Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3489/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Bəkir Həsənovun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-152/2025 nömrəli qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 valideyn-övlad, Cavabdeh isə İddiaçı2 keçmiş əridir. Nargilə Norvruza və Cavabdeh nikahı xx.xx.2007-ci ildə bağlanıb, xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulub. Nikahdan uşaq olmayıb. 2.Mülki işdə olan ekspert rəyindən və tibbi sənədlərdən müəyyən olunur ki, İddiaçı2 uşağı olmadığı üçün müxtəlif vaxtlarda ayrı-ayrı tibbi əməliyyatlar keçirmiş, nəticədə ona “Birincili sonsuzluq. İkitərəfli hidrosalpinks. Qarın boşluğunun bitişmə xəstəliyi, İİİ-İV dərəcəli” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Laparotomiya ilə tubektomiya” əməliyyatı icra edilmişdir. İddiaçı2 hamilə qala bilməməsinin səbəbi ikitərəfli hidrosalpinks olmuşdur. İkitərəfli hidrosalpinksin yaranmasına əsasən cinsi yolla keçən infeksion xəstəliklər (xlamidiya, qonorreya və s.) səbəb ola bilər. 3.Ekspert rəyində İddiaçı2 olmuş ikitərəfli hidrosalpinks xəstəliyinin cinsi yolla keçən infeksion xəstəlikdən yarana bilməsi göstərilsə də, İddiaçı2 və Cavabdeh hər hansı yolxucu infeksion xəstəlikdən əziyyət çəkməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. 4.Ambulator kartadan çıxarışda göstərilmişdir ki, cavabdehin yolxucu xəstəliklərlə əlaqədar heç bir qeydiyyatı yoxdur. Bundan başqa, cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan bir uşağı dünyaya gəlmişdir. Ekspert rəyinə görə, İddiaçı2 anamnezinə əsasən, onda 2007-ci il tarixdə “Xladimiya” (cinsi yolla keçən) xəstəliyi olmuş və bununla əlaqədar müalicələr almışdır. Lakin tibbi sənədlər olmadığından bu barədə konkret fikir söylənilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, Cavabdeh İddiaçı1 vurulmuş maddi zərərin əvəzi kimi 90.000 manat, İddiaçı2 sağlamlığına vurulmuş zərərin əvəzi kimi 150.000 manat tutulsun. 6.İddiaçı1 tələbi belə əsaslandırılıb ki, cavabdeh onun qızı İddiaçı2 ilə ailə qurmazdan əvvəl yolxucu xəstəlik olan dəri-zöhrəvi xəstəliyinə tutulmuş və həmin xəstəliyi iddiaçının qızına da keçirtmişdir. Bu səbəbdən iddiaçının qızı uzun müddət müalicə olunmuş, dəfələrlə süni mayalanma yolu ilə hamilə olsa da, uşaq dünyaya gətirə bilməmiş, cərrahi əməliyyata məruz qalmış, bəzi orqanları əməliyyat yolu ilə çıxarılmış, nəticədə ana olmaq qabiliyyətini hamişəlik itirmişdir. İddiaçının qızı 2008-ci ildən 2021-ci ilədək olan müddətdə 11 dəfə süni mayalanma əməliyyatı keçirsə də, heç bir nəticə olmamışdır. Bu müddət ərzində müayinə və müalicə xərclərini, həmçinin süni mayanlanma əməliyyatı ilə bağlı xərcləri iddiaçı çəkmişdir. Buna görə iddiaçı özünə məxsus həyətyanı torpaq sahəsindən 6 sotunu ayıraraq ayrı-ayrı şəxslərə cəmi 46.000 manata, “Mercedes Sprinter-411” markalı avtomobilini 18.500 manata və “Volqa Qaz 24-10” markalı avtomobilini isə 2.500 manata satmış, habelə banklardan 8.000 manat kredit götürmüş və həmin krediti də özü ödəmişdir. Ümumilikdə 2007- 2021-ci illər ərzində iddiaçının bu məqsədlə çəkdiyi xərc 90.000 manat təşkil etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh ailə quranda xəstə olmuş, ata olmaq qabiliyyəti olmamış və süni mayalanma əməliyyatında da onun spermasından deyil, onun özünün razılığı ilə başqa donordan istifadə olunmuşdur. Ona görə də iddiaçı çəkdiyi 90.000 manat xərcin geri ödənilməsini tələb edir. 7.İddiaçı Nargilə Norvruzovanın tələbi belə əsaslandırılıb ki, iddiaçı ilə cavabdehin nikahının pozulmasına səbəb uşaqlarının olmaması olub. Belə ki, cavabdeh iddiaçı ilə ailə qurmazdan əvvəl dəri-zöhrəvi xəstəliyə tutulub, lakin bu barədə iddiaçıya məlumat verməyib, müalicə olunmadan nikaha girib, nəticədə iddiaçını da zöhrəvi xəstəliyə yoluxdurub. İddiaçı 2008-ci ildən 2021-ci ilədək olan müddətdə bir çox həkimlərə və xəstəxanalara müraciət edib, müayinə və müalicə olunub, süni yolla mayalanma edilsə də, heç bir nəticə olmayıb. 2014- 2015-ci illərdə müayinələrdən sonra isə iddiaçıya məlum olub ki, cavabdehin ümumiyyətlə ata olmaq qabiliyyəti yoxdur. Sonrakı dövrlərdə onun razılığı ilə başqa donordan istifadə edilməklə bir neçə dəfə süni mayalanma əməliyyatı olunmuşdur. Lakin həkimlər bildiriblər ki, iddiaçı artıq heç vaxt ana ola bilməyəcək və buna səbəb kimi cavabdeh tərəfindən onun dəri-zöhrəvi xəstəliyə yoluxdurulması olub. Ona görə də iddiaçıya İ dərəcəli sonsuzluq diaqnozu qoyulmuşdur. 2008-2021-ci illər ərzində iddiaçı 11 dəfə süni mayalanma əməliyyatı olunmuş, cərrahi əməliyyatlara məruz qalmış, həmin əməliyyatlara, müalicə və müayinələrə təxminən 90.000 manat pul xərclənmişdir. Bu vəsait iddiaçının atası İddiaçı1 vəsaiti olmuş, cavabdeh həmin xərclərdə iştirak etməmişdir. Əksinə, cavabdehin özünün müalicəsi ilə bağlı da iddiaçının atası öz vəsaitini xərcləmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı sağlamlığını, həyatı əhəmiyyətli orqanlarını, ana olmaq qabiliyyətini birdəfəlik itirmişdir. Ona görə də sağlamlığına vurulan zərərin əvəzi kimi 150.000 manat kompensasiya ödənilməsini tələb edir. 8.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 10.Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Bəkir Həsənov bildirdilər ki, zəruri olan bütün tibbi xərclər cavabdehin özü tərəfindən ödənilib, nikahdan uşağın olmamasının səbəbi cavabdehlə bağlı deyil, cavabdeh başqa qadınla ailə qurub və uşağı var. 11.İddiaçılar İddiaçı1 və Nargilə Norvruzova məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Qətnamədən yalnız İddiaçı1 apellyasiya şikayəti verdiyinə görə, qətnamənin onun tələbinin rədd edilməsinə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. 13.Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı2 sonsuzluq xəstəliyinin əmələ gəlməsində cavabdehin təqsirli olması, yəni cavabdehdə yolxucu dəri-zöhrəvi xəstəliyin olması, həmin xəstəliklə İddiaçı2 yoluxdurması və sonuncuda bunun nəticəsində ikitərəfli hidrosalpinksin əmələ gəlməsi sübuta yetirilməmişdir. Bununla yanaşı, İddiaçı1 İddiaçı2 müayinə və müalicəsinə xərc çəkdiyini təsdiq edən sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 maddi zərərin əvəzi kimi 90.000 manat ödənilməsi barədə tələbini rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-152/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3489/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3489/2025
20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver