Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3492/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1269/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev № 67-də yerləşən 5 №-li mənzilə yuxarı mərtəbədə yerləşən, cavabdehə aid olan 7 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 1.500 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 542 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, cavabdeh 7 №-li mənzili təzə alıb, bundan əvvəl həmin mənzildən su axıdılması nəticəsində ziyan vurulubsa o, buna görə məsuliyyət daşımır. Bundan başqa, ekspert cavabdehin mənzilinə baxış keçirmədən suyun guya onun mənzilindən axması barədə rəy verib. Ekspert rəyi ehtimala əsaslanıb, su sızmanın cavabdehin mənzilindən baş verməsi dəqiq müəyyən edilməyib, rəydə su sızmanın texniki səbəbinin dəqiq müəyyən edilməsinin mümkün olmadığı qeyd edilib. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Müəyyən olunur ki, su axması baş verən zaman 7 №-li mənzil cavabdehin sahibliyində olub. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh 7 №-li mənzildə 2022-ci ilin yay aylarında təmir işləri aparmış, təmir işləri bir neçə ay davam etmiş, həmin ərəfədə dəfələrlə onun mənzilinə su axmışdır. Cavabdeh 7 №-li mənzili təzə aldığını bildirsə də, alqı-satqı müqaviləsini məhkəməyə təqdim etmədiyindən hesab olunur ki, su axması baş verən zaman mənzil onun sahibliyində olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Müəyyən olunur ki, su axma cavabdehin sahibliyində olan 7 №-li mənzildən baş verib. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3237 nömrəli ekspert rəyinə görə, 7 №-li mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı, su sızma həmin mənzildə aparılan təmir işləri zamanı sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər, su sızması nəticəsində 5 №-li mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin təqribi dəyəri 542 manat təşkil edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 542 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1269/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3492/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3492/2024
07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver