Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3485/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mrdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e- 2(008)-939/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Abasov X3 rayonu, Nardaran kəndi, X6 küçəsi, döngə7, ev 11 ünvanı üzrə **********0110 №-li abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı əməkdaşları tərəfindən cavabdehə kənar xəttdən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8821,44 manat borc hesablanmışdır. Eyni zamanda cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 144,64 manat borcu (debitor borc) qalmışdır. Hazırda iddiaçı hesablanmış borcu tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib edilmiş akt üzrə 8821,44 manat dəymiş ziyanın, debitor borc (sayğac vasitəsilə) üzrə 144,64 manat və 109,67 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 04/5827 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0110 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 8821,44 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 144,64 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 8966,08 manat təşkil etməkdədir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(008)- 939/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, debitor borc (sayğac vasitəsilə) üzrə 144,64 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, 79,67 manat dövlət rüsumunun cavabdeh İddiaçınə aid edilməsi, 32,5 manat ekspertizanın dəyəri iddiaçıdan, 32,5 manat cavabdehdən tutulub X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə işin hallarına və sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiçının kənar xəttdən istifadə etməsi sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, 144,64 manat debitor borcu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbi qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbi X4nın pozulması haqqında” aktla rəsmiləşdirilmiş və fotoşəkiləri çəkilmişdir (iş materialarında vardır). Daha sonra həmin akt əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materialarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Həmçinin Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə İddiaçı İB-yə müraciət edərək hesablanmış 8971,08 manat (dəymiş ziyan məbləğini və debitor borcu) məbləğində borcu qəbul etdiyini bildirmiş və həmin borcun hissə-hissə ödənilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Bundan başqa trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, cavabdehə məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə tərəflərindən vəsatət verilməsinə baxmayaraq təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” qanun: Maddə 13 (8-ci bənd). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Abasov X3 rayonu, Nardaran kəndi, X6 küçəsi, döngə7, ev 11 ünvanı üzrə 1**********0110 №-li abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı əməkdaşları tərəfindən kənar xəttdən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 8821,44 manat borc hesablanmışdır. İddia tələbinin əsasını cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması təşkil edir və bu faktın sübutu olaraq birliyin əməkdaşları tərəfindən foto çəkilişlər təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3- 16-16/2-3/46 №-li məhkəmə trasoloji ekspertizasının rəyinə əsasən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə əsasən iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. İddiaçı apellyasiya şikayətində Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə İddiaçı İB-yə müraciət edərək hesablanmış 8971,08 manat (dəymiş ziyan məbləğini və debitor borcu) məbləğində borcu qəbul etdiyini bildirməklə həmin borcun hissə-hissə ödənilməsində ona köməklik göstərilməsini xahiş etməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsinə istinad etmişdir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin adından imzalanmış ərizə təqdim edilmişdir. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. Ərizəyə əsasən cavabdeh 8971.08 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsi qalın şriftlə icra edilmişdir. Məhkəmə həmin ərizəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Bundan da başqa, cavabdehin özünün də kollegiyanın iclasında bildirdiyinə görə, o, sayğacın dəyişdirilməsi ilə əlaqədar hansısa sənədə imza atmışdır. Odur ki, məhkəmə həmin ərizəni borcun etirafı kimi qəbul etmir. Bu səbəbdən iddia tələbinin - zərərin tutulması hissəsində rədd edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası qanunauyğun hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçı tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (istehlakçının) qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə sübut olmalıdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən aktda göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas dəlili olan eskertiza tədqiqatının yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə aparılması, halbuki, təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmasının məlum olması, lakin ekspert tədqiqatının iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmaması, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməməsi kimi dəlillərə qiymət verərək qeyd edir ki, iş materiallarında adı çəkilən fotoşəkillərdən təbii qazdan sayğacdan kənar istifadənin məhz cavabdehin ünvanı üzrə olması müşahidə edilmir. Rəydən də görünür ki, ekspert cavabdehin yaşadığı ünvan üzrə sayğac və borulara təbii işıq altınla xüsusi böyüdücü vasitənin köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edərək göstərilən nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olması barədə şikayətin dəlilləri öz təsdiqini tapmamasına dair ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün Azəriqaz İB-nin üzərində olması nəzərə alınmaqla iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı doğru nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(008)- 939/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov