Məhkəmə qərarları › İş №2(103)-3496/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3496/2021

09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3496/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 11 noyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı Birliyin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 208,3 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən 76 №-li evdə yaşayır. Birlik ilə cavabdeh arasında 19.05.2016-cı il tarixdə bağlanmış ***-**-** №-li müqaviləyə əsasən həmin ev təbii qaz ilə təchiz olunur, Birlik tərəfindən həmin ünvanda qaz sayğacı qurşadılmış, ünvana **********00250 abonent kodu nömrəsi verilmiş və cavabdeh qeyd edilən müqavilə ilə Birlik qarşısında üzərinə öhdəlik götürmüşdür ki, ünvanında istifadə edilən təbii qazın dəyərini vaxtında Birliyin hesabına ödəyəcək. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadəyə görə yaranmış borcu Birliyə tam həcmdə ödəməmişdir. Bunun nəticəsində cavabdehin 01.05.2020-ci il tarixə 208,3 manat məbləğində borcu yaranmış və Birlik tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq ödənilməmiş qalmışdır. Bu səbəbdən də Birlik hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında etmişdir və onun Birliyə borcu olmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən görünür ki, cavabdehə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən 76 №-li ev təbii qaz ilə təchiz olunur. Bununla bağlı Birlik ilə cavabdeh arasında 19.05.2016-cı il tarixdə ***-**-** №-li müqavilə bağlanmış və Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılaraq ünvana **********00250 abonent kodu nömrəsi verilmişdir. Müqavilənin şərtlərindən görünür ki, cavabdeh, qeyd edilən müqavilə ilə Birlik qarşısında üzərinə öhdəlik götürmüşdür ki, ünvanında istifadə edilən təbii qazın dəyərini vaxtında Birliyin hesabına ödəyəcək. Birlik tərəfindən təqdim edilmiş hesablamalardan və başqa sənədlərdən görünür ki, 01.05.2020-ci il tarixə cavabdehin iddiaçı Birliyə 208,3 manat məbləğində borcu yaranmışdır. Birlik tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Birlik qeyd edilən məbləğin ödənilməsini cavabdehə təklif etmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə məlumat vermişdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Birlik tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı Birlik bildirir ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilə üzrə onun qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadəyə görə yaranmış borcu – 208,3 manatı ona ödəməmişdir. İddia tələbinə etiraz edən cavabdeh bildirir ki, o, təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında etmiş və onun iddiaçı Birliyə borcu yoxdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, Birliyə borcunun olmadığı bildirən cavabdeh bu halı təsdiq edə biləcək sübutları (məsələn: müvafiq ödəniş qəbzini (qəbzlərini)) təqdim etməlidir. Lakin cavabdeh tərəfindən məhkəmələrə sübutlar təqdim edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin dəlili əsassızıdır. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 208,3 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə Birliyin iddiası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 №-li qərarının 1.3.-cü bəndinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. “Qaydaların” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və “Qazdan istifadə qaydalarının” tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı Birlik tərəfindən verilən təbii qazdan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır. MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 11 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar