Məhkəmə qərarları › İş №2(103)-3483/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3483/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3483/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-4047/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, borc olaraq verilmiş 5.600 manat məbləğində pulun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin noyabr ayının 05-də əvvəllər tanıdığı, əslən Ağcabədi rayonundan olan tanışı Cavabdeh ondan xahiş etdi ki, ona vacib pul lazım olduğundan ona 5600 manat pul borc versin. O da cavabdehə bildirdi ki, onda bu qədər pul yoxdur. Lakin cavabdeh israrla bildirdi ki, çox çıxılmaz vəziyyətdədir, pul olmasa maşınını əlindən alacaqlar, tək ümid yeri odur. O da cavabdehə inanıb başqa bir tanışından 5600 manat pul borc götürüb həmin tarixdə cavabdehə verdi. Cavabdeh ondan pulun alınması barədə ona öz xətti ilə yazdığı və öz imzası ilə imzaladığı yazılı qəbzi verdi. Həmin qəbzdə öhdəlik götürərək ona söz verdi ki, həmin məbləğdə pulu hər ay 1000 manat olmaqla ona qaytaracaqdır. Lakin həmin pulu cavabdeh indiyənədək ona qaytarmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4047/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 5600 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh iddiaçıdan borc almamışdır. İddiaçı cavabbehə məxsus avtomobili almış, bununla bağlı cavabdeh iddiaçının adına etibarnamə vermişdir. Tərəflər öz aralarında şifahi formada razılığa gəlmişlər ki, iddiaçı avtomobilin dəyərini hissə-hissə cavabdehə ödəyəcəkdir. Bütün bunlar barədə cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirsə də, məhkəmə cavabdehin izahatını düzgün rəsmilləşdirməmiş, bu halları nəzərə almamış və iş üzrə qəbul etdiyi qətnamədə göstərilənlərə hüquqi qiymət verməmişdir. Məhkəmə həmçinin 2014-cü ildə 6 ay müddətinə verilmiş borcun hansı səbəbdən 4 il keçdikdən sonra tələb olunması halına da qiymət verməmişdir. Bundan başqa, iş üzrə ekspert rəyi alındıqdan sonra Rayon Məhkəməsi cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bununla da çəkişmə prinsipini pozmuş, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanını əlindən almışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, cavabdehlə aralarında hər hansı maşın alqı-satqısı münasibəti olmamış, həmin alqı-satqı onun atası ilə cavabdeh arasında olmuş, əgər aralarında başqa münasibət olmuş olsaydı belə, bu, cavabdehin öz xətti ilə yazdığı qəbzə əsasən ondan aldığı borcun qaytarılmaması üçün əsas ola bilməz. Cavabdeh ondan yazdığı qəbzə əsasən borc götürüb, həmin borcu da qaytarmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştiak etmiş Cavabdeh, nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında (i.v.6) olan qəbzdən görünür ki, cavabdeh maşının kreditini ödəmək məqsədilə xx.xx.2014-cü il tarixdə İddiaçı 5600 manat məbləğində borc pul götürmüş və həmin pulu hər ay min manat məbləğində olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh tərəf iddiaçıdan aldığı borc pulu qaytarmadığı üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə, yəni 5600 manat məbləğində pul vəsaitini iddiaçıya tam şəkildə ödəməyə borcludur. Buna görə də məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.). Hazırki iş üzrə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 740-cı maddəsindən görünür ki, həmin maddə qüvvədə olduğu zaman borc müqaviləsi şifahi bağlana bilərdi. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390-ci maddəsinin mənasına görə, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir (maddə 390.5.). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının müzakirə edilən mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, qanunda tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin icra edilməməsini sübuta yetirmək ilk növbədə iddiaçı tərəfin üzərinə düşür. Bu kimi sübutlar iddiaçı tərəfindən təqdim edildiyi halda cavabdeh iddiaya dair etirazını sübut etmək yükünü daşıyır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzi təqdim etmişdir. Həmin qəbzə əsasən cavabdeh, hər ay 1.000 manat qaytarmaq şərti ilə iddiaçıdan 5.600 manat məbləğində borc almasını öz xətti ilə yazıb imzalamışdır (iş v.6). Sözügedən qəbzdə əks olunan yazıların və imzanın cavabdehə məxsusluğu mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli 21618 saylı rəyə əsasən müəyyən olunmuşdu ki, ekspertizaya təqdim olunmuş, mülki işin 6-cı vərəqəsində olan tarixsiz qəbzdəki yazılar və “Rahimov Qabil” yazıları önündəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının atasıdır. Cavabdehi rayondan tanıyır. Cavabdeh rayonda, o isə kənddə yaşayır. Cavabdeh iddiaçıdan borc aldı və bu barədə imzası ilə yazılı qəbz verdi. Cavabdeh qəbzi yazanda, o cavabdehin yanında idi. İddiaçının dəlillərinə qarşı cavabdehin etirazı ondan ibarətdir ki, o, iddiaçıdan borc almamışdır. Əslində onun tərəfindən cavabdehə “Mersedes 311CDİ” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilinin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X3 sorğu verilmiş və həmin sorğuya əsasən xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədlərlə cavabdehə məxsus həmin avtomobilə dair hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması və nəticədə cavabdehin iddiaçıya deyil, iddiaçının cavabdehə hər hansı borcunun olması faktı öz təsdiqini tapmamışdır. O ki qaldı apellyasiya şikayətinə əlavə olunmuş ƏN-İ seriyalı 542779 nömrəli etibarnaməyə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin sənəd tərəflər arasında avtomobilin özgəninkiləşdirilməsi barədə razılaşmanın olması halını təsdiq etmir. Belə ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət olduğundan, etibarnamə təmsilçinin hərəkətlərinin bilavasitə təmsil edilən üçün hüquq və vəzifələr yaratması ilə bağlı birtərəfli əqddir. Bu səbəbdən sözügedən etibarnamənin hazırda tərəflər arasında mövcud olan borc münasibətlərinə aidiyyətinin olması iş materialları ilə təsdiq olunmadığı üçün cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olaraq qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında 5.600 manat məbləğində borcun qaytarılmasından ibarət icra edilməmiş öhdəliyi mövcuddur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinin mənasına görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən maddi hüquq normalarının hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Cavabdehin apellyasiya şikayətinin başqa bir dəlili də ondan ibarətdir ki, iş üzrə ekspert rəyi alındıqdan sonra, o, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmamış, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Cavabdehin bu dəlili də əsassızdır və qəbul edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2019-cu il tarixdə məhkəmə iclası cavabdehin iştirakı ilə keçirilmiş və məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və işə baxılması 2019-cu ilin noyabr ayının 11-ə, daha sonra isə noyabr ayının 22-ə təyin edilmiş, hər iki məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh “SMS” xəbərdarlıq vasitəsi (iş v.42, 46) ilə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməkdə haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas yaratmır. Bununla bağlı cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4047/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar