Məhkəmə qərarları › İş №2(103)-349/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-349/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-349/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MK/36610/89/1 saylı kredit sazişinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 20,5 faiz ödəmək şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. 02 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə Cavabdeh1 23.696,43 manat məbləğində əsas borc, 2.254,50 manat məbləğində faiz, 771,86 manat məbləğində cərimə olmaqla, cəmi 26.722,79 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.696,43 manat məbləğində əsas borc, 2.254,50 manat məbləğində faiz, 771,86 manat məbləğində cərimə olmaqla, cəmi 26.722,79 manat pul vəsaiti və ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır, öhdəliyi yerinə yetirmirlər.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-1926/2024) iddia qismən təmin edilmiş, 23.696,43 manat məbləğində əsas borc, 2.254,50 manat məbləğində faiz, 150 manat məbləğində cərimə olmaqla, cəmi 26.100,93 manat pul vəsaiti və ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 yuxarıda qeyd olunan Kredit Sazişi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ona görə də məhkəmə tələb olunan məbləğdə əsas və faiz borcunun tutulmasını əsaslı hesab etmişdir. İddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesabladığından məhkəmə dəbbə pulunu 150 manatadək azaltmışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448, 467, 472.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətinin dəlillərinə görə apelyator rəsmiyyət xatirinə Cavabdeh1 tərəfi olduğu kredit müqaviləsinə zamin durub. Məhkəmə borcun məbləğini müəyyən etmək üçün ekspertiza təyin etməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

11. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

Apellyasiya baxışının həddi

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, qətnamədən yalnız Cavabdeh2 şikayət vermiş, qətnamənin dəyişdirilməsini xaihş etmişdir. Məhkəmə kollegiyası borcun cavabdehlərdən müştərək qaydada tutulduğunu nəzərə alaraq qətnamənin əsaslılığını bütövlükdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. İddiaçı cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.

16. İddiaçının tələbi 23.696,43 manat məbləğində əsas borc, 2.254,50 manat məbləğində faiz, 771,86 manat məbləğində cərimə olmaqla, cəmi 26.722,79 manat pul vəsaiti və ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun tutulması barədədir.

17. Birinci instansiya məhkəməsi iddianı əsas və faiz borcu hissəsində əsaslı sayaraq tam təmin etmiş, dəbbə borcunu azaldaraq 150 manat müəyyən etmişdir.

18. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən borcun məbləğini xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən etmişdir.

19. Cavabdeh2 apellyasiya şikayətində borcun düzgün hesablanmadığını qeyd etmiş və ekspertiza keçirilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

22. İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış kredit borcunun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

23. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 dekabr 2024-cü il tarixli, 9/8577 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın Banka xx.xx.2024-cü il tarixə, yəni müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə 22.090.19 manat əsas, 1496,92 manat faiz borcu olduğu müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcunu nəyə görə müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə deyil, məhz iddia tələbi həddində müəyyən etdiyini qətnamədə əsaslandıra bilməmişdir.

25. Məhkəmə kollegiyası borc ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcun məbləği hissəsində dəyişdirilməli və borcun məbləği müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə uyğun gələn əsas borc üzrə 22.090.19 manat, faiz borcu üzrə 1496,92 manat həddində müəyyən edilməlidir.

26. Cərimə borcunun məbləğinə gəldikdə isə, birinci instansiya məhkəməsi həmin hissədə borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

27. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada 23.696,43 manat əsas, 2.254,50 manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən tutulacaq əsas borcun məbləği 22.090.19 (iyirmi iki min doxsan manat, on doqquz qəpik) manat, faiz borcunun məbləği 1496,92 (min dörd yüz doxsan altı manat, doxsan iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar