Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3499/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh “xxxx” SŞ-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” Sığorta Şirkətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2019cu il tarixli, 2(008)-7031/2019 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 3-cü şəxs qismində “xxxx” Sığorta Şirkəti cəlb edilməklə “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan “Hyundai Sonata” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh ona vurulmuş maddi ziyana görə 1.625 manat, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, vurulmuş mənəvi ziyana görə 10000 manat, ümumilikdə 16.055 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.03.2019 tarixində ona məxsus olan “Hyundai Sonata” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Heydər Əliyev prospekti ilə Sabunçu yol qovşağı tərəfdən hərəkət edib asma körpünün yanı ilə şəhər istiqamətində hərəkət edərkən, soldan sağa yerdəyişmə edən “Chevrolet Aveo” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil yol verməyib onun avtomobilini sol yan hissəsindən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Hadisə yerinə YPXA-nın YPX baş inspektoru polis baş leytenantı Natiq Şadıyev gələrək hadisənin baş vermə səbəblərini araşdırmış, hadisənin sxemini tərtib etmiş, hüquq və vəzifələrini izah etdikdən sonra sxemlə tanış olaraq imza etmişlər. Avtomobilinə dəymiş olan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı “Chevrolet Aveo” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ilə yaranmış fikir ayrılığını müzakirə etmişlər. Cavabdeh qeyd etmiş ki, avtomobil “xxxx” Sığorta şirkətində icbari sığortalanmış olduğundan dəymiş ziyan sığorta tərəfindən ödəniləcəkdir.“xxxx” Sığorta, şirkətinin mütəxəssislərinin araşdırmaları nəticəsində avtomobilinə vurulmuş ziyanın məbləği 640 manat müəyyən edilmişdir. Sığorta şirkəti müəyyən edilmiş məbləği götürməyini, yaxud avtomobilinin təmirini təşkil etməyə hazır olduqlarını bildirərək məktubu aldıqdan 2 iş günü ərzində avtomobilini servis mərkəzinə təqdim etməyini bildirmişlər.“xxxx” Sığorta şirkəti tərəfindən müəyyən edilmiş məbləğ real görünmədiyindən 19 saylı Avtoservisə yaxınlaşaraq avtomobilinə baxış keçirilərək vurulmuş ziyanın müəyyən olunmasını xahiş etmişdir. 19 saylı Avtoservisdə fəaliyyət göstərən dəmirçi Əlimanov Ceyhun, rəngsaz Məhərrəmov Pərviz, armatur ustası Əmirov Murad “Hyundai Sonata” markalı, **-XE-*** dövlət nişanlı avtomobilinə baxış keçirərək dəyişilməsi vacib olan ehtiyyat hissələrinin hər birinin dəyərini ayrı-ayrılıqda qeyd etməklə akt tərtib edərək rəsmiləşdirmişlər. Həmin akt nəticəsində dəymiş ziyanın dəyəri yekun olaraq 1625 manat (bir min altı yüz iyirmi beş manat) olaraq müəyyən edilmişdir. Avtomobilinə dəymiş maddi ziyanın ödənilməməsi barədə Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı şəkildə müraciət etmişdir. Hər iki orqan mübahisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Odur ki, hesab edir ki, ona məxsus olan “Hyundai Sonata” markalı, 90- XE-379 dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh müştərək olaraq ona vurulmuş maddi ziyana görə 1.625 (bir min altı yüz iyirmi beş manat) manat, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, vurulmuş mənəvi ziyana görə 10000 manat, ümumilikdə 16055 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” Sığorta Şirkətinin 3-cü şəxs qismində deyil, cavabdeh qismində işə cəlb edilməsi, cavabdehlər Cavabdeh və “xxxx” Sığorta Şirkətindən müştərək olaraq ona vurulmuş maddi ziyana görə 1.625 (bir min altı yüz iyirmi beş manat) manat, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, vurulmuş mənəvi ziyana görə 10000 manat, ümumilikdə 11.655 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(008)-7031/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və “xxxx” Sığorta Şirkətidən dəymiş zərərin əvəzi olaraq 1625 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və vurulmuş ziyanın yenidən müəyyən edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh “xxxx” Sığorta Şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Hyundai Sonata” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız sol qabaq qapısı əzilmişdir. Avtomobil təmiri mütəxəssisləri ilə söhbət zamanı mənə məlum olmuşdur ki, köhnə buraxılışlı «Hyundai Sonata» markalı avtomobilin sol qabaq qapısının istifadədə olmuş lakin saz vəziyyətdə qiyməti 300 manat civarındadır. Qapının rənglənməsi 100 manat, təmir xərci isə 60-70 manat təşkil edir. Əzilmiş qapını təmir edərək bərpa etmək də mümkündür. Yəni dəymiş maddi ziyan cəmi 470-500 manat təşkil edir. “xxxx” Sığorta Şirkəti isə iddiaçıya 640 marat ödəməyə hazırdır. Köhnə buraxılışlı «Hyundai Sonata» markalı avtomobilin sol qabaq qapısının əzilməsi nəticəsində 1625 manat maddi ziyan vurulması qeyri mümkündür. Hətta əzilmiş qapı yeni qapı ilə əvəz olunsa belə bu məbləğdə maddi ziyan vurulması mümkün deyildir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən həqiqətə nail olmaq üçün İddiaçıh oğluna məxsus «Hyundai Sonata» markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın real qiymətini müəyyən etməkən ötrü iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin ekspertlərinə həvalə edilməlidir. Cavabdeh “xxxx” Sığorta Şirkəti apellyasiya şikayətini onunla əsaslandırşdır ki, qeyd olunan işdə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı sığortaçı tərəfindən 13 mart 2019-cu il tarixində müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən Qanunun 17-ci maddəsində göstərilən sənədlər təqdim edilmədiyi üçün cavabdeh “xxxx” Sığorta Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilə bilməmişdir. Baxılan halda isə İddiaçı bu maddənin tələblərini pozaraq dəymiş zərəri özü birtərəfli qaydada müəyyən etmiş və zərər məbləğini daha çox göstərmişdir. Sabunçu Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(008)-7031/2019 saylı qətnaməsindən görünür ki, məhkəmə dəymiş zərəri obyektiv qiymətləndirilməsi məqsədilə məhkəmə ekspertizası təyin etməmiş, yalnız İddiaçı tərəfindən verilən qüsur aktına istinad edərək iddianı qismən təmin etmişdir. Qeyd edilənlərdən məlum olur ki, məhkəmə işi hərtərəfli, obyektiv araşdırmadan qərar qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” SŞ-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında İXP ******* saylı, 07.03.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 07.03.2019 tarixində Cavabdeh məxsus olan “Hyundai Sonata” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Heydər Əliyev prospekti ilə Sabunçu yol qovşağı tərəfdən hərəkət edib asma körpünün yanı ilə şəhər istiqamətində hərəkət edərkən, soldan sağa yerdəyişmə edən “Chevrolet Aveo” minik markalı, 99-NR- 986 dövlət qeydiyyat nişanlı avtomobil yol verməyib onun avtomobilini sol yan hissəsindən vurmuşdur. O, AR İXM-nin 327.1-ci və 332.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətmişdir. “Hyundai Sonata” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə 1625 manat dəyərində ziyan dəymişdir. “xxxx” Sığorta şirkəti tərəfindən İddiaçı ünvanlamış 15 mart 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Sahibinin mülki məsuliyyəti “xxxx” Sığorta şirkətində icbari sığortalanmış “Chevrolet Aveo” minik” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil 07.03.2019-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi zərər vurmuşdur. “xxxx” Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin sığorta şirkətində icbari sığortalanmış avtomobilin 07 mart 2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyiniz “Hyundai Sonata” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Sığorta şirkəti tərəfindən avtomobilə dəymiş maddi zərər 640 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına zərər vuran yüksək təhlükə mənbəyinin – “Chevrolet Aveo” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması və həmin avtomobil “xxxx” Sığorta Şirkəti ASC-də icbari qaydada sığortalanması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş ziyanın miqdarı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktına uyğun olaraq 1625 manat müəyyən edilmişdir. Buna baxmayaraq, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Kollegiyaya təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2298 saylı 16.05.2021-ci il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan 19 saylı avtoservis tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla “Hyundai Sonata” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1375 manat təşkil edir. Qeyd olunan ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəmə kollegiyasına hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Hyundai Sonata” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləği 1375 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat İddiaçı və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh və “xxxx” Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(008)- 7031/2019 nömrəli qətnaməsi dəyişdirilməli, cavabdehlər Cavabdeh və “xxxx” Sığorta Şirkəti ASCdən 1375 manat tutularaq, İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat İddiaçı və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, iddia tələbinin təmin edilmiş hissəsi cavabdehlərə münasibətdə 2000 manat məbləği keçmədiyindən, cavabdehlər qətnamədən kassasiya şikayəti verə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh və “xxxx” Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(008)-7031/2019 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh və “xxxx” Sığorta Şirkəti ASC-dən müştərək qaydada 1375 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq, İddiaçı xeyrinə ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin.. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3499/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3499/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver