Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3485/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3485/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (patronajı) X3, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə İiddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3928/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 12 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 28 % ödəmək şərtilə 2643,49 manat məbləğində kredit xətti açılmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə Cavabdeh müraciəti əsasında qaynanası X5 patronajı təyin olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASCnin xeyrinə 2643,49 AZN əsas, 485,46 AZN faiz, 96,06 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3225,01 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,66 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 28 % ödəmək şərtilə 2643,49 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlamış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 11 sentyabr 2024, çərşənbə tarixinə 2643,49 AZN əsas, 485,46 AZN faiz, 96,06 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3225,01 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3928/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh 2643,49 manat əsas, 305,94 manat faiz, 15 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2964,43 manat borc və 52,66 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 443, 448, 458, 462, 465, 739 və 741-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 36 saylıTSEK Müayinə aktından 21 aprel 2016-cı il tarixli 1881 nömrəli çıxarışa əsasən Lazımov İsmayıl Məmmədismayıl oğlunun diaqnozu sağ tərəfli uşaq serebraliflici olmaqla qalıq əlamətləri ağıl zəifliyi ilə İİ dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasıya sistemindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Lazımov İsmayıl Məmmədismayıl oğlu uşaq serebral iflicdən dərin dayanıqlı qalıq – tetraparez. Nitqin qüsurlu olması ilə İ dərəcəli əlillik təyin edilmişdir. Eyni zamanda, Bakışəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının 20 avqust 2019-cu il tarixli 215 nömrəli Sərəncamı ilə Lazımov İsmayıl Məmmədismayıl oğlunun üzərində qaynanası X5 patronaj təyin olunmuşdur. Sərəncamda o cümlədən müəyyən edilmidir ki, Lazımov İsmayıl Məmmədismayıl oğlu sağlamlıq vəziyyətinə görə müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və vəzifələrini icra etməyə qadir deyil. Mülki Məcəllə patronu (köməkçisi) təyin edilmiş şəxsin hüquqlarını müdafiə edir. Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün vəya əqd bağlanması nəticəsində hüquqlarıvə ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qətnamədə göstərilmişdir ki, “Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həlledilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.” Məlumdeyil ki, uşaqlıqdan serebral iflicdən əzyyət çəkən, nitqi qüsurlu olan şəxs bu danışıqları bankın nümayəndələriilə neçə aparmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf ilə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə heç bir danışıqlar aparmamışdır. Əks halda bu barədə onun patronu Z.Əliyeva xəbərdar olub vəziyyəti olduğu kimi banka çatdırardı. İstisna deyilki cavabdehdən yalnız bankdan pulçıxarmaq məqsədi ilə isitifadə olunmuşdur. Bundan başqa, cavabdeh tərəf patronu olan X5 bildirir ki, onun mobil nömrəsi götürülən kredit üzrə müqaviləyə əlavələrdə göstərilsə də, ona və cavabdehin telefonuna heç bir bildiriş daxil olmamışdır. Həmçinin, uşaqlıqdan serebral iflicdən əzyyət çəkən, nitqi qüsurlu olan cavabdeh Lazımov İsmayıl Məmmədismayıl oğlu ilə kredit müqaviləsinin bağlanmasının özü suallar yaradır. Bankın hansı əməkdaşı əlil arabası ilə hərəkət edən və nitqi qüsurlu olan şəxslə danışıqlar aparmışdır? Və nəyə əsaslanaraq ona kredit ayırmışdır (axı krediti qaytarmağa şəxsin imkan və bank ilə müqavilə bağlayan zamandakı durumu dəyərləndirlməliidi)? Göstərilənlər nəzərə alınmaqla aydın olur ki, məhkəmə tərəfindən göstərilən hallar nəzərə alınmadan, o cümlədən Mülki Məcəllənin346-cı maddəsinin tələbləri nəzərə alınmdan, qətnamənin iddia tələblərinin qismən təmin edilməsi hissəsində Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1,448.2, 465.2-ci maddələrinə istinad edilməsi əasssızdır və müvafiq olaraq düzgün tətbiq edilməmişdir. Cavabdeh müqavilə bağlayarkən fiziki durumu və əlil olması (əlil arabasında hərəkət etməsi) aşkar görünsə də onunla müqavilə bağlayan bank əməkdaşlarının motivləri aydınlaşdırılmalıdır. Nitqin qüsurlu olması ilə İ dərəcəli əlillik təyin edilməsinə müqavilə bağlayarkən təsir edib etməməsi aydınlaşdırılmalıdır. Bakı şəhəri NərimanovRayon İcra HakimiyyətininBaşçısının 20 avqust 2019-cu iltarixli 215 nömrəli Sərəncamı ilə Lazımov İsmayıl Məmmədismayıl oğlunun üzərində qaynanası X5 patronaj təyin olunması, Sərəncamda o cümlədən Lazımov İsmayıl Məmmədismayıl oğlunun sağlamlıq vəziyyətinə görə müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və vəzifələriniicraetməyə qadir olmaması nəzərəalınmaqla müqavilə bağlayarkən anlaqlı olub olmaması, öz hərəkətlərinə cavab verib verməməsi, potronun bu əqdi bağlayarkən məlumatlı olub olmamasının müqavilənin etibarlılığına təsiri aydınlaşdırılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin yazılı etirazı daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (patronajı) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
13. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
14. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
15. Maddə 39.1. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.
16. Maddə 39.2. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir.
17. Maddə 39.3. Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.
20. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
23. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
25. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (müqavilənin bağlandığı zaman qüvvədə olan redaksiya)
29. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (müqavilənin bağlandığı zaman qüvədə olan redaksiya)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
39. Belə ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 28 % ödəmək şərtilə 2643,49 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlamış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.
40. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 2643,49 AZN əsas, 485,46 AZN faiz, 96,06 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3225,01 AZN borcu yaranmışdır.
41. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023-ci il tarixli, 675sNARb/23 saylı kredit müqaviləsinə əsasən cavabdehin banka xx.xx.2024-ci, il tarixinə 2643,49 AZN əsas, 305,94 AZN faiz, 18,07 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2967,50 AZN borcu yaranmışdır. Borcun 3 iş günü müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
42. Kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə qanuniliyini və əsaslılığını yoxlamadan öncə apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılmalıdır. Belə ki, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi cavabdeh tərəf bankla bağlanmış kredit müqaviləsinin etibarsızlığına dair dəlillər irəli sürmüş və belə əsaslandırmışdır ki, müqavilə bağlanan zaman Cavabdeh fəaliyyət qabiliyyəsiz şəxs olmuşdur. Bununla bağlı sonuncunun əlil olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir.
43. Kollegiya həmin dəlillərlə bağlı ilk növbədə bildirir ki, şəxsə əlillik təyin edilməsi onun fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi üçün əsas deyildir. Mülki Məcəllənin yuxarıda sadalanan normalarına görə fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti o, yetkinlik yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Fiziki şəxs ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədikdə və ya öz hərəkətlərinə rəhbərlik edə bilmədikdə həmin şəxslərin fəaliyyət qabiliyyətsiz sayılması isə yalnız məhkəmə qərarı əsasında mümkündür. Lakin işdən görünür ki, Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qərarı mövcud deyildir, üstəlik kredit müqaviləsinin yetkinlik yaşına çatdıqdan sonra bağlanması da işin mübahisəsiz halıdır. Bundan başqa X3 Cavabdeh patronajı təyin olunması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamında da Cavabdeh fəaliyyət qabiliyyətli şəxs olması qeyd edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin bildirir ki, Mülki Məcəlllənin 39.1-ci maddəsinə görə patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Qanunda fizki şəxsin əqdləri patronun razılığı ilə bağlamasına dair qayda nəzərdə tutulmamışdır. Beləliklə, qeyd edilənlər onu deməyə əsas veirri ki, fiziki şəxsə patron təyin edilməsi onun fəliyyət qabiliyyətini məhdudlaşdımır və ya aradan qaldırmır.
44. Göründüyü kimi kredit müqaviləsinin etibarlılığını istisna edən hər hansı hal aşkar edilmədiyindən borcludan tutulması qət edilən məbləğin əsaslılğına qiymət verilməlidir .
45. Hazırki işdə bank tərəfindən cavabdehə kredit verilməsi işin mübahisəsiz halıdır.Eyni zamanda tərəflər arasındakı razılaşmaya əsasən “Kredit alan” verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür.
46. Kollegiya hesab edir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımi qaydada icra edə bilməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə borcunu və hesablanmış cəriməni razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi cavabdehə bununla bağlı ünvanlanmış xəbərdarlıq nəticəsiz qaldığından iddiaçı hazırki tələbini məhkəmə qaydasında irəli sürmüşdür.
47. Kollegiya qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. ... Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan hüquqi mövqedən anlaşıldığı kimi, bankın xx.xx.2024-cü il tarixində borcun tamamının ödənilməsi ilə bağlı cavabdehə ünvanladığı pretenziya məktubu ilə ilə müvafiq müqavilə ləğv edilmiş sayılaraq borclunun həmin gündən öhdəliklərinə xitam verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin cavabdehdən müqavilənin ləğv edildiyi tarixə olan faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qənaəti qanununvericiliyə və işin hallarına uyğun olmuşdur. Həmçinin kollegiya tərəfindən qətnamənin əsas və cərimə borcuna aid hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı hal müəyyən olunmamışdır.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
49. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3928/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev