Məhkəmə qərarları › İş №2(103)-3499/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3499/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3499/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 238/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Borc verən İddiaçı (bundan sonra iddiaçı) ilə borc alan Cavabdeh2 (bundan sonra cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən “Borc verən” “Borc alan”a 60.000 manat məbləğində pulu borc vermiş, “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdirlər. Üzərində xx.xx.2020-ci il tarixi, məzmununda isə 139.000 + 700 = 139.700 götərilən qəbz Səbuhi və Yaşar tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərərək, müqavilə üzrə yaranmış borc məbləğinin bügünədək ödənilmədiyini və bununla da öhdəliklərin pozulduğunu, xx.xx.2022-ci il tarixli aktda göstərilən 139.700 manat məbləğindən hər hansı ödənişin edilmədiyini bildirmiş və 7 iş günü ərzində məktuba cavab verilməsi və öhdəliklərin icra olunması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 139.700 manat pulun, dövlət rüsumu kimi ödədiyi 430 manat pulun, ümumilikdə 140.130 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər müxtəlif vaxtlarda hissəhissə ona ümumilikdə 139.700 manat borclanmışlar. Belə ki, ilk olaraq cavabdehlər ondan bizneslərinin inkişafı üçün borc istəmişlər. xx.xx.2017-ci il tarixdə Cavabdeh2 ilə aralarında bağlanmış kredit müqaviləsi ilə o, faktiki olaraq cavabdehlərə 60.000 manat borc vermişdir. Bundan sonra cavabdehlər ondan əlavə olaraq 3 il müddətində 79.700 manat daha əlavə borclanmışlar. Ümumi borcu təsdiq etmək üçün aralarında xx.xx.2020-ci il tarixdə yazılı sənəd tərtib edilərək imzalanmışdır.

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdirlər ki, idiaçı onlara 60.000 manat məbləğində pulu 5 il müddətində qaytarmaq şərti ilə borc vermişdir. Həmçinin iddiaçı tərəfindən işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli əlyazmasına əsasən yalnız borcun 139.700 manat olduğu qeyd olunmuşdur ki, bu da iş üzrə sübut qismində qəbul edilə bilməz. Həmin məbləğin nə olduğu, kimin kimə borclu olduğu, haradan əmələ gəldiyi qeyd olunmamışdır. Odur ki, həmin əl yazısı onlardan 139.700 manat pulun tutulmasına kifayət etmir. Belə ki, əlavə olunmuş digər xx.xx.2019-cu il tarixli əlyazmasına əsasən iddiaçının 60.000 manat əsas borcdan əlavə 40.800 manat faiz borcunun hesabladığı aydın görünür. Həmin qəbzə iddiaçı şəxsən imza etmişdir. Həmin qəbzə əsasən cavabdehlərin xx.xx.2020-ci il tarixdə borcunun 124.250 manat təşkil etdiyi qeyd olunmuşdur. Bu onu göstərir ki, iddiaçının təqdim etdiyi əvvəl tərtib edilmiş əlyazısının heç bir hüquqi əhəmiyyəti yoxdur. Cavabdehin təqdim etdiyi əlyazması iddiaçının təqdim etdiyi əlyazmasından daha sonra imzalanmışdır. Bu daha cavabdehin təqdim etdiyi sübutun üstün qüvvəyə malik olduğunu göstərir. İkincisi, əgər xx.xx.2020-ci il tarixdə onların borcu 124.250 manat təşkil edirdisə (hesablanmış faizlərlə birlikdə) və iddiaçının bildirdiyinə görə son üç ildə əlavə 79.700 manat da götürmüşdürlərsə, onda borc məbləği 213.950 manat təşkil etməli idi ki, bu da absurd olmaqla yanaşı iddiaçının gətirdiyi dəlillərlə ziddiyyət təşkil edir. İddiaçı onlara 60.000 manatdan əlavə bir qəpik də verməmiş, yalnız qanunsuz olaraq, faiz hesablamışdır. Bundan başqa, iddiaçı 2020-2021ci illərdə onlar barəsində Baş Mütəşşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayətlə müraciət etmiş və idarədə bununla bağlı ətraflı araşdırma aparılmışdır. Tərəflərin izahatları alındıqdan sonra iddiaçının onlara qanunsuz faiz hesablaması və məbləği qəsdən şişirdildiyi müəyyən olunmuş, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Onlar iddiaçıya 40.000 manat pul ödəmiş, lakin iddiaçı həmin pulu da faizə silmişdir. Bu əlavə olunmuş səs yazısından da aydın görünür. Həmin səs yazısında iddiaçı onların götürdüyü 60.000 manat pulun əvəzinə 40.000 manat qaytarmışam deyərkən kim versəydi sənə faizlə vercəkdi deyə bildirir. Beləliklə, iddiaçı onlara 60.000 manat pul verdiyini və həmin pulun 40.000 manatını qaytarıldığını təsdiq etmişdir (səs yazısı əlavə olunur). Göründüyü kimi, iddiaçı cəmi 60.000 manat pul verdiyinə baxmayaraq, həmin məbləğin üzərinə qanunsuz və əsassız olaraq, faiz hesablayaraq, 140.000 manat etməklə şişirtmişdir. Odur ki, onlar iddia tələbini qismən qəbul edirlər. Hazırda onların iddiaçıya real borcu 20.000 manat təşkil edir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 238/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 60.000 manat pul vəsaitinin və 185 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 430 manat dövlət rüsumunun 245 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim X6)

6. Məhkəmə iddia tələbinin təmin edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli borc müqaviləsi əsasında Cavabdeh2 İddiaçı 60.000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur. İddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla iddiaçının tələb hüququ yaranmışdır. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin xx.xx.2017-ci il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və etiraz ərizəsində borcun 40.000 manat hissəsini ödədiyini, bildirsə də, borcdan ödəniş etdiyinə dair mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi borc məbləğinin “60.000 manat” hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 60.000 manat pul məbləği tutulmalıdır.

7. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mübahisədə cavabdehlərin ona 79.700 manat həcmində əlavə borclandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini ziddiyyətli və mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin ona 3 il ərzində 79.700 manat borclandıqlarını (iddia ərizəsində), daha sonra məhkəmə iclasında sualı cavablandırarkən həmin borcun 7 il ərzində qeyri-yaşayış sahəsinin icarə haqqlarından yarandığını, digər tərəfdən də polis orqanında iddiaçının verdiyi şikayətdə isə 80.000 manat pulu nağd şəkildə Cavabdeh1 verdiyini qeyd etməklə, həmin ziddiyyətli halların aydınlaşdırılmasına dair mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, qeyd olunan borcun nədən ibarət olmasını, (borcun yaranma mənbəyini, yaranma tarixlərini, habelə uzun müddət icarə haqları ödənilmədiyi halda, hansı səbəbdən icarə haqqının ödənilməsini ayrıca mübahisələndirmədiyini, icarə haqqı kimi tələb etdiyi pulun hansı səbəbdən nağd pul vəsaiti verməsi kimi göstərdiyini və s.ni) izahatlardakı ziddiyyətləri aradan qaldıracaq dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız əlyazma və ziddiyyətli izahatları mövcuddur ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bununla belə cavabdehlər təqdim olunmuş əlyazmadakı məbləğlərin faiz borcundan yarandağını qeyd etmişlər. Yuxarıda qeyd olunanlar birbaşa sübutlarla təsdiq olunmasa da, işin gedişatı, borcun yaranmasının ziddiyyətli ifadələrlə izah edilməsi, iddiaçının təqdim etdiyi whatsapp sosial şəbəkəsi üzərindən aparılmış yazışmaların ekran görüntüsündəki əlyazmanın bir qismində borc məbləğinin üzərində “faiz”, bir qisminin “arenda” ifadəsinin yazılması, icarə haqqı borcu kimi qeyd olunan vəsaitin əvvəl 3 il, daha sonra 7 il ərzində yarandığının bildirilməsi, bundan başqa aylıq 700 manat icarə haqqının 3 illik və 7 illik ümumi məbləği (3x12x700=25.200; 7x12x700=58.800), o cümlədən yuxarıda sadalanan digər xüsusatlar həmin əlyazmadakı məbləğdə borcun cavabdehlərə verilmədiyini sübut edən dəlillər olmaqla diqqətçəkən məqamlardır. Yuxarıda sadalananlara əsasən məhkəmə iddiaçının borcun mövcudluğunu təsdiq edən və məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli əlyazmanı (qəbz) aradan qaldırılmayan ziddiyyətlərin kontekstində sübut kimi qəbul etmir və bu halın cavabdehlərin ziyanına şərh olunmasını qanunvericiliyin məqsədlərinə uyğun hesab etmir. Çünki həmin qəbzdəki məlumatlar birbaşa pulun verilməsini və həmin pulun cavabdehlər tərəfindən qəbul edilməsini təsdiq edən məlumatları özündə əks etdirməməklə mötəbər yazılı sübut növü kimi qiymətləndirilə bilməz. Sözügedən qəbz cavabdeh tərəfindən və öhdəlik münasibətlərinin yaranması üçün tərtib olunsa da, iddiaçı tərəfindən həmin məbləğdə vəsaitin verilməməsi səbəbindən öhdəliyin sonuncu tərəfindən yerinə yetirilmədiyi müəyyən edilir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 79.700 manat məbləğində borcun tərəflər arasındakı icarə münasibətlərindən yaranmasını bildirsə də, məhkəmə araşdırması zamanı icarə müqaviləsinə və ya icarə haqqına dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır.

8. İddia tələbinin qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, ödənilmiş 430 manat dövlət rüsumunun 185 manat hissəsi Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, 245 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci, 331.1-ci, 334.1-ci, 385.1-ci, 390.1-ci, 448.1-ci, 739-cu, 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 78-ci, 80-cı, 81-ci, 88-ci, 217.4cü, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və 20.000 manat pul məbləğinin ondan iddiçının xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini işin faktiki hallarına istinad etməklə iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı faiz öhdəliyi olmadığı halda onun ödədiyi pulları faizə çıxmaqla əsassız varlanmaya yol vermişdir. Məhkəmə də öz növbəsində buna düzgün qiymət verməməklə maddi və prosessual hüquq normalarının tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, hüquq normalarını düzgün tətbiq etməmiş, iddia müddətləri ötürüldüyü halda buna məhəl qoymayaraq, işi sadəcə iddiaçının xeyrinə həll etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə iddiaçıya ödənilmiş 40.000 manat pulu nəzərə almaqla cəmi 20.000 manat pul tutmalı olduğu halda ondan 60.000 manat pulun tutulması barədə qətnamə çıxarmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2021-2022-ci illərdə 43.000 manat pula evi satmış və həmin pulun 40.000 manat hissəsi hesabına 60.000 manat borcun 40.000 manat hissəsini ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 Sucəddin oğlu məhkəmə verdiyi izahatında bildirmişdir ki, borcu faktiki olaraq o götürsə də, müqavilə atası ilə bağlanmışdır. Onların ödədiyi pullar borca yox, faizə çıxılmışdır.

15. Məhkəmə iclasında İddiaçı Əziz oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir; 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir; 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki apellyasiya şikayətində iddianın təmin edilən hissəsində qismən ləğv edilərək, həmin hissədə də iddianın qismən təmin edilməsi və iddiaçının xeyrinə yalnız 20.000 manat pulun tutulması xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə, o cümlədən Cavabdeh2 münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən Cavabdeh2 faiz hesablanmamaq şərti ilə 60 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və onu tam məbləğdə xx.xx.2022-ci il tarixədək qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə pretenziya (məktuba) göndərilərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun 7 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

23. Hazırda da iddiaçı istinad olunan kredit müqaviləsinə əsasən bu məbləğin, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək bildirir ki, həmin borcun 40.000 manat hissəsi ödənilmiş, lakin iddiaçı həmin məbləğləri faizə silmişdir. Hazırda həmin müqavilə üzrə iddiaçıya cəmi 20.000 manat məbləğində borc qalmışdır. Bununla belə, kredit müqaviləsinin mövcudluğu ilə yanaşı cavabdeh özü də bu məbləğdə kreditin qəbul etdiyini, lakin onun 40.000 manat hissəsinin qaytarıldığını qeyd edir. Belə olan halda, həmin məbləğin 40.000 manat hissəsinin qaytarılmasını sübut etmək yükü artıq cavabdehin üzərinə düşür.

24. Lakin cavabdeh bu mövqedən çıxış etsə də, nəinki öz mövqeyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilmir, hətta ziddiyyətli ifadələr verir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində evin satışından əldə edilmiş vəsaitin 30.000 manat hissəsini, apellyasiya instansiya məhkəməsindəki icraat zamanı isə 40.000 manat hissəsini borc əvəzi verdiyini bildirir. Bu ziddiyyətli izahatları birləşdirən bir məqam da ondan ibarətdir ki, hər iki halda pulun birdəfəyə ödənildiyi göstərilir. Halbuki, cavabdehin istinad etdiyi və gizli qaydada aparılmış videoçəkilişdə cavabdehin oğlu (digər cavabdeh) tərəfindən iddiaçıya faiz borcu əvəzi olaraq hissə-hissə ümumilikdə 40.000 manat pulun ödənildiyi söylənilir. Bununla da cavabdeh həm ödənişin məbləği, həm də qaydası ilə bağlı ziddiyyətli mövqedən çıxış edir. Cavabdeh evini 2021-2022-ci illərdə satılmasını bildirməklə, ümumiyyətlə bu hadisənin dəqiq tarixini göstərə bilmir. Həmçinin, həm birinci, həm də apellyasiya instansiya məhkəməsinə ona məxsus olan mənzilin alqı-satqısına dair hər hansı müqavilə təqdim etmir. Halbuki, belə bir hal həqiqətdə baş vermişdirsə, cavabdeh ödənilmiş məbləği dəqiq göstərməli və alqı-satqı müqaviləsini sübut kimi təqdim etməli idi. Videoçəkilişin gizli aparılması, o cümlədən iddiaçının bu barədə məlumatlandırılmaması ümumiyyətlə həmin görüntülərin mötəbərliyini istisna edir.

25. Digər tərəfdən borc məbləği hər hansı dərəcə ilə faiz ödəmək şərti ilə verilməmişdir. Həmçinin, tərəflər arasında borc münasibətlərindən başqa digər münasibətlər də mövcud olmuşdur. Bu baxımdan öz təsdiqini tapdığı halda belə (halbuki tapmır), 40.000 manat məbləğinin məhz həmin kredit müqaviləsi üzrə yaranmış borcun bir hissəsinin əvəzi olaraq ödənilməsi halının özü sübuta yetirilməlidir.

26. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, tərəflər arasında yazılı qaydada tərtib edilmiş və notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmışdır. Bu baxımdan tərəflər arasında yaranmış borc münasibətlərinin forma etibarı ilə konkret rəsmiləşdirilməsi təcrübə formalaşmışdır. Belə olan halda, bu təcrübənin davamı olaraq borcun qaytarılması istiqamətində aparılmış ödənişlər də eyni qaydada rəsmiləşdirilməli və bununla bağlı da qeydlər aparılmalı idi. Başqa sözlə, yazılı borc müqaviləsinin bağlandığı bir halda, həmin borcdan aparılmış ödənişlərin rəsmiləşdirilməməsi ağlabatan deyil. Hər bir halda pulun ödənilməsini təsdiq edən arayış, qəbz və ya akt tərtib olunmalı və ödənilən məbləğin mübahisəli müqavilə üzrə yaranmış borcdan qaynaqlandığı öz təsdiqini tapmalı idi. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə iddia üzrə tələb edilən məbləğdə borcu tam həcmdə tutmaqda haqlı olmuşdur. Bu məbləğin hər hansı hissəsinin ödənilməsini təsdiq edən hər hansı sübut mövcud deyil.

27. Bununla belə, məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alıb, qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan 60.000 manat məbləğində borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 238/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar