xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 601.36 manat məbləğində müəyyən edilsin və həmin faiz məbləğləri qətnamənin icra olunduğu gün Azərrbaycan manatına olan məzənnə ilə tutulsun. Qətnamə qalan, “cavabdehdən əsas, xx.xx.2012-ci il tarixli 25KLZ/12-1 saylı əlavə kredit müqaviləsi üzrə 4392,83 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 25KLZ/12-3 saylı Əlavə kredit müqaviləsi üzrə 11645,43 ABŞ dolları faiz borcunun və cərimə məbləğlərinin tutulması, ipoteka predmetinin satış qiymətinin 185400 manat müəyyən edilməsi və zaminlərə qarşı iddia tələblərinin rədd edilib, Cavabdeh2, X3 və X17 zaminliklərinə xitam verildiyi” hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 150 manat məbləğində pulun 140 manatı cavabdeh X8, 10 manatı isə “xxxx” KB ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 300 manat pul isə ilk iddia üzrə iddiaçı “xxxx” KB ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN **********, «xxxx» ASC Əməliyyat filialı, M\h: AZ89NABZ********************, kod: 503314, S.W.İ.F.T. BİC: AMRAAZ22, H\h: AZ40AMRA********************) köçürülsün. Hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İlham Kərimli Əmir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar