Məhkəmə qərarları › İş №2(103)-3494/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3494/2024

10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3494/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(007)-2318/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, İddiaçı xeyrinə Cavabdeh hər ay 400 manat məbləğinə alimentin artırılması tələbinə dair iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2318/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 02 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(007)-182/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 02 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna; “Uşaq hüquqları haqqında“ Azərbaycan Respublikası Qanunun 13, 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 112.1.3, 119.2, 124.1, 233.4; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2, 9.1.2, 9.1-1; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2; 8.12; 8.14-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ata uşağın saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-182/2020 saylı qətnaməsindən çıxarışının surətinə əsasən, iddia qismən təmin edilmiş, 02 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası İddiaçı himayəsində saxlanılması, 02 sentyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 30 iyul 2019-cu il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir; - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00638 saylı arayışa əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərci ödəmişdir; -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2403/2021 saylı qətnaməsinin surətinə əsasən, İddiaçı cavabdeh X3 qarşı «uşağın yanında saxlanması və aliment» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(007)-182/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(007)-182/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2023cü il tarixli, 2(007)-2318/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 112.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-cimaddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cıil tarixli qərarına; “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-cimaddəsinin 2-ci bəndi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 217.1, 218.1, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(007)-2318/2023 nömrəli qətnaməsi ilə razı deyil, belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, səhhəti, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Məhkəməyə ünvanladığı teleqramlarda da qeyd etmişdir ki, məhkəmə iclaslarında maddı imkanı olmadığından iştirak edə bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(007)- 182/2020 saylı qətnaməsi ilə birgə nikahlarından doğulan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X6 İddiaçı himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən hər ay 160 manat alimentin ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən müəyyən müddət keçsə də, onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Əksinə maddi vəziyyəti daha da pisləşmişdır. Heç bir yerdə işləmir və aylıq qazancı yoxdur, təqaüdçü olan yaşlı valideynlərinin yanında qalaraq, onların aldığı təqaüd hesabına o də yaşayır. İddiaçı şəxs isə fərdi işlərlə məşğul olur və kifayət qədər qazancı vardır. Həmçinin, hal-hazırda ödənilməmiş 7000 manata qədər aliment yığılaraq qalmış və qazancı, maddi imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Əgər aliment artırılarsa ümumiyyətlə ödəyə bilməyəcək və məhkəmə qətnaməsi icra olunmamış qalacaqdır. İddiaçı ondan 400 manat aliment tələb etsə də, hər hansı məbləğində aliment ödəyə bilməyinə dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Digər tərəfdən onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. İddiaçı isə tam sağlamdır, fərdi işlərlə işləyir, uşağın saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan və qarşı tərəfdə qazancı ilə uşağın saxlanılmasında iştirak etməlidir. Qeyd olunanlara əsasən alimentin miqdarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının əvvəllər də aliment ödəməkdən yayınmaq üçün məhkəməyə müraciət etdiyini, birgə nikahdan olan övladlarının ümumiyyətlə onunla görüşmək istəmədiyini, həmçinin apellyasiya şikayətində gəlirinin illər ərzində dəyişmədiyini və iş yerinin olmadığını bildirsə də, onun gözəllik salonunda işlədiyini və kifayət qədər gəlirinin olduğunu qeyd etmiş , apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-22, 49, 50, 51, 60, 61, 75; «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390, 402.1-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağların mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri uşaqların təminatları (valideynlərin onlara münasibətdə vəzifələri) və qanunvericiliyin tələbləri baxımından qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 9.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 11.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

12. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Alimentin müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yəni, artıq 2023-ci ilə münasibətdə yaşayış minimumu üzrə tələbat artmışdır. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşaqların artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. 14.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2318/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar