Məhkəmə qərarları › İş №2(103)-3493/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3493/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3493/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(007)-314/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin 03 avqust 2023-cü il tarixli qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti İddiaçı göndərilməklə qərardan narazı olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəmə nəzarəti qaydasında Nərimanov rayon Məhkəməsinə şikayət etmək hüququnun olması ona izah olunmuşdur.

2. Cavabdeh Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə araşdırılma aparılan zaman verdiyi izahatından görünür ki, İddiaçı tanışı Sabir Hüseynovun vasitəsilə tanıyıb. Onunla münasibəti normal olub, aralarında düşmənçilik və ya ədavətləri olmayıb. Həmin ərəfədə Sabir yükdaşıma avtomobili ilə tikinti materialları daşıyıb müxtəlif şirkətlərə satırdı. Bundan sonra Sabir söhbət zamanı ona işləri ilə əlaqədar ona maliyyə ehtiyaclarının olduğunu deyib və ona köməklik etməyini ondan xahiş edib. Onu tanıdığından və aralarında hörmətetibar olduğundan ona köməklik etmək qərarına gəlib. Bu məqsədlə havalimanı yolu istiqamətinə aparan avtomobil yolu kənarında olan özünə məxsus obyektini baş etibarnamə ilə Sabirə verdi ki, obyekti girov kimi banka qoyub işləri üçün pul götürsün. Həmin vaxt o, özü xarici ölkədə idi, Sabirdən obyektlə bağlı maraqlandıqda o, işin ləngidiyini deyirdi. O, Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra ona məlum oldu ki, qeyd etdiyi obyektə dair çıxarış Qoşqar tərəfindən saxtalaşdırılıb. Belə ki, obyektə dair çıxarış onun və şəriki Adilin adına idi, yəni çıxarışda onun və şərikinin adı qeyd olunaraq obyektin 1/2 hissəsinin ona məxsus olması qeyd olunub. Qoşqar isə həmin çıxarışı saxtalaşdıraraq obyektin ona aid hissəsi ilə Adilə aid hissəsini birləşdirib notariusdan obyektə dair Elşən Rəfiyevin adına vahid çıxarış alıb. Qeyd etmək istəyir ki, Qoşqarın bankdan kredit götürməməsinə səbəb onlar obyekti girov qoyub 300000-350000 manat kredit götürmək istəyirdilər, lakin bankdan onlara həmin məbləğdən aşağı məbləğdə kredit pul veriləcəyi bildirilib. Əlavə olaraq qeyd edir ki, İddiaçı onun üçün faiz olaraq 15000 manat pul götürüb, Qoşqar ona 15000 manat pulu verəndə 1000 manat özünə götürdü. Sonradan Qoşqar ona əlavə olaraq 10000 manat borc pul verdi. Qoşqarın ona 25000 manat borc verməsinə səbəb onun obyektini girov qoyduqdan sonra bankdan götürəcəyi puldan həmin borcu artıqlaması ilə özünə götürəcəkdir. Qoşqar düşünmüşdü ki, bankdan götürəcəyi puldan 200000 manatına qızıl axtaran aparat alacaq və ölkə ərazisində qızıl axtarıb taparaq onları varlı edəcəkdir. 2020-ci ilin son aylarında o, Qoşqara 500 manat pul geri qaytarıb, həmçinin ona dəfələrlə hiss-hissə müxtəlif məbləğlərdə pul verib.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 32900 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün onun tərəfindən ödənilmiş 188 manat 70 qəpik məbləğində olan dövlət rüsumunun, cəmi 33088 manat 70 qəpik məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırma dövründə izahatı alınmış İddiaçı göstərmişdir ki, 2013-cü ilin noyabr ayında tanışı Cavabdeh şəxsi işləri ilə əlaqədar problemi olduğunu bildirib, ondan borc pul istəmiş, o da Vüsalə adlı tanışından 10000 manat pul götürüb, Cavabdeh vermiş, Cavabdeh 1 ay sonra 11000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Təxminən 15 gün sonra Cavabdeh ona əlavə olaraq 15000 manat pul lazım olduğunu bildirdiyindən, o, təkrarən Vüsalə adlı tanışından 15000 manat götürüb Cavabdeh vermiş, Cavabdeh də 15000 manat pulun müqabilində 1 ay sonra 16000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh İrandan kimyəvi maddə idxal etməsi ilə əlaqədar pul lazım olduğunu bildirmiş, o da Vüsalə adlı tanışından 5600 manat götürüb Cavabdeh vermişdir. Bundan başqa, Cavabdeh ondan bir dəfə də 2300 manat borc pul almışdır. Lakin Cavabdeh borc aldığı, ümumilikdə, 32900 manat pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh ona 13 sentyabr 2022-ci il tarixədək cəmi 20500 manat pul isə onun yerinə faizlərə verdiyi puldan qaytarmış, əsas borc isə qalmışdır. Araşdırma dövründə izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı onun üçün bir dəfə 10000 manat, bir dəfə də 15000 manat faizlə borc pul götürüb vermişdir. İddiaçı onun üçün 15000 manat borc pul təşkil edərkən həmin puldan 1000 manatı özünə götürmüşdür. 2020-ci ilin sonlarında o, İddiaçı 500 manat qaytarmış, bundan başqa da ona dəfələrlə hissə-hissə müxtəlif məbləğlərdə pul vermişdir. İddiaçı tələbinin mülki xarakterli olmasını nəzərə alaraq Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(007)- 314/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 2700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15,43 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 32900 manat pulun verildiyi iddia etsə də, cavabdeh iddiaçı tərəfindən ona 15000 manat və 10000 manat pul verildiyini, 15000 manat pulun 1000 manatının iddiaçı tərəfindən özünə götürüldüyünü və ona ümumilikdə 24000 manat pul verildiyini etiraf etmişdir. Belə olan halda, cavabdehin etirafına əsasən iddia 24000 manat pulun verilməsi hissəsində öz təsdiqini tapır. Həmçinin, cavabdeh iddiaçıya borclu olduğu pulu qaytardığını iddia edir. Bu səbəbdən 24000 manat pulun qaytarılması hissəsində sübutetmə yükü cavabdehin üzərində düşür. İddiaçı polis bölməsində vermiş olduğu izahatında cavabdeh tərəfindən ona 20500 manat pulun qaytarıldığını, məhkəmə iclasına isə cavabdeh tərəfindən ona əlavə olaraq 500 manat və 300 manat ödənildiyini qeyd etmişdir. Belə olan halda, iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 21300 manat pulun qaytarıldığını qəbul etmişdir. Hazırkı iddia üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 32900 manat pulun verilməsi halı öz təsdiqini tapmamış, tərəflərin izahatları və iş materiallarını tətqiqi nəticəsində iddiaçı tərəfindən cavabdehə 24000 manat pul verildiyi (cavabdehin etirafına əsasən) və həmin puldan 21300 manat pulun iddiaçıya qaytarıldığını (iddiaçının izahatına əsasən) müəyyən edilir. Cavabdeh borc olaraq aldığı 24000 manat pulun hamısının iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 443.1, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şikayətin dəlillərinə görə, onun iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə bu hallara qiymət verməyərək tərəfindən onun iddiaçıya tamamilə borcunun olmamasını nəzərə alınmamışdır. Beləliklə məhkəmə tərəfindən əsassız olaraq 2700 manat məbləğində ondan pulun tutulması barədə qətnamə qəbul edilib. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən ondan əsassız olaraq pul tələb edilir, onun iddiaçıya borcu yoxdur, ondan 2700 manat məbləğində pulun tutulması tamamilə əsassızdır. Məhkəmə bununla bağlı araşdırma aparmamışdır. Lakin buna baxmayaraq məhkəmə əsassız iddianı təmin etmişdir, qətnaməsini formal mülahizələrlə qətnaməsini bir cümlə ilə əsaslandırmağa calışmışdır. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ondan ibarətdir ki, məhkəmə ona qarşı iddia verilərkən yalnız iddiaçının mövqeyindən çıxış etmişdir, onun mövqeyim ilə maraqlanmamış, onun verdiyi ifadələrə lazımi hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti ilə qətnamə qismən - iddianın qismən təmin edildiyi hissədə mübahisələndirildiyindən, mübahisənin predmeti bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın təmin olunan və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyən hissələrində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün iddianın təmin olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya heç bir borcunun olmaması barədə dəlilinə münasibətdə onu qeyd edir ki, Cavabdeh Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə araşdırılma aparılan zaman verdiyi izahatında cavabdeh iddiaçı tərəfindən ona ümumilikdə 24000 manat pul verildiyini etiraf etmişdir. İddiaçı polis bölməsində vermiş olduğu izahatında cavabdeh tərəfindən ona 20500 manat pulun qaytarıldığını, məhkəmə iclasına isə cavabdeh tərəfindən ona əlavə olaraq 500 manat və 300 manat ödənildiyini qeyd etmişdir. Bununla da, iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 21300 manat pulun qaytarıldığını qəbul etmişdir.

18. AR MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı borc müqaviləsi nin predmeti 3000 manatdan yuxarı olsa da, borc müqaviləsi şifahi bağlanmışdır. Norma özü-özlüyündə imperativ olsa da, hazırkı iş üzrə müqavilə formasının pozulması onun etibarsızılığına dəlalət etmir. Cavabdeh özü Polis bölməsində verdiyi izahatında borc müqaviləsininin bağlanması faktını etiraf etmişdir. Lakin iddia tələbinin predmetini təşkil edən pulun məbləğində mübahisə yaranmışdır. Belə ki, cavaçbeh yalnız 24000 manat borc pul məbləğini aldığını etiraf etmişdir.

19. Göründüyü kimi, cavabdeh iddia tələbini təşkil edən 32900 manat borcdan yalnız 24000 manatının iddiaçıdan aldığını, onun da 21300 manatını ödədiyini etiraf etmiş və bununla da cavabdehin iddiaçıya cəmi 2700 manat borcunun olduğu müəyyən edilmişdir.

20. Bununla yanaşı cavabdeh həmin 2700 manat borc pulun iddiaçıya qaytarılmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmiş və şikayətin dəlilləri yalnız fomral mülahizələrə əsaslanmışdır.

21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(007)- 314/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(007)- 314/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar